Afiəddin Məmmədovun telefonla danışmaq hüququ məhdudlaşdırılıb

Afiəddin Məmmədov. Foto: Meydan TV

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri, işçi hüquqları fəalı Afiəddin Məmmədovun saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsində telefonla danışmaq hüququnun məhdudlaşdırıldığı bildirilir.

Bu barədə onun yaxınları məlumat yayıb.

Onların sözlərinə görə, qadağaya səbəb kimi fəalın sonuncu müsahibəsi göstərilib. Müsahibə yayımlandıqdan sonra müəssisə rəhbərliyi Afiəddin Məmmədovun telefon danışıqlarını dayandırıb və onunla əlaqə qurmaq mümkün olmur.

Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-də həbs olunub və ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (silahla xuliqanlıq) və 228.4 (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb. Yanvarın 14-də ona 8 il həbs cəzası verilib.

Onun sədri olduğu “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyası 2022-ci il martın 1-də yaradılıb və Azərbaycanda işçilərin hüquqlarını müdafiə etmək məqsədi daşıyır.

Afiəddin Məmmədov işçilərin əmək hüquqlarının qorunması ilə bağlı etiraz aksiyalarında fəal iştirak edib. O, fəaliyyətinə görə bir neçə dəfə inzibati həbslərlə üzləşib. Хırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmamaqda ittiham olunub.

Fəalın “Meydan TV işi” çərçivəsində həbs edilən jurnalist Ülviyyə Əliyə verdiyi müsahibədə təcridxanadakı şəraitin ağır olduğunu, xəstə məhbuslara tibbi yardım göstərilmədiyini deməsi rəhbərliyin narazılığına səbəb olub.

“İşçi Masası”ndan verilən məlumata görə, müəssisənin əməkdaşı Vüsal Aslanov fəalın telefon danışıqlarına mane olur, ona qarşı təzyiq göstərir və digər məhbusları onunla mübahisəyə təhrik edir.

Yaxınları bildirir ki, artıq bir neçə gündür Afiəddin Məmmədovla əlaqə saxlamaq mümkün deyil və onun səhhəti barədə məlumat əldə olunmayıb.

Hazırda Penitensiar Xidmət məsələ ilə bağlı açıqlama verməyib.

Ana səhifəSiyasətAfiəddin Məmmədovun telefonla danışmaq hüququ məhdudlaşdırılıb