Hazırda həbsdə olan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri, işçi hüquqları fəalı Afiəddin Məmmədov saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsindən ictimaiyyətə məktub ünvanlayıb.
Məktubu olduğu kimi təqdim edirik:
“1 saylı Bakı İstintaq Təcridxanasında, “Umbakı” Penitensiar müəssisəsində olarkən məhkumların cəzaçəkmə müəssisələrinin üstünlükləri ilə bağlı danışıqlara çox şahid olmuşam. Üstünlüklərin ən əsası məhkumların görüntülü danışıqlarının təmin olunması idi. Lakin 2 saylı cəzaçəkmə müəssisəsinə gəldiyimdən bəri bu üstünlükdən yararlana bilməmişəm.
Penitensiar Xidmətin bütün cəzaçəkmə müəssisələrində həftədə bir dəfə görüntülü danışıq hüququ ilə məhkumlar təmin olunsa da, 2 saylı cəzaçəkmə müəssisəsində bu hüquq məlum olmayan səbəblərdən təmin olunmur. Məhkumlar bildirir ki, əvvəl bir neçə aylıq 2 saylı cəzaçəkmə müəssisəsində görüntülü danışıq hüququ ödənişli əsaslarla, yəni, dəqiqəsi 1 manat olmaqla təmin olunurdu, lakin bir neçə məhkumun qeyri-etik ifadələrinə görə (danışıq zamanı) ləğv edilib. İndi 2 saylı cəzaçəkmə müəssisəsində olan 1800-ə yaxın məhkum həsrətlə bu hüququn yenidən bərpasını gözləyir. Onların çoxu məsafəyə görə ailə üzvlərinin üzlərinə aylarla həsrət qalır. Məhkumlar da yer üzünün sakinləridir. Onlar cəmiyyətdən təcrid olunaraq yetərincə cəzalandırılıblar. Bu insanların arasında xarici vətəndaşlar da var. 21-ci əsrə aid penitensiar xidmət müəssisələrində ən azından xırda texnoloji inkişafların qarşısı alınmamalıdır.
Dəyişikliklər məhkumları ümidləndirsə də, azadlıq arzuları puç oldu. Belə ki, öncələr hüquqlarını satın aldığı qiymətlər indi ikiqat artıb. Misal üçün, Xəzər Rayon Məhkəməsi cəzanın çəkilməyən hər ayı üçün 500 AZN pul tələb edir. Təbii ki, şərti də var. Cəzanın çəkilməyən hissəsi iki ildən az olmalıdır. Qısaca, azadlıq cibinizdəki pulun miqdarına görə müəyyənləşdirilir. Əgər ödəyəcək pulunuz yoxdursa, müsbət rəy almağınız əhəmiyyətsizdir.
2024-cü ildə Britaniya hökuməti məhkumların sayının 100000-ə çatmasına və həbsxanalarda yer olmamasına görə 50000 məhkumu əhatə edən böyük amnistiya verdi. Azərbaycandakı məhkumların böyük əksəriyyəti sosial-iqtisadi problemlərinə görə cinayət işləmiş şəxslərdir. Hökumət çıxış yolunu yeni həbsxanalar tikməkdə yox, yeni iş yerləri açmaqda axtarmalıdır. Saxlanıldığım 2 saylı cəzaçəkmə müəssisəsinin tutumu 800 məhkum olsa da, 1800-ə yaxın məhkum saxlanılır. Bir qisim məhkumlar yerdə yatır, şərait isə bərbaddır. Penitensiar Xidmətin işçi heyəti əskik olduğu üçün məhkumlara tam nəzarət edə bilmir.
Son günlərdə ilin sonu ilə bağlı və ya başqa səbəbdən cəzasının 2/3-ni çəkmiş məhkumlar Penitensiar xidmət tərəfindən məhkəməyə müraciətlə həvəsləndirilir. Normalda iki ili qalana qədər gözləyən məhkumlar azadlıq ümidilə məhkəməyə müraciət edir. İndi onların sayı yüzlərlədir. Bu hadisəyə kənardan nəzər yetirdiyimdə mənə Ədliyyə Nazirliyi ilə məhkəmə arasında münaqişə görünür. Sanki Ədliyyə Nazirliyi məhkumları müraciətə təşviq edərək vəziyyətə öz etirazını bildirir. Məhkəmələr Penitensiar xidmətdə olduğu zaman məhkum sayını nizamlaya və korrupsiya yolu ilə gəlir əldə edirdilərsə, indi tamamilə kənarda qalıb gündən-günə artan məhkum və onların saysız problemləri ilə qarşı-qarşıyadırlar. Bu gün həm Ədliyyə Nazirliyi, həm də məhkumlar böyük amnistiya gözləntisindədir. Ədalətli dövlətlərdə bu tez-tez baş verir. Azərbaycan hökuməti xalqının məhkum nümayəndələrini diqqətdən kənar qoymamalıdır”.