Afrikada gördüklərindən heyrətlənən, Almaniyada yaşayan azərbaycanlı həkim

“Azərbaycanda savadlı həkimlər var, lakin onların bacarıqlarını tətbiq edəcəkləri normal xəstəxana, şərait yoxdur”

Source: Specify Source


“Bizim pis olduğumuz, ağladığımız şeylər onlarda həyat normasıdır”

“Anasının qucağında uşaqlar gəlirdi. Reaksiyasız, dinmir, danışmır, silkələyirsən, ayılmır, sanki komadadır. Nəfəs almaqdan başqa həyati reaksiyası yoxdur. Müayinədən sonra məlum olur ki, günlərdir su içmir. Damarına maye köçürəndən yarım saat sonra gözünü açır. Elə bil quru torpaqdakı çürüyən bitkinin kökünə su vermisən”.

Bu, 29 yaşlı həkim Tərlan Mehdizadənin Afrikanın Sao Tome adasında gördüklərindən yalnız biridir.

78846699_2503000959797622_3977175549008150528_n.jpg
Tərlan 2019-cu il məzuniyyəti zamanı Afrikaya könüllü həkim kimi gedib

Tərlan 2019-cu il məzuniyyəti zamanı Afrikaya könüllü həkim kimi gedib. Orada gördülərdən, eyni zamanda, yaşadığı, çalışdığı Almaniyanın və doğulduğu, təhsil aldığı Azərbaycanın səhiyyəsindən danışıb.


“Orada üzərinə xəstəxana yazılan bir yer görmədim”

“Afrikada tibb deyə bir şey yoxdur. Tibb sözünü ən azı mənim getdiyim Sao Tome adası ilə bir cümlədə işlədə bilməzsən. Gördüklərim həyəcanlı filmə bənzəyirdi”, – deyən həkim əlavə edir ki, getdiyi Sao Tome adası inkişafdan çox uzaq qalmış bölgədir. Deyir ki, böyük yer olmasına baxmayaraq, üzərində xəstəxana yazılan heç bir bina yoxdur:

“Kiçik, inək tövləsini xatırladan bir bina var idi. Şkafında toz basmış bir neçə şüşə, dərman vardı, vəssəlam. Orada tibb bundan ibarət idi. Bizdə də Birinci Qarabağ Müharibəsi zamanı o cür xəstəxanalar olub. Biri xəstələnir, gəlir, o tozlu dərmanlar çıxarılır, silinir və ona təklif olunur. Adına da “müalicə” deyirlər”.

78115972_2487891807975204_1611747642453262336_n.jpg
Həkim deyir ki, gedəndə özləri ilə oturacaqlarına qədər hər şeyi aparıblar.


Xəstəliklə, ağrıyla yaşamağa alışmış ada sakinləri

Həkim deyir ki, gedəndə özləri ilə oturacaqlarına qədər hər şeyi aparıblar. 3 həftə ərazində adanın bir neçə nöqtəsində səyyar xəstəxana qurublar:

“Oradakı insanlar xəstəliklə yaşamağa öyrəşiblər. Baxırsan ki, böyüklərin, uşaqların bədəninin hər yerini yara basıb. Yara o qədər baxımsız qalıb ki, içində milçək, kiçik həşaratlar yumurta qoyub, yaşayır. Ancaq onlar bunu hiss etmirlər, öyrəşiblər”.


“Məncə, adı çarəsizlik idi”

Bəzən danışdıqları özünə də qəribə gələn həkim bildirir ki, gördüklərini qorxulu filmə bənzədir. Onun üçün anlaması çətindir; bir insanın bədəninin az qala hər yerində problem ola və o, bunu vecinə almaya.

79220116_2526913777406340_3267372945680367616_n.jpg
“Oradakı insanlar xəstəliklə yaşamağa öyrəşiblər”

“Bəlkə də müəyyən zamandan sonra qəbul ediblər ki, onlara kimsə kömək edə bilməz və psixoloji olaraq sakitləşiblər, ağrını duymurlar. Məsələn, insanın başına bit düşür, dərman almağa pulu olmur və başını qaşıya-qaşıya yaşamağa məcbur qalır. Burada da belə bir vəziyyət idi. Məncə, adı çarəsizlikdir”, – gənc həkim deyir.


