Teatr 300 min manat təzminat tələb edir
Müstəqil ADO teatrı Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Məliki və həmin teatrın rejissoru Əlif Cahangiri məhkəməyə verir.
Bu barədə Meydan TV-yə teatrın meneceri Kamal Aken məlumat verir.
Bildirib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) də müraciət olunub:
“Teatrı hüquqşünas Samirə Ağayeva təmsil edəcək. Vəkil ADO teatrının rəhbəri və əməkdaşlarına qarşı rejissor Əlif Cahangirlinin təhdidləri ilə bağlı DİN-ə müraciət edib. Müraciətin yaxın günlərdə araşdırılacağına ümid edirik. Məhkəmə sənədlərinin hazırlanması yekunlaşıb”.
“Akademik teatrın aktyoru Ramiz Məlik və teatrın rejissoru Əlif Cahangir “Facebook” sosial şəbəkəsində ADO teatrının və teatrın rəhbərinin ünvanına təhqiramiz fikirlər səsləndirib. Daha sonra Əlif Cahangirli yazı yazaraq media vasitəsilə təhqirlərini davam etdirib. Vəkil hesab edir ki, bütün bunlar teatrın imicinə, onun rəhbərinin işgüzar nüfuzuna xələl gətirir. Bütün bu təhqirlər şərəf və ləyaqətin alçaldılmasına yönəlib. Məhkəmə iddiasında “üzr istəmək” tələbi ilə yanaşı dəymiş mənəvi ziyana görə 300 min manat təzminat tələbi də irəli sürülüb. Baş vermiş məsələdə aktyorların heysiyyatına toxunulub və mülki qaydada qaldırılmış işdə qanun çərçivəsində cəzanın kəsilməsinə nail olacağımıza inanırıq. Toplanmış faktlar da iddia ərizəsinə əlavə olunub. Hesab edirik ki, bütün bu məsələlərin arxasında Akademik Milli Dram Teatrının rəhbəri Azərpaşa Nemətov dayanır”, – Kamal Aken əlavə edib.
Bir neçə gün bundan öncə Akademik Milli Dram Teatrının əməkdaşları “Facebook” sosial şəbəkəsi və media vasitəsilə ADO teatrına, teatrın rəhbəri və əməkdaşlarına qarşı təhqiramiz fikirlər səsləndiriblər.