AFFA-nın maliyyə hesabatındakı təzad – Təhlil

”Digər xərclər” adı altında təxminən yarım milyon manatın xərclənməsi də şübhə yaradır

Source:


”Digər xərclər” adı altında təxminən yarım milyon manatın xərclənməsi də şübhə yaradır

AFFA-nın hesabat-seçki konfransı keçirildi. Rövnəq Abdullayev növbəti dəfə AFFA prezidenti seçildi. Konfransda İcraiyyə Komitəsinin üzvləri də müəyyənləşdi. Konfransın gedişində AFFA 2015-ci ilin maliyyə hesabatını da açıqladı.

Bəlli oldu ki, 2015-ci ildə AFFA-nın gəliri 22 126 244 manat olub. Xərclər isə 18 249 900 manat təşkil edib. AFFA-nın illik maliyyə hesabatı futbol ictimaiyyəti arasında birmənalı qarşılanmayıb. AFFA-nın gəlirləri xərclərini üstələsə də, ötən il büdcədə ehtiyat vəsait qalsa da, bəziləri hesabatda şişirdilmiş xərclərin olduğunu iddia edir. Bəzi şəxslər isə büdcədə vəsait olduğu halda, uşaq futboluna AFFA-nın biganə münasibətini anlamadıqlarını bildirirlər.


Büdcəni milli komandalar “yeyir”

Yığmalara xərclənən vəsaitin həddindən artıq çox olması diqqət çəkir. AFFA 2015-ci ildə yığma komandaların saxlanmasına 7 326 217 manat xərcləyib. Bu, illik xərcin təxminən 40 faizini təşkil edir. Yığma komandaların nəticələrinin bərbad olması fonunda bu qədər vəsaitin sərf olunması təəccüblüdü. Müqayisə üçün deyək ki, nəticələri Azərbaycan yığmalarının nəticələrindən fərqlənməyən Gürcüstanda bu xərclər 2 milyon manatı ötmür. Gürcüstanın da yığma komandaları təlim-məşq toplanışları, yoxlama görüşləri keçirirlər. Amma onlar bunun üçün olduqca az vəsait xərcləyirlər. Bu da Azərbaycanda  yığmaların xərclərinin şişirdilməsi barədə şübhələr yaradır.

Bu şübhələr əsassız deyil. Dəfələrlə olub ki, AFFA yığmaların məğlub olduqları oyunlarda da futbolçulara mükafat ayırıb. Bu addım futbol ictimaiyyəti tərəfindən böyük narazılıqla qarşılanıb. İctimaiyyət hesab edir ki, məğlubiyyətə görə futbolçulara mükafatların verilməsi onların inkişafını əngəlləyir. Üstəlik, o mükafatın müəyyən qisminin AFFA-ya qaytarıldığı da iddia olunur. İdman mətbuatında bu məsələ dəfələrlə müzakirə olunub. Deyəsən,  AFFA tənqidlərdən qismən də olsa nəticə çıxarıb. 2014-cü ildə milli komandalara 9,6 milyon manat xərclənmişdisə, 2015-ci ildə bu vəsait təxminən 2,3 milyon manat azalıb.


Fantastik təsərrüfat xərcləri

Ümumiyyətlə, ötən illə müqayisə etdikdə, AFFA-nın bəzi xərcləri azaltdığı nəzərə çarpır. Özü də ictimaiyyət hesab edirdi ki, büdcədəki əsas yeyinti məhz bu xərclərin üzərində aparılır. Məsələn, AFFA 2014-cü ildə aviabilet və otel xərclərinə 510 505 manat sərf etmişdi. Ötən il isə bunun üçün 340 988 manat xərclənib. Nəqliyyat xərclərində də cüzi azalma var. 2014-cü ildə bu məqsədlə 238 406 manat, 2015-ci ildə isə 229 551 manat xərclənib.

Amma əvəzində əməkhaqqı və ezamiyyət xərcləri artıb. 2014-cü ildə AFFA bu məqsədlər üçün 2 293 760 manat ödəyibsə, 2015-ci ildə bu rəqəm  2 916 389 manat təşkil edib.

