İttiham verilən maddələrdə 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub
Üç aydan çoxdur həbsdə olan İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun işi üzrə istintaq yekunlaşıb. İstintaqın bitməsi haqda qərar elan ediləndə məlum olub ki, həbs olunarkən ictimai fəala qarşı irəli sürülmüş ittihamlar ağırlaşdırılıb.
Sentyabrın 20-də həbs edilən Afiəddin Məmmədova qarşı Cinayət Məcəlləsinin 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham irəli sürülmüşdü.
İndi isə ittiham Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsinə tövsif edilərək ağırlaşdırılıb.
Cinayət Məcəlləsinin 221.3 maddəsilə olan ittiham olduğu kimi saxlanılıb.
Üstəlik, istintaqın sonunda ona Cinayət Məcəlləsinin 228.4 (qanunsuz olaraq, soyuq silah saxlama) maddəsilə daha bir ittiham elan olunub.
Afiəddin Məmmədova ittiham verilən maddələrdə 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
İctimai fəal bu ittihamların heç birini qəbul etmir. Afiəddin Məmmədov deyir ki, heç bir cinayət törətməyib. Onun sözlərinə görə, sentyabrın 20-də evdən çıxıb gedəndə bir nəfər ona yaxınlaşıb. Həmin şəxs özünə xəsarət yetirib, bıçağı da onun üstünə atıb. Daha sonra ətrafda əvvəldən gözləyən polislər onu tutub aparıblar.
Bu üsulla şərlənərək həbs olunduğunu deyən ictimai fəalın sözlərinə görə, bıçaqlandığı iddia olunan şəxsin özü ona zərər yetirib. Afiəddin Məmmədov vurğulayıb ki, əsl zərərçəkmiş onun özüdür. Çünki saxlandıqdan sonra özü zorakılığa məruz qalıb:
“Guya mənim bıçaqladığım adam ki var, onun özü mənə zərər yetirib. Məni elə vurmuşdu, iki gün Kürdəxanı təcridxanasında burnumun qanı dayanmırdı”.
İctimai fəalın vəkili Zibeydə Sadıqova bildirib ki, hələ də müvəkkilinin səhhətində ciddi problemlər var. O, burnundakı zədələnməyə görə nəfəs almaqda çətinlik çəkir və əməliyyat olunmalıdır.
Sifarişlə həbs olunduğunu deyən Afiəddin Məmmədov hesab edir ki, ona qarşı bu təxribatın qurulmasının əsl səbəbi işçilərin hüquqlarının müdafiəsilə məşğul olmasıdır. O, yada salır ki, bu fəaliyyətinə görə bundan əvvəl də dəfələrlə polisə müqavimət ittihamıyla şərlənərək, hər dəfə 30 sutka inzibati qaydada həbs olunub.