”Afrin əməliyyatı hücum yox, müdafiədir”

Şahin Cəfərli: “Rusiya və İranın Suriyaya gələrək Əsədi xilas etməsindən sonra Türkiyənin öncəlikləri də məcburən dəyişdi”

Source:
Afrin
Afrin


Şahin Cəfərli: “Rusiya və İranın Suriyaya gələrək Əsədi xilas etməsindən sonra Türkiyənin öncəlikləri də məcburən dəyişdi”

Yanvarın 20-də Türkiyə Müdafiə Nazirliyi bəyanat yayaraq, Türkiyə ordusunun kürd silahlı birləşmələrinin nəzarət etdiyi Suriyanın Afrin şəhərində hərbi əməliyyatlara başladığını bildirdi.

Zeytun ağacları ilə məşhur olan Afrin Suriyada ən böyük zeytun yağı tədarükçüsü kimi tanınır. Buna görə də əməliyyat “Zeytun budağı” adlandırılıb.

Afrinə Suriya kürdlərinin “Demokratik birlik” partiyasının silahlı birləşmələri nəzarət (PYD) edir. Türkiyə PYD-ni terror təşkilatı olan Kürd Fəhlə Partiyası (PKK) ilə əməkdaşlıqda ittiham edir. Hər iki partiya Ankara tərəfindən terror təşkilatı kimi tanınır. Hərbi əməliyyatlarda Suriya kürdləri tərəfindən YPG kimi tanınan “Milli müdafiə dəstələri” və “Suriya demokratik qüvvələrinin” (SDF) müttəfiq qüvvələri iştirak edir.

Hərbi əməliyyatların anonsunu yanvarın 13-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verib. O, Türkiyə ordusunun Afrinlə bərabər Manbic şəhərinə daxil olacağını da bildirib. Ərdoğanın bu açıqlaması Suriyada hərbi əməliyyatlarda iştirak edən müttəfiq qüvvələrinin sözçüsü polkovnik Tomas Vilin Suriya sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsinə dair bəyanatı ilə eyni vaxtda verilib. PYD-ni terror təşkilatı kimi tanımayan ABŞ Suriyanın Türkiyə ilə sərhədlərini kürd silahlı birləşmələrinə etibar edib. Rəsmi Ankara isə dəfələrlə bəyan edib ki, kürdlərin Türkiyə sərhədlərinə yaxın ərazilərə nəzarət etməsi Türkiyənin maraqlarına ziddir.

“Zeytun budağı” əməliyyatına Suriya müharibəsində iştirak edən ölkələr də münasibət bildirib.

İran Xarici İşlər Nazirliyi (XİN) bəyanatında deyilir ki, İran Suriyanın cənubundakı Afrində baş verənləri diqqətlə izləyir və Türkiyə ilə Suriya sərhədində böhranın dərinləşməsini istəmir.

“İran Suriyanın qonşu dövlətlərlə yaranan problemlərinin danışıqlar yolu ilə həll edilməsinə tərəfdardır. Həmçinin İran Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşılmasını istəyir və problemin Astana danışıqları çərçivəsində aradan qaldırılmasına çalışır. İran Suriya münaqişəsinə kənar müdaxilələrin əleyhinədir. Bu müdaxilələr radikal terror qruplaşmalarının yenidən fəallaşmasına səbəb ola bilər”, – deyə, bəyanatda bildirilir.

Hərbi əməliyyatlara münasibət bildirən Rusiya XİN-in rəhbəri Serqey Lavrov ABŞ-ı bölgədə qarşıdurma yaratmaqda ittiham edib:

“Amerikanın Suriyadakı davranışları Türkiyəni özündən çıxardı. Vaşinqtonun PYD-ni ölçüsüz silahlandırması hərbi əməliyyatın başlamasına gətirib çıxardı. Bir çox mütəxəssis bizə deyir: “Niyə narahat olursunuz? Əksinə, imkan verin, ABŞ nə qədər təxribatçı dövlət olduğunu bütün dünyaya sübut etsin”, — Lavrov bildirib.