Daşınmaz əmlakın icarə haqqı da artıb. 2014-cü ildə bunun üçün 118 748, 2015-ci ildə isə 199 894 manat ödənilib. AFFA-nın bu qədər icarə haqqını hansı əmlaklara ödədiyi açıqlanmır. İcarə qiymətlərinin həddindən artıq yüksək olması diqqəti cəlb edir. AFFA-nın təsərrüfat xərcləri də artaraq, fantastik həddə çatıb. Qurum 2015-ci ildə bu məqsədlə yarım milyondan çox – 521 402 manat xərcləyib. 2014-cü ildə isə bu rəqəm  389 626 manat olmuşdu. “Təsərrüfat xərcləri” adı altında bu qədər vəsaitin xərclənməsi və konkretləşdirilməməsi ictimaiyyət arasında şübhə yaradır.

AFFA digər xərclər  üçün ayrılan vəsaiti qismən azaldıb. Amma bu xərclər yenə də yarım milyona yaxındır. Digər xərclər 2014-cü ildə 521 428 manat təşkil etmişdisə, 2015-ci ildə 426 017 manat olub. “Digər xərclər” adı altında təxminən yarım milyon manatın xərclənməsi də şübhə yaradır. Bu, böyük rəqəmdir. Böyük rəqəmlərin isə bəlli xərclənmə hədəfi mütləq göstərilməlidir.


Amal Abuşov: “Büdcəni çox ustalıqla bölüşdürməyə çalışıblar”

Müstəqil idman yazarı Amal Abuşov AFFA-nın illik maliyyə hesabatını Meydan TV-yə şərh edib: “AFFA-nın maliyyə hesabatından bir daha görünür ki, Azərbaycan futboluna kifayət qədər ciddi məbləğdə pul ayrılır. Söhbət 22 milyon 126 min 244 manatdan gedir. Bu pulların qarşılığından milli komandalarımız üst-üstə 22 qələbə qazanmaq bir yana, heç 22 xal belə toplamayıblar. Futbol sahəsində hər nə qədər fərsiz idarəçilərimiz olsa da, onlar 22 milyonluq büdcəni çox ustalıqla bölüşdürməyə çalışıblar. Uğursuz “Cross Culture” layihəsinə 51 min manat sərf olunub. Sonradan ən yüksək səviyyədə bu layihənin fiaskosu etiraf edilmişdi. Eləcə də “Futbol dünyası” qəzetinə xərclənən 147 min manatı “çölə atılmış” saymaq olar. “Elit Məşq” layihəsinə 275 min manatın sərf olunması da artıq xərcdən başqa bir şey deyil. Azərbaycan futbolu bünövrəsi olmayan, amma dam örtüyü rənglənmiş ev kimidi. AFFA məmurları, aşağı yaş qruplarının məşqçiləri bir ağızdan deyirlər ki, bizdə millinin heyətində oynamağa layiq futbolçular yetişmir. Deməli, problemin həllinə məhz ordan başlamalıyıq. Əvəzində heyətində 6-7 “milliləşdirilmiş” futbolçu oynayan əsas milliyə 7,5 milyona yaxın pul xərclənib. Heç nəyi həll etməyən oyunlarda qazanılan 1 xala, Maltanı məğlub etməyimizə görə AFFA millinin futbolçularına 40-50 min manat mükafat paylayır. Uşaq futbolunda isə problemlər həllini tapmır. U-19 millisini payızdakı seçmə mərhələ oyunları öncəsi pulsuzluq bəhanəsiylə xaricə təlim-məşq toplanışına göndərmədilər, Gürcüstana gedən gənclərimiz uzaq yolu avtobusla qət etmişdi. Hər tur bir-neçə oyunda texniki məğlubiyyətlər qeydə alınan aşağı yaş qrupları üzrə çempionatlara xeyli məbləğ sərf olunub. Bununla yanaşı, “Oyunların təşkili” adı altında təxminən 1 milyon manatın hara xərclənməsi xeyli maraqlıdı. Söhbətin hansı “oyunlardan” getdiyi qeyri-müəyyəndir”.

Ana səhifəXəbərlərAFFA-nın maliyyə hesabatındakı təzad – Təhlil