“Bizim pis olduğumuz, ağladığımız şeylər onlarda həyat normasıdır”

Tərlan özündən əvvəl Afrikaya könüllü gedən həkimlərlə bağlı çox video, film izləyib. Deyir ki, hər dəfə gördüklərindən dəhşətə gəlib. Ancaq özü getməyənəcən oradakı vəziyyətin ağırlığından bu qədər xəbərdar olmayıb:

“Görəndən sonra daha yaxşı anlayır, dərk edir insan. Dünyanın Almaniya kimi bir ölkəsində yaşayan insanların ağlına gəlməyəcək bir şəraitdə yaşayan əhalidir. Orada analar uşaqlarını çox sadə səbəblərdən itirirlər. Məsələn, su olmadığına görə. Bəzən ağlamırlar da, pis olsalar da, faciəvi deyil onlar üçün. Orada ölüm o qədər adi hal alıb ki… Hamı bilir ki, dünyaya uşaq gətirib, 1-2 il saxlaya, sonrakı illərdə vəziyyət pis ola, su tapmaya bilərlər və uşaq ölər. Adam situasiyanın adiliyinin altında əzilir. Bir sözlə, bizim pis olduğumuz, ağladığımız şeylər onlarda həyat normasıdır”.

75279389_2487891197975265_6023869719163961344_n.jpg
“Analar uşaqlarını çox sadə səbəblərdən itirirlər”


“İki-üç dəqiqəlik həkim məsləhəti üçün saatlarla gözləyirdilər”

Tərlanın da daxil olduğu həkim qrupu adaya getmədən öncə onların gələcəkləri ilə bağlı küçələrdə elanlar yapışdırılıb. Yəni ada sakinləri müəyyən vaxt sonra Almaniyadan həkimlərin gələcəyini biliblər. Tərlan deyir ki, bəlkə də insanların elə 90 faizi müayinəyə gəlmişdi:

“Gün ərzində təxminən 1200-1300 insan qəbul edirdik. Səhər 7-də başlayırdıq, bəzən axşam 8-9-dək işləyirdik. Gələn sonuncu insanı yola salıb, çadırları toplayırdıq. Bəzən səhər 4-dən 5 uşaqla növbədə duran insanlar olurdu. Onlar iki-üç dəqiqəlik həkim məsləhəti üçün saatlarla gözləyirdilər. Təbii 1200 insana bir gündə baxmaq üçün həkimlə danışığın müddətini qısaltmalı olmuşduq. Həkimlərin ayağına düşüb təşəkkür edənlər olurdu. Çox minnətdar insanlar idilər. Biz onlara uzunmüddətli kömək edə bilməsək də, getməyimiz onlarda ümid yaratmışdı. Bunu onların gözlərində görməyin özü məsədə çatmaq kimi bir iş idi. Eşidəndə ki, biz bir də gedə bilərik, ümidləri daha da artırdı”.

77269567_3793362594023188_4139528748770787328_n.jpg
“Səhər 7-də başlayırdıq, bəzən axşam 8-9-dək işləyirdik”


“Pozitivsənsə, xəstəliyinin müddətini qısalda bilərsən”

Həkim deyir ki, tibbdə pxisoloji durum önəmlidir. Xəstəliyin gedişatına çox təsir edir. Pozitivsənsə, xəstəliyinin müddətini qısalda, ağırlaşmanın qarşısını ala bilərsən. Elə o insanların həyatında da ümidin rolu böyükdür:

“Biz onlara bu ümidi verə bildik. Təzəlikcə eşitdim ki, bizi Afrikaya aparan təşkilat indi Sao Tomedə xəstəxana tikməyə başlayıb. Xəstəxana açılandan sonra ora yenidən getmək istəyirəm, bu dəfə bir az uzunmüddətli. İlk gedişim gözlənilməz olmuşdu. Çünki təşkilatlar adətən çox təcrübəsi olan, uzun illər işləyən həkimləri aparmaq istəyirlər. Mənim təcrübəm çox deyildi, amma şansım keçmişdə bir neçə sahədə – anestezioloq, reanimatoloq, uşaq həkimi kimi çalışmış olmamda gətirdi. Elə buna görə seçilmişdim”.