İngiltərə xarici işlər naziri Boris Conson “Twitter” hesabında Türkiyənin Arfinə müdaxiləsini dəstəkləyib. XİN başçısı Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etmək haqqı olduğunu yazıb.

“Türkiyə hava əməliyyatları ilə bağlı ABŞ-ı əvvəldən xəbərdar etmişdi. Türkiyə NATO-da ABŞ-ın müttəfiqidir. Bu ölkənin təhlükəsizliyi ilə bağlı narahatlığı legitimdir. Türkiyənin mövqeyi aşkar idi. İndi biz gələcək birgə fəaliyyətimizə hazırlaşırıq. Bununla məşğul olacağıq”, – deyə, ABŞ-ın müdafiə naziri Ceyms Mattis Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi hərbi əməliyyatlara münasibət bildirərkən deyib.

Şahin Cəfərli
Şahin Cəfərli

Politoloq Şahin Cəfərli yazır ki, Türkiyənin Suriya macərasına atılmaqda təməl hədəfi rejimi dəyişdirmək və Şamda özünə yaxın, “İhvan” xəttinin təmsilçilərinin ağırlıqda olacağı bir siyasi konfiqurasiya qurulmasına nail olmaq idi:

“Bölgə liderliyinə hesablanmış bu ambisiyalı hədəf müxtəlif səbəblərdən (ABŞ-ın siyasətinin dəyişməsi başda olmaqla) baş tutmadıqdan, Rusiya və İranın Suriyaya gələrək Əsədi xilas etməsindən sonra Türkiyənin öncəlikləri də məcburən dəyişdi. Artıq məqsəd orada Türkiyənin mili təhlükəsizliyinə və regional maraqlarına qarşı yönəlmiş amillərin qarşısını almaqdan ibarət idi. Yəni hücum mövqeyindən müdafiə mövqeyinə dönüş baş verdi. Afrin əməliyyatı da mahiyyət etibarilə hücum yox, müdafiədir”.

Siyasi şərhçi qeyd edir ki, ABŞ-ın himayəsindəki PYD-YPG-nin timsalında kürdlər Türkiyə sərhədləri boyunca uzanan, “Demokratik Muxtar İdarəçilik” elan etdikləri 3 kantonu (şərqdə Cəzirə, mərkəzdə Kobani, qərbdə Afrin) birləşdirməyi və mümkün olarsa, Aralıq dənizinə çıxmağı strateji hədəf kimi qoymuş və bunu gerçəkləşdirməyə yaxınlaşmışdı:

“Ərəblərin çoxluqda olduğu Menbiç nəzarətə götürülərək digər 2 kantondan ayrı düşmüş Afrin anklavına yol açılmışdı. Türkiyə əvvəlcə “Fərat qalxanı” əməliyyatı ilə Azez-Cerablus-Əl Bab istiqamətində nəzarətini təmin edərək Menbiç-Afrin xəttini kəsdi, lakin təhlükə aradan qalxmadı, çünki Əsəd Hələbi geri aldıqdan sonra Hələb-Afrin yolu açıldı və kürdlər Menbiçdən cənuba enərək bu yol vasitəsilə qərbdəki Afrinə yenidən çıxış əldə etdilər. “Zeytun budağı” əməliyyatında məqsəd Hələb-Afrin yolunu da nəzarətə götürmək və ümumilikdə Afrində YPG-ni zərərsizləşdirərək kantonların birləşməsi ehtimalını ortadan qaldırmaqdır. Amma təhlükəni tamamilə sovuşdurmaq üçün YPG-nin yaxınlıqdakı Menbiçdən də çıxarılması lazımdır və Ərdoğan məhz bu səbəblə Afrindən sonra hədəfin Menbiç olacağını söyləyir.

Afrində hərbi mövcudiyyəti olan Rusiyanın, eləcə də həmin ərazidə əsgəri olmayan ABŞ-ın əməliyyata etiraz etməməsinə və göz yummasına nail olunmasını Ankaranın diplomatik uğuru kimi qiymətləndirmək mümkündür”.

