ADR: “Azərbaycan büdcəsi maliyyə baxımdan gərgin vəziyyətdədir”

ADR hökumətə Birinci Avropa oyunlarının keçirilməsi üçün nəzərdə tutulmuş büdcəyə yenidən baxmağı və əməliyyat xərclərini optimallaşdırmağı təklif edir

Source:


ADR hökumətə Birinci Avropa oyunlarının keçirilməsi üçün nəzərdə tutulmuş büdcəyə yenidən baxmağı və əməliyyat xərclərini optimallaşdırmağı təklif edir

“Azərbaycanın dünyada təbliği məqsədilə nəzərdə tutulmuş Birinci Avropa oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı verilən qərardan iki ildən artıq vaxt ötüb. Hesablamalara görə, Avropa oyunları üçün idman infrastrukturunun yaradılmasına və əməliyyat büdcəsinə birbaşa xərclər 4,2 milyard dollar təşkil edir. Avropa oyunlarının açılış və bağlanış mərasimlərində şouların, müxtəlif əyləncəli mədəni-kütləvi tədbirlərin hazırlanıb keçirilməsi, qonaqların təmtəraqlı qəbulu, yola salınması və sair bu kimi tədbirlər planlaşıdırılır. Amma bu tədbirlər proqramı hazırlanarkən Azərbaycanın dövlət büdcəsinin formalaşmasında əsas rol oynayan neftin dünya bazarında qiyməti indiki səviyyədə aşağı düşməmişdi. 2015-ci il Azərbaycan dövlətinin proqnoz büdcəsində neftin 1 barelinin qiyməti 90 dollar nəzərdə tutulmuşdursa, bu qiymət hazırda 50 dollara qədər enmişdir. Bu halda dövlət büdcəsinin nə qədər itkiyə məruz qaldığını hesablayanda maliyyə vəziyyətin xeyli pisləşdiyini görürük”.

Bu fikirlər Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) 16 martda Meydan TV-yə daxil olan bəyanatında yer alıb.

ADR-in bəyanatında bildirilir ki, hesablamalara görə, 1 barel Brent markalı neftin dünya bazar qiyməti 50 dollar olarsa, əldə etdiyimiz gəlirlər Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulan transferlərin 35,5 faizini, 60 dollar olarsa 47,9 faizini örtə biləcək və bu halda büdcə ciddi maliyyə çətinlikləri üzləşəcək. Bununla yanaşı, son 1 ayda Azərbaycan manatının ABŞ dollarına nisbətdə 34 faizə qədər ucuzlaşması da milli iqtisadiyyat və vətəndaşların rifahı üçün problemlər yaradıb. Hazırda Azərbaycan büdcəsi maliyyə baxımdan gərgin vəziyyətdədir. Odur ki, başqalarına xoş gəlmək üçün planlaşdırılan bədxərclik dövlətin cari maliyyə imkanlarını daha da pisləşdirə bilər. Bütün bunları nəzərə alaraq, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı hökumətə Birinci Avropa oyunlarının keçirilməsi üçün nəzərdə tutulmuş büdcəyə yenidən baxmağı və əməliyyat xərclərini optimallaşdırmağı təklif edir.

“Dünyada gedən iqtisadi proseslər, neftin qiyməti ilə bağlı yaranmış çətinliklər, iqtisadi böhranlar fonunda xərcləmələrin rasionallaşdırılması Avropa oyunlarının iştirakçıları və qonaqlar tərəfindən də anlayışla qarşılanar. Əks halda qonaqpərvərlik adı altında sərgiləyəcəyimiz bədxərclik onlarda da haqlı suallar yarada bilər. Artıq dünyanın bir neçə nüfuzlu təşkilatı və şəxsi Azərbaycanda mövcud olan insan haqlarının və azadlıqlarının pozulması halları bağlı Avropa oyunlarını boykot etmək barədə çağırış edib. ADR Hərəkatı hesab edir ki, Azərbaycan hakimiyyəti Birinci Avropa oyunlarının boykot olunması ilə bağlı çağırışlara da diqqət yetirməli, ölkənin Avropa modern ailəsinin üzvü olduğunu sübut etmək üçün siyasi məhbuslara azadlıq verməklə və vətəndaş cəmiyyətinin fəaliyyətinə olan məhdudiyyətləri aradan qaldırmaqla ölkənin demokratik imicini formalaşdırmalıdır”,- bəyanat bu fikirlərlə yekunlaşır.

Ana səhifəXəbərlərADR: “Azərbaycan büdcəsi maliyyə baxımdan gərgin vəziyyətdədir”