77335015_2496384590459259_878792450980708352_n.jpg
“Biz onlara bu ümidi verə bildik”


“Afrikadakıların döyəcəyi başqa qapı yoxdur”

Tərlan Mehdizadə qayıdandan sonra Afrika səfəri ilə bağlı ətrafından müxtəlif fikirlər alıb. Özü isə bu qənaətə gəlib:

“Dünyanın müxtəlif ölkələrində işləyə, xəstə insanları sağalda bilərsən. Amma sənin sonda aldığın həzz hissi Afrikadakı işdən alığın kimi olmur. Çünki Almaniyada səndən başqa həkim var, Azərbaycanda da həmçinin, başqa ölkələrdə də. Sən yeganə deyilsən. Amma Afrikadakıların döyəcəyi başqa qapı yoxdur. Ən xırda iş belə onların yaralarına nə qədər böyük dərman olur. Biz onlara 3 həftəlik bir müddətdə edəcəyimiz qədər kömək etdik. Sonra qayıtdıq və hər şey bitdi”.


“Əsas olan ümiddir”

Həkim çox yaxşı bilir ki, özləri ilə apardıqları, yerli əhaliyə payladıqları dərman, müalicə kursu bitəndən sonra onların problemləri yenə qaldığı yerdən davam edəcək. Elə çoxunun dediyi kimi: Nə olsun. 2-3 həftə davam etdi və qayıtdınız. Bəs sonra?

Bu insanlara Tərlanın bir cavabı var: “Əsas olan ümiddir. Biz bu insanlara kiminsə onları düşündüyü hissini bəxş etdik”.

75491747_2487894461308272_448635361569013760_n.jpg
“Bəzən səhər 4-dən 5 uşaqla növbədə duran insanlar olurdu”


Azərbaycandan Almaniyaya uzanan yolculuq

Tərlan Mehdizadə tibb təhsilini Azərbaycan Tibb Universitetində alıb. Universiteti düz 7 il əvvəl bitirib. Elə diplomunu alan kimi işləmək üçün Almaniyaya üz tutub. İxtisasca uşaq həkimidir. Ancaq Almaniyada olduğu ilk illər anestezioloq, reanimatoloq kimi fəaliyyət göstərib. Deyir ki, Almaniyada uşaq həkimi kimi iş tapmaq çox çətindir. Ancaq son 4 ildir öz sahəsi üzrə, uşaq həkimi kimi işləyir və daha xoşbəxtdir.

Azərbaycanda işləmək istəməməsinə gəlincə, deyir, bu cümləni ona dedirdənlər utansın, amma doğma vətəndə səhiyyə sistemi elə qurulub ki, o orada işləyə bilməzdi:

“Azərbaycanda işləmək üçün müdiriyyətdən asılı olmalı, deyilən hər sözü götürməli, normal yaşamaq üçünsə xəstənin əlinə baxmalı, onlara gərəksiz dərmanlar yazmalısan. Hətta Türkiyədə uzman olub Bakıya köçən insanlar tanıyıram ki, müəyyən vaxt sonra Türkiyəyə geri dönüblər. Normal sistemə öyrəşmiş bir insan üçün Azərbaycanda işləmək çətindir”.


“Həkim niyə kiminsə damarını tutmalıdır ki?”

Tərlan Mehdizadə çox istəyir ki, bacarıqlarını öz ölkəsinin insanları üçün də istifadə etsin. Bunun üçün normal şərtlərdə çalışan xəstəxanada işi və normal standartlarla yaşayacağı şəraiti olmalıdır.

Ancaq indiki şərtlərlə bu, ona mümkün görünmür:

95852567_2833856826712032_1315722403170484224_n.jpg
“Normal sistemə öyrəşmiş bir insan üçün Azərbaycanda işləmək çətindir”.

“Bakıya gedəndə xəstəxanaya yolum düşür, anamı, atamı aparıram. Bu zaman orada işləyən həkimlərlə söhbətim olur. Hər dəfəsində doğru qərar verdiyimi anlayıram. Yanlış anlaşılmasın, mən ölkəmin insanlarına xidmət etmək istəyirəm, amma oradakı qurulmuş sistemi bəyənmirəm. Həkim müdiriyyətdən asılı olur. Müdiriyyət də onun bu asılılığından sui-istifadə edir. Həkimin də müdiri olar? Mən belə başa düşdüm ki, onların suyuna getməsən, sənə işini icra etməyə imkan yaratmazlar. Həkim niyə kiminsə damarını tutmalıdır ki? Həkim fikrini işinə verməlidir, mən belə düşünürəm”.


