Tural Abbaslı yenə qeydiyyat üçün müraciət edəcəklərini deyir
Ədliyyə Nazirliyi AĞ Partiyanın iyulun 4-də təqdim etdiyi üzvlüklə bağlı müraciətinə dünən cavab verib.
“Siyasi partiyalar haqqında” yeni qanuna əsasən AĞ Partiya Ədliyyə Nazirliyinə 10001 nəfər barədə məlumat təqdim etmişdi.
Bu barədə Meydan TV-yə danışan partiyanın sədri Tural Abbaslının sözlərinə görə, nazirliyin yoxlanışının ilkin nəticələrində 4435 nəfər üzvün qeydə alındığı göstərilib:
“Beləliklə, mənfi cavab almışıq”.
Onun sözlərinə görə, 3414 nəfər reysterdə görünmədiyi üçün bu şəxslər barəsində məlumatlar (adı, soyadı, ata adı) dəqiqləşdiriləcək:
“Eyni zamanda, dəqiqləşdirilməsinə ehtiyac olduğu daha 1424 nəfərin partiya üzvü olmadığı, 430 nəfərin məlumatlarının təkrarlandığı və sairə məqamlar da var”.
Tural Abbaslı deyir ki, texniki səhvlər partiya üzvlərinin adlarında, yaxud ata adlarında olub:
“Məsələn, İdarə Heyətinin 2 üzvü var ki, onların adları və ata adlarında səhvə yol vermişik. Yəni bu cür səhvlər indiki mənzərəni yaradıb. Ancaq İşçi Qrupu işləyir, əminəm ki, çatışmazlıqlar tezliklə aradan qaldırılacaq və nazirliyə növbəti dəfə müraciət ediləcək”.
Rəsmi olaraq 2020-ci ilin mayında Ağ Partiyası adı ilə qeydiyyata alınan partiya 1993-cü ildə əsası qoyulan Vahid Azərbaycan Partiyasının 2016-cı ildə adının dəyişdirilməsi ilə yaradılıb.
Vahid Azərbaycan Partiyası 1993-cü ildə Kərrar Əbilov tərəfindən təsis olunub. K.Əbilov 1993-cü il prezident seçkilərində iştirak edib.
Kərrar Əbilov 2016-cı ilin yanvarında vəfat edib.
Ağ Partiyasının doktorinası “Milli nizam” ideologiyasıdır. Ağ Partiyası “yeni osmançılıq” siyasətinin türk-islam coğrafiyasında təbliğinin, yayılmasının və inkişafının tərəfdarıdır. Osmanlı-Səfəvi reallığının birləşdirilməsi ilə “milli barışığa” nail olmaq Ağ Partiyanın məqsədlərindəndir.
İndiyə qədər 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. İyulun 17-də REAL Partiyasına imtina cavabı gəlib, 2 gün sonra Müsavat və Xalq Cəbhəsi partiyaları da eyni cavabı alıblar. Hər 3 partiya 30 gün müddətində növbəti dəfə siyahılarını Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.
Bu günə qədər yalnız hakim Yeni Azərbaycan Partiyası müsbət cavab alıb.
Son bir neçə ayda Azərbaycanda 30-dan çox partiya özünü buraxıb. Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.
Meydan TV-yə daxil olan məlumata görə, partiyaların çoxu özündən xəbərsiz, Prezident Administrasiyası tərəfindən buraxılır və həmin partiyaların rəhbərləri bu haqda hökumətə yaxın media orqanlarında çıxan xəbərlərdən öyrənirlər.
2022-ci ilin dekabrında Milli Məclisin “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.
Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.
Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.
2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.