İyulun 30-da Meydan TV-nin baş redaktoru Emin Millinin bir qrup qohumu ondan imtina etdikləri barədə bəyanat yaydı. 23 nəfərin imzaladığı bəyanatda Emin Milli anti-Azərbaycan siyasətini dəstəkləməkdə günahlandırılır və onu Azərbaycana xəyanət etdiyinə görə qohumluqdan çıxardıqları bildirilir: “Barəsində söhbət açdığımız şəxs unudur ki, Azərbaycanda demokratiyanın hüdudları genişdir. O, xalqımızın milli mentalitetinə, dövrün tələbinə uyğun olaraq sürətlə inkişaf edir. Qanunu, başqasının haqqını pozanları dövlət cəzalandırır. Abdullayev Emin Paşa oğlu ( Emin Milli ) isə gücün, qanunun, dövlətin tərəfində olmasını şübhə altına almaq istəyir. Törətdiyi çirkin əməlləri ilə cəmiyyətə ayrı-seçkilik salmaq istəyən bu şəxs düzgün fikir altında müstəqil Azərbaycan torpağında – azad bir məmləkətdə nəinki sakit yaşamaq istəyir. Görünür ki, xarici ölkələrdə ailəsiz, qohumsuz, dinsiz, dilsiz, mentalitetsiz yaşamağı daha üstün tutur”.
Meydan TV bəyanata imza atanlardan biri – Emin Millinin əmisi oğlu Ağabəy Abdullayevlə əlaqə saxlayıb.
Ağabəy Abdullayev deyib ki, prezidentə ünvanlanan bəyanatı özləri hazırlayıblar və onlara qarşı heç bir məcburiyyət olmayıb: “İmza atan bütün qohum-əqraba öz istəklərilə müraciəti imzalayıb”.
“Hansı səbəblər sizə belə bir müraciəti yazmağa vadar etdi” sualına Ağabəy Abdullayevin cavabı belə olub: “Onun dövlət, prezident əleyhinə olan əsassız çıxışları bizi bu barədə düşünməyə sövq edib. Ailəmiz dövlət idarələrində işləyir. Biz dövlətimizdən də, prezidentimizdən də razıyıq. Prezidentimizi dəstəklədiyimizdən onun çıxışları bizim xoşumuza gəlmir. O, mütəmadi çıxışlar etdiyindən qohum-əqraba toplaşıb belə bir bəyanat verməli oldu”.
“Başqa bir qohumunuz da oxşar mövqe nümayiş etdirsə, eyni bəyanatı səsləndirəcəksinizmi” sualına A.Abdullayev “başqa qohumumu yoxdur, olan o idi, ona da cavab verildi”- cavabını verib.
Meydan TV səs yazışmasını sizə təqdim edir:
(embedded content removed)