“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov və 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan digər siyasi məhbuslar təhdidlərə məruz qalır.
Bu barədə Meydan TV-yə onların yaxınları məlumat verib.
Məhbusların sözlərinə görə, təhdidlər Siyasi Məhbusların Müdafiəsi Komitəsi ilə bağlı bəyanatından sonra başlayıb. Onlara yalnız şüşə arxasından görüşə icazə verilir.
Siyasi Məhbusları Müdafiəsi Komitəsi noyabrın 24-də yaradılıb.
Komitənin bəyanatından deyilir ki, qurumun yaranma məqsədi yerli mediada siyasi məhbuslar əleyhinə aparılan sifarişli qarayaxma kampaniyalarına qarşı adekvat mübarizə aparmaq; siyasi məhbusların azadlığa buraxılması üçün yerli və beynəlxalq təşkilatlarla əlaqələr qurmaqdır.
Təhdidlər alan digər iki şəxs Komitənin üzvləri – siyasi fəal Samir Aşurov və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mehman Əliyevdir.
“Bəyanatdan sonra Samir Aşurovu və Mehman Əliyevi çağıraraq hədə-qorxu gəliblər. Sayımda adları sonda hallandığına görə telefonla danışmaq növbəsi onlara çatmır”, – deyə məhbusların yaxınları bildirib.
Onların sözlərinə görə, Afiəddin Məmmədov hər hansı bir provokasiya baş verərəcəyi halda, siyasi sifarişçinin ədliyyə naziri Fərid Əhmədov və Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun olacağını deyib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mehman Əliyev narkotik maddələri istehsal etmə, əldə etmə, saxlama, daşıma maddəsi ittihamı ilə beş il müddətinə azadlıqdan məhrum edilib.
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov qanunsuz silah saxlama, silahla xuliqanlıq maddəsi ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Siyasi fəal Samir Aşurov silah tətbiq etməklə xuliqanlıq ittihamı ilə 6,5 il müddətinə azadlıqdan məhrum edilib.