“Normal dincəlmək lazımdır ki, normal xidmət edə biləsən”

Tərlan deyir ki, bunun üzərinə yaxşı yaşamaq üçün alınan normal əmək haqqını da gələndə, qayıtmağı düşünmür:

“Həkimsən, sən də insansan, şəxsi həyatın var və həyatına keyfiyyət qatacaq işlərlə məşğul olmalısan. Keyfiyyətli, normal həyat üçün də yaxşı maaş lazımdır. Azərbaycanda bu da yoxdur. Həkimlər xəstənin əlinə baxır, yaxud aysonu evinə normal maaş aparmaq üçün xəstəyə əlavə dərman yazıb, firmalardan faiz alır. Mən bunların heç birinə dözə bilməzdim. Bunu etməyənlər isə bilirsiniz nə edir? Bir neçə xəstəxanada işləməli, bəzən gündə 4-5 əməliyyata girməli olurlar. Bu, həm insanın işinin keyfiyyətinə təsir edir, həm də həkimin çökməsinə səbəb olur. Normal yaşamaq, normal dincəlmək lazımdır ki, normal xidmət edə biləsən, işləməyə həvəsin olsun”.

78774139_2496867767077608_2683047309394051072_n.jpg
“Biz onlara 3 həftəlik bir müddətdə edəcəyimiz qədər kömək etdik”


“Almaniyada baş həkim gələndə ayağını-ayağının üstünə aşırıb işlərini görə bilirsən”

Tərlan Mehdizadə Azərbaycandakı vəziyyətlə Almaniyadakını müqayisə edir. Deyir, Almaniyada baş həkim gələndə ayağını-ayağının üstünə aşırıb işlərini görə bilirsən. Kimsənin baş həkimdən asılacağı yoxdur:

“Üstəlik, burada heç kimin xüsusi xəstələri yoxdur ki, həkim xəstə güdsün, onun dalınca düşsün və s. Mən Almaniyada həm dövlət, həm də özəl xəstəxanalarda işləmişəm. Sistem eynidir, asılılıq anlayışı mövcud deyil. Hər ayın sonunda da gəlirini rahat alırsan. Sığortan da gəlir üstünə. Sistem çox yaxşı qurulub və avtomatik dövr edir. Həkim heç nəyə görə başını ağrıtmır, qayğıları olmur, dərd çəkmir. Tək gördüyü şey işidir. Bizdə bu da yoxdur”.


“Bilirik hardan nə umduğumuzu”

O, Almaniyada COVİD-19 xəstələri ilə işləyən həkimləri misal çəkir. Deyir, hər bir heyət çox yüksək bonuslar aldı. Ancaq Azərbaycanda vəd edilən artımı almadıqlarına görə etiraz edən həkimlər oldu:

“Fərqlərdən biri də elə budur. Biri var, büdcənin imkanı olmaya. Deyək ki, kimdən nə gözləyirik? Amma elə bir şey yoxdur. Hamımız bilirik ki, Azərbaycanın buna imkanı var və biz də bilirik hardan nə umduğumuzu”.

93353225_2779946098769772_8238221545491660800_n.jpg
“Almaniyada baş həkim gələndə ayağını-ayağının üstünə aşırıb işlərini görə bilirsən”


Azərbaycan, Almaniya, Afrika – tibbin durumu, əlçatımlılıq

Tərlan Mehdizadə gələcəkdə Azərbaycanda da ucqar bölgələrdə səyyar xəstəxanalar qurub, işləmək istəyər. Təbii, yaxşı təşkil edən olsa. Deyir, hətta Almaniyadakı işindən izin alıb, yaxud məzuniyyətə çıxıb bunu edə bilər:

“Sadəcə mənə Azərbaycanda işləmək bir də dərmanlara görə çətindir. Orada tibbdə istifadə olunan dərmanlar Avropadakından fərqlidir, eləcə də müalicə üsulları… Bəzən valideynlərim həkimin onlara yazdığı bir dərmanın adını deyirlər, necə olduğunu soruşurlar. Mən o dərmanı Almaniyanın dərman sistemində tapa bilmirəm. Azərbaycanda daha çox Rusiyanın xətti ilə, onların yolu ilə gedirlər. Bu, mənə çətinlik yarada bilər”.


