Mənbə: Meydan Tv

Afaq Bəşirqızı: Nəinki onlayn tamaşa, hətta onlayn təhsilin də əleyhinəyəm

Məqalə yeniləndi:  19 Mart 2021

"Aktyor səhnədə oynamalı, tamaşaçının həyəcanını hiss etməli, alqışını görməlidir"

10 Mart – Azərbaycanda Milli Teatr Günü kimi qeyd olunur.

Bir ildir ki, pandemiya ilə əlaqədar ölkə teatrları fəaliyyətini virtual tamaşalarla davam etdirir.

Akademik Musiqili Teatrının aktrisası Afaq Bəşirqızı Meydan TV-yə açıqlamasında deyir ki, pandemiya bütün sahələrdə olduğu kimi mədəniyyətə, xüsusilə teatra ciddi zərbə vurub: “Pandemiya əl-qolumuzu bağlayıb. Onsuz da teatrlarda durğunluq vardı, pandemiya daha çox maneə yaratdı. Mən nəinki onlayn tamaşa, hətta onlayn təhsilin də əleyhinəyəm. Aktyor səhnədə oynamalı, tamaşaçının həyəcanını hiss etməli, alqışını görməlidir. Aktyor ona baxdıqlarını, əl çaldıqlarını, səhnədə oynanılan hadisəni yaşayan tamaşaçını hiss etməldir. Aktyor bundan ilhamlanır, daha gözəl oynayır. Bu hissləri onlayn tamaşa ilə tamaşaçıya ötürmək mümkün deyil”.

Aktrisa Rusiyanı örnək gətirərək bildirib ki, qonşu ölkədə teatrların fəaliyyəti əvvəlki kimi davam edir.

O hesab edir ki, Azərbaycan da pandemiya dönəmində teatların işini tənzimləyən qanun yaradılmalıdır: “Deyirlər ki, Rusiya böyük ölkədir, bununla razıyam. Amma Azərbaycanda bir qanun çıxarılmalıdır. Teatrların fəaliyyətsizliyi böyük zərbədir. Az-çox repertarı olub, faəliyyət göstərən teatrlar da artıq pessimizmə qapılıb. Akademik Musiqili Teatrında da vəziyyət eynidir, qapılar, pəncərələr bağlıdır”.

Sənətçi təklif edir ki, yerli telekanallarda həftədə iki dəfə tamaşalar nümayiş edilsin. Bu həm aktyorlara stimul olar, həm də azərbaycanlı tamaşaçılarda teatra maraq yaradar: “Televiziya həmişə güclü təbliğat növü olub. Bu baxımdan hesab edirəm ki, telekanallarda tamaşalar qurmaq mümkündür. Bəsit, bayağı, axmaq verilişlərdənsə, teatr tamaşalarını yaymlasınlar. Buna bütün aktyorlar sevinəcək, çünki hamımız səhnətə təşnəyik. Aktyorlarımızla təmasda oluram, söhbətləşirəm, hamısı deyir ki, biz səhnədə olmaq istəyirik. Tamaşaçı afişanı oxuyanda, orada aktyorun adına görə gəlir. Təsadüfi hallarda olar ki, kiminsə bibisi oğlu tamaşanı səhnələşdirsin. Onun dayısının nəvəsi də gəlib, həmin tamaşaya baxsın. Deməyim odur ki, əslində, tamaşaya oyunçuya görə gəlirlər. İndiki məqamda telekanallar daha ön plana keçməli, televiziya tamaşalarının təşkilini reallaşdırmalıdır”.

Azərbaycanda milli teatrın əsası 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası ilə qoyulub. Bu işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıb.

1918-ci ildə Azərbaycan müstəqillik qazanandan sonra teatrın inkişafında mühüm işlər görülüb. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti pərakəndə fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrını yaradıb.

1919-cu il oktyabrın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı olub.

Prezident İlham Əliyev 2013-cü ildə “Milli Teatr Günü”nün təsis edilməsi ilə əlaqədar sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, 10 mart hər il Azərbaycanda Milli Teatr Günü kimi qeyd edilir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  19 Mart 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/j8hx49

Ən çox baxılan