“Ağ şəhər” in qaragünlü sakinləri (VİDEO)

“İki il olar bu evdə yaşayırıq. Restoranda qapıçı işləyirəm. Toya gələn bir nəfər vəziyyətimi bildi, həyatını danışdım, dedi, belə bir evim var, get yaşa. Amma yaşanılacaq yer deyil”.

Bu sözləri Ağdam rayon sakini olan Malik Fətullayev deyir.

Üç övladı ilə hazırda Bakının Nizami rayonunda, Ərzurum küçəsində müvəqqəti məskunlaşan Malik Fətullayev yaşadığı vəziyyətin acınacaqlı olduğunu bildirir: “Ortancıl qızım Zeynəb bu il məktəbə getməli idi. Ancaq imkansızlıqdan məktəbə qoya bilmədim”.

Malikin həyat yoldaşı Brilliant deyir ki, uşaqların gündəlik tələbatını ödəyə bilmirlər: “Nəsə istəyəndə ala bilmirəm. Deyir: “Ana, ayaqqabı istəyirəm”, camaatın uşaqları geyinir, mən ala bilmirəm. Vallah, fikir çəkməkdən ölürəm. 20 qəpiyin dərdindən uşağı məktəbə cırıq ayaqqabı ilə piyada-aparıb gətirirəm”.

Malik Fətullayev deyir ki, uşaqları ac qalmasın deyə qapıçılıq etdiyi restoranda stolun üstündə qalan yeməkləri yığıb gətirir: “Özüm Qarabağda vuruşmuşam. Minaya düşmüşəm. İkinci qrup əlillik dərəcəsi almalıyam. Bu barədə hərbi biletimdə də yazılıb, yatdığım hospitaldan kağızlar da var. Amma ikinci qrup Qarabağ əlili dərəcəsi almaq üçün çox xərcim çıxacaqdı deyə üstünə düşmədim. Televiziyanı açanda əlində bayraq tutmuş əsgər göstərirlər ey, həmin əsgər mənəm. Amma bu gün bu vəziyyətdə yaşayıram”.

Malik Fətullayev bu il yanvarın 27-də sosial yardım almaq üçün müvafiq qurumlara müraciət edib: “500-600 manat borc alıb getdim Ağdama, ordan sənədləri toplayıb gətirdim. Dedik, şükür Allaha, sənədləri də düzəltdik, indi 5-10 manat alacağıq. Onsuz da bu gün-sabah buranı sökəcəklər. O pulu da verib bir ev tutarıq, bu uşaqlar da bir normal yerdə yaşayarlar. Mən bunlardan ev istəmirəm, pul istəmirəm, heç nə istəmirəm. Faktiki, mənə sosial yardım düşür, mən öz haqqımı istəyirəm. Gəlib evə baxdılar, mənə sənəd verdilər, mən də həmin sənədi aparıb poçtdan ödənişlə göndərdim nazirliyə. Poçtdan da dedilər ki, 3 gün ərzində olacaq orda. Bu günə qədər problemim həll olunmayıb. Aprelin 2-də getdim Nizami rayon şöbəsinə. Dedim, mənə bir səbəb deyin ki, niyə sosial yardım vermirsiz? Bu cür şəraitdə zülmlə yaşayırıq, mənə deyirlər, sizə sosial yardım düşmür. Daha bizə də düşmürsə, kimə düşür?”

Ana səhifəVideo“Ağ şəhər” in qaragünlü sakinləri (VİDEO)