Almaniyada sığorta sistemi

Tərlan da tez-tez Azərbaycanda xəstələnib, sosial şəbəkələrdə uşaqlara, gənclərə yardım toplandığını görür. Buna üzüldüyünü deyir, ancaq hesab edir ki, sığorta sistemi normallaşdırılsa, insanların müalicə, əməliyyat üçün dəstəyə ehtiyacı qalmaz. Bu baxımdan Almaniya təcrübəsindən danışır:

“Almaniyada valideynin gücü çatmayan müalicə, çarəsiz qaldığı situasiya yoxdur. Çünki burada dilənçinin belə problemini qarşılaya biləcək qurum var. Uşaq doğulanda ata-ana üzərinə sığortalanır. Ata-ana vergi verir, uşağa əməliyyat lazım olarsa, onunla ödənir. Yox, ata-ana işləmirsə, bu halda işsiz insanları dövlət maliyyələşdirir, aylıq təxminən 500-600 avro arası ödəniş edir. Üstəlik, qaldıqları evin kirayə haqqı da dövlət tərəfindən qarşılanır. Maliyyə isə işləyən insanların verdiyi vergidən formalaşır. Bir sözlə, burada elə bir dərdin yoxdur ki, əlin-qolun bağlı qalsın”.

93305511_2779945498769832_1185600008091598848_n.jpg
“Almaniyada valideynin gücü çatmayan müalicə, çarəsiz qaldığı situasiya yoxdur”


“Burada bir çox hallarda insanlar xərçəngədək gedib çıxmır”

Tərlan Mehdizadə deyir ki, həkimdən qorxmaq, xəstəliyin son anında xəstəxanaya müraciət etmək də bir çox hallarda pulsuzluqdan, çarəsizlikdən qaynaqlanır:

“Bilirlər ki, həkim onlardan filan qədər pul istəyəcək, xeyli dərman yazacaq, lazımlı-lazımsız. Ona görə düşünürlər ki, insan bir şey olan kimi o dəqiqə həkimə qaçmamalıdır. Amma burda burnu qanayan da xəstəxanaya qaçır. Çünki sistem rahatdır. Adicə uşağın 38 dərəcə hərarəti olanda da həkimə gətirirlər. Halbuki bunu ev şəraitində də həll edə bilərlər. Nəticədə insanlar çox vaxt xərçəngə qədər gedib çıxmır. Hamısı da sığorta sisteminin əla qurulmasının nəticəsidir”.


“Bizi bu vəziyyətə gətirənlər utansın”

Tərlan Mehdizadə deyir ki, Azərbaycanda savadlı həkimlər var, lakin onların bacarıqlarını tətbiq edəcəkləri normal xəstəxana, şərait yoxdur:

“Yaxşı işləmək üçün yaxşı şərait lazımıdr. Azərbaycanda bu yoxdur. Belə göstəricilər isə ümumi səhiyyənin səviyyəsini aşağı salır. Ona görə də bəzən ölkədən kənarda işləməli oluruq. Amma bəziləri üçün bunu etmək çətindir. Onlar ailəsinə, vətəninə bağlı insanlardır. Mənim kimilər də bunu məcburiyyətdən edir, amma ailəsindən uzaq, mənən kasıb yaşamalı olur. Məsələn, mən özümü nə bura, nə öz vətənimə aid hiss edirəm. Səbəb sistemdir, bizi bu vəziyyətə gətirənlər utansın. Bunları demək ürəyimdən deyil, amma deməliyik, bəlkə nələrisə dəyişə bildik”.

78585716_2502999919797726_2562136438049079296_n.jpg
“Orada analar uşaqlarını çox sadə səbəblərdən itirirlər”
Ana səhifəSağlıqAfrikada gördüklərindən heyrətlənən, Almaniyada yaşayan azərbaycanlı həkim