Fəal məhkəmədə sifarişlə həbs olunduğunu deyib
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov barəsində ilkin istintaq dövrü üçün 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu qərar sentyabrın 21-də axşam saat 18.00 radələrində Xətai Rayon Məhkəməsində çıxarılıb.
Məhkəmədə məlum olub ki, gənc fəala qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.
Afiəddin Məmmədov bir nəfərə bıçaqla xəsarət yetirməkdə ittiham olunur. Lakin o, özünü təqsirli bilmir və bu ittihamın saxta olduğunu deyir.
Məhkəmədə də bildirib ki, şərlənərək həbs olunub.
Gənc fəalın sözlərinə görə, sentyabrın 20-də yaşadığı evdən çıxanda hazırda zərərçəkmiş qismində tanınan şəxs onun gəldiyini görərək qəfildən özünə xəsarət yetirib və bıçağı ona tərəf atıb.
Dərhal da ətrafdan polislər gəlib onu aparıblar.
Afiəddin Məmmədov sifarişlə həbs olunduğunu vurğulayıb. Lakin məhkəmə istintaq dövründə Afiəddin Məmmədovun həbsdə saxlanması üçün prokurorun verdiyi təqdimatı təmin edib.
Qərara əsasən, onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Gənc fəalın vəkili Zibeydə Sadıqova bildirib ki, Xətai Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək.
İşçilərin hüquqlarının müdafiəsilə məşğul olan gənc fəal bundan əvvəl dəfələrlə inzibati qaydada həbs olunub.
O, sonuncu dəfə avqustun 1-də həbs olunmuşdu.
Bu dəfə ona 30 sutka həbs cəzası verilmişdi.
Afiəddin Məmmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3 maddəsində 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Sentyabrın 20-21-də Azərbaycanda müharibə əleyhdarı olan çoxsaylı ictimai fəallar həbs olunub.