“ABŞ-la bərabər Rusiya da PYD-YPG ilə çox yaxın əlaqələrə malikdir, hətta Moskvada bu qruplaşmanın (yəni dolayısı ilə PKK terror təşkilatının) rəsmi nümayəndəliyi var. Lakin PYD-YPG-nin Rakka əməliyyatından üzü bəri ABŞ-la müttəfiqliyi dərinləşdirməsi və Suriyada ABŞ təsirinin genişlənməsində əsas alətə çevrilməsi, eləcə də, son olaraq ABŞ-ın kürdlərdən ibarət “Sərhəd təhlükəsizlik qüvvələri” yaradacağı barədə xəbərlər Rusiyanı narazı saldı. Moskvanın kürdlərdən Afrini Suriya mərkəzi hökumətinə təhvil vermələrini istədiyi, bu halda onları qoruyacaqlarını vəd etdiyi, lakin kürdlərin bundan imtina etdiyi barədə məlumatlar var. Bütün bunlar rusları qıcıqlandıran və onları Türkiyə ilə anlaşmağa sövq edən amillər idi”, – Şahin Cəfərli yazır.

Onun sözlərinə görə, Moskvadan fərqli olaraq, Tehran əməliyyata neqativ reaksiya verib:

“İran təbii ki, Suriyanın bölünməsini və orada kürd dövlətinin meydana çıxmasını istəmir, lakin eyni zamanda, iranlılar regional rəqib olan Türkiyənin Suriyada öz nüfuz sahəsini yaratmasının, ümumiyyətlə, masada Ankaranın əlini gücləndirəcək hər cür gəlişmənin əleyhinədir”.

Onun fikrincə, ABŞ Türkiyə ilə böhran vəziyyətində olan münasibətlərində qırılma yaşanmaması üçün Afrin əməliyyatına etiraz etməyib:

“Pentaqon rəhbəri və NATO tərəfindən Türkiyənin özünümüdafiə haqqına hörmət ifadə edilməsini əməliyyata ehtiyatlı dəstək kimi də qəbul etmək olar. (Britaniya da eyni mövqedədir.) Lakin Türkiyə Menbiçə doğru hərəkətə başlayarsa, iki ölkə münasibətləri yenidən sınağa çəkiləcək. Fransa isə bölgədə Əsəd xaricində yeganə sekulyar güc olan kürdlərin əzilməsini istəmir”.

Zərdüşt Əlizadə

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, Amerika Suriyadaki vəziyyətdən istifadə etməyə çalışır:

“Suriyada hansısa kürd muxtariyyəti adıyla sonradan müstəqil dövlət yaratmaq istəyirlər. Amerika sərhəd bölgəsində 30 minlik kürd ordusu yaratmaq istəyir. Bunu bilən Ərdoğan Amerkaya gedib, Trampla görüşüb xahiş etdi ki, buna yol verməsinlər. Tramp isə ona fikir vermədi, ona görə də Ərdoğan hərbi əməliyyatlara başladı”.

Onun sözlərinə görə, bu, Türkiyənin ilk belə qətiyyətli siyasəti deyil:

“70-ci illərin ortalarında yunan millətçiləri çevriliş edəndə və Kıbrısın türk əhalisini qırmağa başlayanda Türkiyənin Baş naziri Bülent Ecevit hökuməti yığıb iclas keçirirdi. Bu iclasa Amerkanın yüksək vəzifəli diplomatı da gəlmişdi. O, içəri girib ABŞ-ın mesajını çatdırdı. Mesajda deyilirdi ki, Türkiyə Kıbrısın daxili işlərinə qarışmasın. Bülənt Ecevit də diplomata “oldu” demişdi. Amma iclas bitən kimi göstəriş vermişdi ki, ordu Kıbrısa girsin. Sonrası isə məlumdur. Türkiyə orada Kıbrıs Türk Cumhuriyyəti yaratdı. İndi də eyni ssenari gedir. Amma bu dəfə Türkiyə sərhədlərində hansısa qondarma qurumun yaranmasına icazə vermək istəmir. Mən əminəm ki, bu müharibədə Türkiyə haqlı tərəfdir”, – Zərdüşt Əlizadə fikirlərini sona çatdırır.

Ana səhifəXəbərlər”Afrin əməliyyatı hücum yox, müdafiədir”