Afiəddin Məmmədov 2 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyindən şikayət edir

Afiəddin Məmmədov. Foto: Meydan TV

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov hazırda saxlanıldığı 2 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyindən şikayət edir.

Bu barədə Meydan TV-yə məlumat “İşçi Masası”ndan verilib.

Onların bildirdiklərinə görə, Afiəddin Məmmədov təxminən üç ay əvvəl müəssisənin tibb məntəqəsinə köçürülməsi üçün qanunvericiliyə uyğun qaydada müraciət edib. Lakin bu müddət ərzində onun müraciətinə baxılmayıb və hələ də tibb məntəqəsinə yerləşdirilməyib.

Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-də həbs olunub və ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (silahla xuliqanlıq) və 228.4 (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb. Yanvarın 14-də ona 8 il həbs cəzası verilib.

Onun sədri olduğu “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyası 2022-ci il martın 1-də yaradılıb və Azərbaycanda işçilərin hüquqlarını müdafiə etmək məqsədi daşıyır.

Afiəddin Məmmədov işçilərin əmək hüquqlarının qorunması ilə bağlı etiraz aksiyalarında fəal iştirak edib. O, fəaliyyətinə görə bir neçə dəfə inzibati həbslərlə üzləşib. Хırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmamaqda  ittiham olunub.

“Son üç ayda dəfələrlə eyni məsələ ilə bağlı müraciət etmişəm, amma bu günə qədər heç bir nəticə yoxdur”, – deyə Afiəddin Məmmədov həmkarlarına bildirib.

Həbsdə olan fəal qeyd edib ki, onda əsəb pozuntusu yaranıb, psixoloji vəziyyəti pisləşib. Onun sözlərinə görə, saxlanıldığı zaman burnuna zərbə endirilib, lakin hələ də tibbi müayinədən keçirilməyib və bədənində ağrılar qalmaqdadır.

Məmmədovun ailəsi və hüquq müdafiəçiləri onun sağlamlıq vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Məsələ ilə bağlı Penitensiar Xidmət heç bir açıqlama yaymayıb.

Ana səhifəSiyasətAfiəddin Məmmədov 2 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyindən şikayət edir