ADR Hərəkatı həbslərlə bağlı hakimiyyətə çağırış etdi

Sənəddə deyilir ki, artıq 1 həftədir Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri və onun ailəsinə ətraf mühitlə təmas və rabitə vasitələrindən istifadəyə imkan verilmir.

Source:


“Hakimiyyət karantin rejimindən sui-istifadəyə son qoymalıdır”

Azərbaycan Demokratiya və Rifah Hərəkatı son günlər artan həbslərlə bağlı hakimiyyətə çağırış edib.

Bu barədə hərəkatın yaydığı bəyanatda bildirilir:

“Hakimiyyəti karantin rejimindən siyasi məqsədlər üçün sui-istifadəyə son qoymağa çağırırıq”.

Sənəddə deyilir ki, artıq 1 həftədir Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri və onun ailəsinə ətraf mühitlə təmas və rabitə vasitələrindən istifadəyə imkan verilmir. Əli Kərimliyə və onun ailəsi məqsədli şəkildə cəmiyyətdən tədric olunub və məcburi şəkildə informasiya blokadasına salınıb:

“Əli Kərimli və ailəsi faktiki olaraq öz evində həbsdə saxlanılır. Hətta məhkumlar üçün mümkün olan kommunikasiya vasitələri də onlar üçün əlçatmazdır. Telefon və internetə çıxış imkanlarının məhdudlaşdırılması onun və ailəsinin ətraf mühitlə əlaqəsində, ərzaq təminatında və dərman təchizatında da problemlər yaradır. Çünki evdən çıxış icazəsinin əldə olunması da yalnız telefon vasitəsilə mümkündür”.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı hesab edir ki, hakimiyyətin qlobal pandemiya dövründə tətbiq etdiyi karantin rejimindən sui-istifadə edərək siyasi opponentlərini cəmiyyətdən müxtəlif vasitələrlə təcrid etdirməsi, Milli Şuranın Kordinasiya Mərkəzinin üzvü, Müsavatçı Tofiq Yaqublunun cinayət məsuliyyətinə, müxalif partiyası liderini ev dustağlığına, ADR Hərəkatının, AXCP üzvlərinin və müstəqil jurnalistlərin inzibati həbs cəzasına məhkum olunması və bir sıra ictimai-siyasi fəalların cərimələnməsi heç bir siyasi etika və mədəniyyət normasına sığmır, hazırda cəmiyyət üçün daha çox önəm daşıyan həmrəylik və birliyin yaranmasına mane olur, əhalidə hakimiyyətə etimadsızlığı artırır:

“Odur ki, ADR Hərəkatı hakimiyyəti karantin rejimindən siyasi məqsədlər üçün sui-istifadəyə son qoymağa, AXCP sədrinin informasiyaya və rabitə vasitələrinə çıxış imkanlarını bərpa etməyə, Tofiq Yaqublunu və həbsdə olan bütün siyasi fəalları, jurnalistləri azad etməyə çağırır”.

Tofiq Yaqublu bu il martın 22-də saxlanıb. Bir gün sonra Nizami Rayon Məhkəməsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin (CM) 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar vasitəsilə xuliqanlıq) maddəsiylə suçlanır. İddia olunur ki, avtomobil qəzası zamanı o, digər maşının sürücüsünü və yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. Tofiq Yaqublu ittihamı rədd edir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə – martın 22-də “Facebook” səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı:

“Dostlar, ciddi təxribatla üzləşmişəm. 8-ci kilometr bazarında park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır”.

Tofiq Yaqublu ilə münaqişə yaşadığı bildirilən şəxs isə onun hücumuna məruz qaldığını iddia edib.

Bir müddətdir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mobil, ev telefonu və internet elaqələrinin kəsildiyi bildirilir. Deyirlər ki, o və ailə üzvləri hətta evdən çıxıb çörək, lazım olan dərmanı ala bilmirlər. Çünki mobil xətti kəsilib və 8103-ə mesaj yazmaq olmur. Evinə gəlib yardım etmək istəyən partiya üzvlərini isə həbs edirlər.

Aprelin 17-də Abşeron Rayon Məhkəməsinin qərarıyla AXCP-nin başqa bir üzvü Vüqar Əbilli də polisə müqavimətdə suçlanaraq, inzibati qaydada 20 sutka həbs olunub. Son on gündə 6 nəfər AXCP fəalı İnzibati Xətalar Məcəlləsinin 211 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə həbs olunub. Onlardan AXCP sədrinin köməkçisi Faiq Əmirli, mühafizəçiləri Ruslan Əmirov, Niyaməddin Əhmədov, partiya fəalları Baba Süleymanov və Nicat Abdullazadənin hər birinə 30 sutka həbs cəzası verilib.

Ana səhifəSiyasətADR Hərəkatı həbslərlə bağlı hakimiyyətə çağırış etdi