AFFA-da Zaqatala-Tovuz qarşıdurması

Futbol üzrə Azərbaycan çempionatında mövsüm başa çatmaq üzrədir

Source:

Futbol üzrə Azərbaycan çempionatında mövsüm başa çatmaq üzrədi. Artıq çempion da bəllidi. “Qarabağ” ardıcıl üçüncü dəfə çempionluğu bayram edib. Qalır gümüş və bürünc medalların da sahibinin müəyyənləşməsi. Ancaq futbol ictimaiyyətini medallar uğrunda mübarizə o qədər də maraqlandırmır. İctimaiyyət “görəsən, bu il Premyer Liqanı hansı komanda tərk edəcək, elitaya hansı komanda yüksələcək” sualını müzakirə edir.

Bu məsələdə reqlament həmişə pozulub. Qaydalara görə, Azərbaycan Premyer Liqasında sonuncu yeri tutan komanda elitanı tərk etməlidi. Əvəzində birinci divizionun qalibi güclülərin sırasına qoşulmalıdı. Amma uzun illərdi ki, Azərbaycan futbolunda bu qayda yalnız kağız üzərində mövcuddu. Mövsümün sonunda futbol təsərrüfatındakı qruplaşmalar arasında çəkişmə başlayır və qalib gələn tərəf himayə etdiyi komandanın elitaya gəlməsini təmin edir.

Ötən il birinci divizionun qalibi “Neftçala” klubu olmuşdu. Ancaq Neftçala rayonunu təmsil edən bu komandaya lisenziya verilmədi.  Əvəzində birinci dəstədə daha aşağı pillələrdə qərarlaşmış komandalar – “Zirə” və “Rəvan” elitaya buraxıldı.

“Zirə”nin sponsoru “Kapital Bank”, “Rəvan”ın sahibi isə “Nurgün Motors”un prezidenti Nuru Əliyevdi. Hazırda Premyer Liqada sonuncu pillədə “Rəvan” qərarlaşıb. Ancaq bu komanda “Xəzər Lənkəran”la eyni xal toplayıb. Yalnız öz aralarındakı oyuna görə, cənub təmsilçisi üst pillədə qərarlaşıb. “Xəzər Lənkəran”ın maliyyəçisi isə “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovdu.

Bu komandaların hər ikisi mövsüm ərzində böyük maliyyə sıxıntısı yaşadı. “Xəzər Lənkəran”ın hələ də əcnəbi futbolçulara 600 min dollara yaxın borcu var və bu məbləğ mütləq ödənilməlidi. “Rəvan” da mövsümün gedişində borclara görə cəzalanaraq, 6 xaldan məhrum edilib. Hələlik bu komandalardan hansının elitanı tərk edəcəyini dəqiqliklə söyləmək olmaz. Qaydalara görə, onlardan biri mütələq birinci diviziona düşməli, onu isə aşağı dəstənin çempionu əvəzləməlidi.

Amma bu dəqiqdi ki, reqlamentə yenə də əməl edilməyəcək. Artıq birinci divizionda çempion bəllidi. “Neftçala” ikinci dəfə aşağı dəstənin qalibi olub. Lakin bu komanda deyəsən, yenə də elitada oynaya bilməyəcək. Neftçala şəhər stadionu bərbad durumda olduğuna görə, Premyer Liqanın standartlarına uyğun gəlmir. Buna görə də kluba lisenziya verilmir.

Bəs “Neftçala”nı kim əvəz edəcək? Ümumiyyətlə, elitadan kimsə aşağı dəstəyə göndəriləcək, yoxsa sahibləri oliqarxlar olan “Rəvan” və “Xəzər Lənkəran” toxunulmazdı?

Futbol kluarlarında gəzən söz-söhbətə görə, artıq AFFA daxilində bu məsələylə bağlı böyük qarşıdurma yaşanır. Qaydalara əsasən, ilk pillənin sahibi lisenziya ala bilməsə, aşağı pillədə qərarlaşmış komanda elitaya buraxılmalıdı. Təbii ki, lisenziya məsələsini həll edə bilsə. Hazırda birinci dəstədə ikinci pillədə “Qaradağ Lökbatan” qərarlaşıb. Bu komanda üç ildi ki, lisenziya məsələsini həll edə bilmir. Klub tələb olunan infrastrukturu formalaşdırmaq iqtidarında deyil. Elə 3 və 4-cü pillələrdə qərarlaşan “Ağsu” və MOİK-də də durum eynidi.

AFFA daxilindəki qruplaşmalar bu məqamdan yararlanaraq, “Zaqatala” və “Turan-Tovuz” komandalarının  elitaya vəsiqə qazanmasına cəhd edirlər. Hər iki komanda AFFA tərəfindən maliyyələşir. “Turan-Tovuz”un Müşahidə Şurasının sədri  veteran futbolçu Oqtay Abdullayevdi. Komandanın baş məşqçisi isə Oqtay Abdullayevin yaxın dostu Əsgər Abdullayevdi. “Zaqatala”nın Müşahidə Şurasının sədri isə veteran futbolçu Musa Qurbanovdu. Musa Qurbanov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qardaşıdı. Onlar isə əslən Zaqatala rayonundandıla. Qurbanov qardaşları həmişə bu rayonda futbolun inkişafına dəstək olublar. Hər iki komandanın rəhbər şəxsləri Azərbaycan futbolunda söz sahibidilər. Təbii ki, bu üstünlüklərindən yararlanaraq, öz komandalarının elitaya vəsiqə qazanmasına çalışırlar.

Məlumata görə, AFFA rəhbərliyi tərəflərə “hansı komanda sonda turnir cədvəlinin üst pilləsində qərarlaşsa, elitaya vəsiqəni də o komanda əldə edəcək” deyib.

Birinci divizionda keçirilən 25-ci turda məhz bu komandalar üz-üzə gəliblər. Zaqatalada keçirilən oyunda “Zaqatala” “Turan Tovuzu”u 5:2 hesabı ilə məğlub edib. Bu qələbədən sonra Zaqatala klubu Tovuz təmsilçisini 2 xal qabaqlayaraq, 6-cı pillədə qərarlaşıb. Ancaq deyəsən, Tovuz qruplaşması məğlub olmaq niyyətində deyil. Bu qruplaşma AFFA rəhbərliyinə “Turan Tovuz”un elitaya buraxılması üçün təzyiq edir.

Qrupların təzyiqləri o qədər güclüdü ki, AFFA rəhbərliyinin, ümumiyyətlə, elitaya birinci dəstədən komanda buraxmaq fikrindən daşındığı da bildirilir. Hazırda “Rəvan” və “Xəzər Lənkəran” rəhbərliyi ilə danışıqlar aparan AFFA rəsmiləri maliyyə təminatı olacağı təqdirdə bu komandaları elitada saxlamaq haqda düşünür.

Məsələylə bağlı Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevin də mövqeyini öyrəndik. Şahgəldiyev mövsüm başa çatana qədər məsələylə bağlı qəti qərar verilməyəcəyini bildirdi:

“Məndə bu barədə heç bir informasiya yoxdu. Klubların lisenziyalaşma prosesi hələ davam edir. Hər şey mövsüm bitdikdən sonra bəlli olacaq”.

Ana səhifəXəbərlərAFFA-da Zaqatala-Tovuz qarşıdurması