DİN fəalın Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasına köçürüldüyünü deyir
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası üzvü Ziyafət Abbasovanın ruhi dispanserə yerləşdirilməsini qanunsuz sayır.
Bu barədə partiyanın bəyanatında bildirilir.
ADR qeyd edir ki, iyunun 6-da səhər saatlarından etibarən partiyanın fəallarından olan Ziyafət Abbasova ilə əlaqələr telefonunun söndürülməsi səbəbilə kəsilib.
Bir gündən artıq araşdırmalardan sonra məlum olub ki, o, yaşadığı sığınacağın rəhbərliyinin müraciəti əsasında öz iradəsinə zidd olaraq ruhi dispanserə köçürülüb.
“Ziyafət Abbasovanı tanıyanların hamısı onun psixoloji durumunun tam normal olduğunu bilirlər. Ona qarşı rejimin bu addımının onun kütləvi, mədəni tədbirlərdə fəal iştirakı, eyni zamanda, sosial şəbəkələrdəki ardıcıl, tənqidi və sərt çıxışları ilə bağlıdır. Buna şübhə yeri qoymayıblar”, – deyə ADR qeyd edib.
Təşkilat bunu hakimiyyətin öz opponentlərinə qarşı növbəti repressiyası kimi dəyərləndirir:
“Ziyafət Abbasovanın tək günahı mövcud iqtidarın qanunsuzluqlarını tənqid etməsidir. Hakimiyyətin öz tənqidçilərinə tolerant yanaşma qabiliyyətinin olmaması, avtoritar düşüncənin yaratdığı dözümsüzlüyü, real sosial, hüquqi və demokratik azadlıqlara kor olması, həqiqəti ifadə edən şəxsləri, hətta psixoloji dispanserə saldıracaq qədər qəddar qərarların qəbuluna əl atmasına yol açır”.
“Haqqında sərt və amansız qərar alınmış Ziyafət Abbasovanın irsi qan xəstəsi olduğunu rejim rəhbərliyinin diqqətinə çatdıraraq onun daim ciddi müalicəyə ehtiyacı olduğunu qeyd edir və son iki gündə ona qarşı tətbiq olunmuş qanunsuzluğun və zorakılığın onun səhhətində yarada biləcəyi problemlərin məsuliyyətinin şəxsən İlham Əliyevin üzərində qalacağını bildiririk”, – deyə təşkilat vurğulayıb.
Bəyanatda qeyd edilir ki, Ziyafət Abbasovanın saxlanıldığı vaxt ona qarşı tətbiq olunan zorakılığın təsirindən aldığı mənəvi, psixoloji zərbələrə rəğmən, səhhətində ciddi problemlərin yaranması səbəbiylə bu gün gecə saatlarında Sabunçuda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına köçürülüb.
Vəziyyətinin qənaətbəxş olmamasına baxmayaraq , yerli polis bölməsinin onun haqqında indiyə kimi aldığı qərarların hüquqi bazasını yaratmaq istiqamətində qurama istintaq hərəkətlərinə baş vurması haqda məlumatlar var:
“ADR Partiyası olaraq Əliyev hakimiyyətindən insan qatili olmamasını, psixoloji durumu tam normal olan, vicdanlı vətəndaş və dəyərli üzvümüz Ziyafət Abbasovanın təqibinin dərhal dayandırılmasını, onunla bağlı başladığı saxta və əsassız oyunlara son verməsini tələb edirik”.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Ziyafət Abbasova yaşadığı sığınacaqdan bir neçə vətəndaşın şikayəti və sağlamlıq vəziyyəti ilə əlaqədar ruhi-əsəb dispanserinə yerləşdirilib.
Ziyafət Abbasovanın iyunun 6-dan səhər saatlarından yoxa çıxması haqda məlumatlar yayılıb.
Məlumatlarda bildirilirdi ki, o, Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənlinin kitab təqdimatına getmək adıyla çıxıb və ondan heç bir xəbər yoxdur.
O, kitab təqdimatına da getməyib.
Üstündən 1 sutka keçəndən sonra – iyunun 7-də Daxili İşlər Nazirliyi onun ruhi-əsəb dispanserinə yerləşdirildiyini açıqlayıb.
İyunun 8-də isə Daxili İşlər Nazirliyi Ziyafət Abbasovanın ruhi-əsəb dispanserindən Sabunçuda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına köçürüldüyünü açıqlayıb.
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Z.Abbasovanın müalicəsinin Sabunçu xəstəxanasında davam etdirildiyini bildirib.
“Vətəndaş ruhi-əsəb dispanserində ixtisaslı həkim müayinəsindən keçirildikdən sonra 3 saylı Şəhər Klinik Xəstəxanasına köçürülüb. Hazırda müalicəsini orada davam etdirir”, – N. Əliyev deyib.
Ziyafət Abbasova sosial media hesablarında hakimiyyəti, o cümlədən prezident və vitse-prezidenti tənqid edirdi.