Afiəddin Məmmədovun aclıq aksiyasını dayandırdığı bildirilir

Afiəddin Məmmədov. Foto: Meydan TV

İctimai fəalın telefonla əlaqə hüququ bərpa edilib

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiəddin Məmmədov üç gün davam etdirdiyi aclığı dayandırıb. Bu barədə onun üzvü olduğu “Demokratiya-1918” (D-18) Hərəkatının sədri Əhməd Məmmədli məlumat verib.

Afiəddin Məmmədovun həbsdə aclıq aksiyası keçirməsinin səbəblərindən biri onun yaxınlarıyla telefon əlaqəsi hüququnun təmin olunmaması idi. Əhməd Məmmədli deyir ki, onun bu hüququ bərpa olunub.

“Çoxsaylı xahişlərimizdən sonra Afiəddin Məmmədov nəhayət, aclıq aksiyasını dayandırdı. Onun telefonla danışıq hüququ bərpa edildi. Afiəddin ona dəstək olan hər kəsə təşəkkürünü bildirdi. Hamıya salamları var…”, – Əhməd Məmmədli bildirib.

Afiəddin Məmmədov avqustun 1-də saxlanılıb. Məhkəmə qərarıyla ona 30 sutka inzibati həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe oımama) maddələrilə cəzalandırılıb.

Afiəddin Məmmədov vəkili Zibeydə Sadıqovaya deyib ki, avqustun 1-də axşam saatlarında evə gedərkən onu mülki geyimli şəxslər saxlayıb, zorla maşına mindirərək, 26-cı polis bölməsinə aparıblar. Orada onun haqqında polisə müqavimət ittihamıyla protokol tərtib olunub. Ardınca da məhkəməyə aparılıb.

Bu cəzadan sonra Afiəddin Məmmədov həm də cərimələnib. Daha sonra Xətai Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı əsasında onun haqqında inzibati xəta işinə baxılıb. Xətai Rayon Məhkəməsində hakim Rəfael Sadıxovun qərarıyla ona İnzibati Xətalar Məcəlləsinin 528-ci (İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin icrası ilə bağlı vəzifələrin yerinə yetirilməmə) maddəsilə cərimə tətbiq olunub.

Afiəddin Məmmədov saxlandığı gün – avqustun 1-də bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz edib. Aksiyada iştirak edən Afiəddin Məmmədovun orada olarkən izlənildiyi bildirilir.

Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası (HİK) və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, motosikl sürücülərinin qeydiyyat nişanı alması üçün gömrük bəyannaməsi lazımdır. Lakin motosiklların satıldığı yerlər bundan ötrü lazım olan sənədi vermirlər: “Ölkədə baş verən korrupsiya özünü bu sahədə də göstərir…”.

İctimai fəal Afiəddin Məmmədov bundan əvvəl də polisə müqavimət ittihamıyla bir neçə dəfə həbs olunub. Lakin o, bu ittihamların saxta olduğunu, ictimai fəaliyyətinə görə cəzalandırıldığını bildirib. Bu həbslərin birində ictimai fəal bildirmişdi ki, Bakı şəhər Baş Polis İdarəsində ondan telefonuna daxil olmaq üçün parolu verməyi tələb ediblər. O isə verməkdən imtina edib. Buna görə orada işgəncəyə məruz qalıb.

Ana səhifəXəbərlərAfiəddin Məmmədovun aclıq aksiyasını dayandırdığı bildirilir