Mayın 28-də Azərbaycan Demokratiya və Rifah Hərəkatının növbəti sessiyası keçirilib. Sessiyada Hərəkatın məclis üzvlüyünə sədrlər seçilib. Məclis sədrliyinə 13 nəfər namizəd olub. Bəzi üzvlər sessiyada iştirak etməyən namizədlərin adlarının siyahıdan çıxarılmasını istəyib. ADR-in sədr müavini təklifə belə münasibət bildirib:
“Hesab edirəm ki, üzrsüz səbəbdən iştirak etməyənlər haqda bəlkə o cür qərar vermək olar. Amma dostlarımız hansı səbəbdən iştirak edə bilməməkləri ilə bağlı bizi xəbərdar ediblər. Mən təklif edirəm ki, bu 13 nəfərin namizədliyini təsdiqləyək. Qalanları da sonradan boş yerlər olanda, kimin namizədliyi olar, o zaman irəli sürərik”.
Daha sonra 13 nəfər yetərsayla məclis sədri seçilib. Onlar arasında sessiyada iştirak edə bilməyən professor Adil Qeybulla və Müsavat Partiyasının Gənclər Təşkilatının eks sədri Əhliman Abbasın da adı olub.
ADR sədri Qubad İbadoğlunun hazırda Amerikada vacib bir proqramda iştirak etdiyini deyən Vurğun Əyyub sessiya iştirakçıları ilə hərəkatın qarşısında duran məsələləri müzakirə edib.Sədr müavini mayın 19-da Binəqədi rayonunda baş vermiş yanğın hadisəsini belə şərh edib:
“Hadisəni törətməkdə günahkar olan adamları doğru-dürüst müəyyənləşdirib, onları cəzalandırmaq əvəzinə, bu cinayətkarları adicə “JEK” müdiri səviyyəsinə endirməyə başladılar. Halbuki, bizim hər birimizə bəllidir ki, bu cür böyük maliyyə xərcləri tələb edən işləri görmək üçün hakimiyyətin ən yuxarı dairələrindən icazə almaq lazımdır”.
Vurğun Əyyub prezident İlham Əliyevin villalarla bağlı məlum açıqlamasına da münasibət bildirib:
“Başqa bir absurd məqam villalarla bağlıdır. Bizim hər birimizə məlumdur ki, nəinki villa, adi bir hasarı, iki daşı üst-üstə qoymaq üçün bəlkə bir on yerdən icazə almalısan. Dərhal başının üstünü kəsdirirlər. Və ölkənin rəhbəri bütöv Azərbaycan cəmiyyətinin gözünə yalan danışır. Deyir ki, mən soruşdum bu villalar kimindir, amma bilmədilər. Necə təsəvvür edirsiniz? İki-üç milyonluq villa tikilsin, amma bilinməsin ki, bu, kimindir?”
Hərəkatın rəsmisinin söylədiyinə görə, ADR ilk konfransından bəri qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edib. Lakin nazirliyin müvafiq idarəsi qurumu qeydiyyata almamaq üçün müxtəlif yollarla vaxtı uzadır.