ADR rəhbəri hökumətdən şəffaflıq tələb edir

“Bilən varmı 18 xarici dövlətin hansından dəstək aldıq?”

Source:


"Bilən varmı 18 xarici dövlətin hansından dəstək aldıq?"

“Azərbaycan 2020-ci il ərzində koronavirus pandemiyası ilə bağlı beynəlxalq miqyasda tədbirlərin dəstəklənməsinə 39,3 mln. manat xərcləyib. Ümumdünya Səhiyyə Təşkilatına 17, UNESCO və İCESCO təşkilatlarına 3,4 və 18 xarici ölkəyə 18,9 milyon manat yardımlar edib. Bilən varmı, müharibədə və ya müharibədən sonrakı dövrdə 18 xarici dövlətin hansından dəstək aldıq? Nədən UNESCO işğaldan azad edilmiş ərazilərdən dağıdılmış tarixi-memarlıq abidələrinin qeydiyyatını aparıb, beynəlxalq ictimaiyyəti məlumatlandırmır?”

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu belə deyir.

O bildirir ki, əslində xarici təşkilatlara əməkdaşlığın əleyhinə deyil, amma onlara dövlət büdcəsindən göstərilən yardımın şəxsi və hakimiyyət maraqları çərçivəsində istifadə olunmasını da korrupsiya sayır: “Hesab edirəm ki, belə yardımla Almaniya Bundestaqının deputatı Mark Hauptmana, italiyalı deputat Luka Volonteyə rüşvət verilməsi arasında fərq yoxdur. Hər ikisi hakimiyyətin vəkilliyinə xidmət edir”.

İqtisadçı deyir ki, Azərbaycanda uşaq yaşlarında xərçəng xəstəliyinə tutulanların 35 faizi leykoz xəstələridir: "Leykozun xaricdə müalicəsi mümkündür, amma çox bahadır. Ona görə də hər gün Azərbaycan televiziyaları, sosial şəbəkələr müxtəlif xəstəliklərin, o sıradan da leykoz xəstəliyinin daşıyıcısı olan uşaqların müalicəsi üçün yardım kampaniyası aparır. Uşaqların valideynləri tele ekranlarında göz yaşlarını axıda-axıda tamaşaçılardan ianə istəyirlər. Belə ürəkdağlayıcı səhnələri milyonlarla tamaşaçı izləyir, amma ən yaxşı halda 100 mindən 5-10 nəfər yardım edir. Yardım etmək kasıbların ürəyindən keçsə də, pulu yoxdur, varlıların pulu olsa da, verən əlləri yoxdur. Nəticədə hər il yüzlərlə xəstə həyatını itirir. Bütün bunlar illərdir davam etsə də, Azərbaycan dövləti leykoz xəstəliyinin daşıyıcıları olan uşaqlara sahib çıxıb onların xaricdə müalicəsinə 1 manat da olsun vəsait ayırmır”.

Qubad İbadoğlu deyir ki, 48,2 (39,3+18,9) milyon manata ən azı 350-ə qədər leykoz xəstəsi olan uşaqları xaricdə tam müalicə etdirib, sağaltmaq olar: “Görəsən, nə zamansa bu hakimiyyət üzünü xalqa tərəf döndərəcəkmi, övladlarının müalicəsinə görə əlacsız qalıb xalqdan yardım istəyən valideynlərin göz yaşlarını dayandıracaqmı?”

Maliyyə Nazirliyinin açıqlamasına görə, Azərbaycan koronavirusla (COVID-19) mübarizəyə 2020-ci ilin dövlət büdcəsindən 1 mlrd. 985,6 mln. manat vəsait sərf edib.

Həmin vəsaitdən 612,5 mln. manatı koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə əlavənin ödənilməsinə, zəruri tibbi ləvazimatların və avadanlıqların, dərman vasitələrinin alınmasına, çarpayı fondunun artırılması və ixtisaslaşmış xəstəxanaların fəaliyyətlərinin təmin edilməsinə, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərlə bağlı xərclərin ödənilməsinə yönəldilib.

Eyni zamanda, 2020-ci il ərzində koronavirus (COVID-19) pandemiyası ilə bağlı beynəlxalq miqyasda tədbirlərin dəstəklənməsi məqsədilə 39,3 mln. manat məbləğində, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 17,0 mln. manat, UNESCO və İCESCO təşkilatlarına 3,4 mln. manat və 18 xarici ölkəyə 18,9 mln. manat beynəlxalq yardımlar göstərilib.

Bu ilin dövlət büdcəsində isə yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə üçün 261 milyon manat vəsait ayrılıb.

Ana səhifəXəbərlərADR rəhbəri hökumətdən şəffaflıq tələb edir