Seyfəddin Ağayev

Mənbə: Meydan TV

Başlıq: Seyfəddin Ağayev

Adnalı sakini: Səhər yuxudan oyanmaq istəmirəm

Məqalə yeniləndi:  20 Avqust 2020

İşsiz Seyfəddin Ağayev dörd uşağı necə böyüdəcəyini bilmir

“Vətəndaşı bu qədər sıxışdırmaq, əzmək olmaz axı... Ölkəni idarə eləyənlər düşünmür ki, bu vətəndaş dörd uşağa nə yedirtsin, nə geyindirsin?”

Cəlilabadın Adnalı kənd sakini Seyfəddin Ağayev Meydan TV-yə başçısı olduğu ailənin vəziyyətindən danışır.

Seyfəddin Ağayev ailəsini günəmuzd fəhləliklə dolandıran adamdır. Ölkədə COVİD-19 virusu ilə əlaqədar başlanmış karantindən sonra o işləri də tapmaqda çətinlik çəkir. Nəticədə ailəsinin ac-yalavac qaldığını deyir:

“Sosial yardım almırıq, uşaq pulu yoxdur... Onsuz da günü-günə zorla calayıb yaşayırdıq. Bir gün iş olanda, beş gün olmurdu. Səhərdən axşamadək onun-bunun təsərrüfatında qəpik-quruşa ən ağır işlərdə işləyirdim ki, uşaqlara yavan çörək də olsa, alıb gətirim. Karantin yerli-dibli məhv elədi bizi... Dövlətdən heç bir dəstək almırıq, iş yoxdur... Səhər açılır, uşaqlar yuxudan oyanır, inanın ki, mən oyanmaq istəmirəm. Ailədə altı nəfərik, dördü azyaşlıdır. Yaşayış şəraitimiz pisdir, evimiz toyuq damına bənzəyir. Uşaqlar xəstədir, nə meyvənin, nə ətin dadını bilirlər. Yay bitdi, balalarım nə gilas, nə alça yedi, deyə-deyə qaldılar”.

“Ən ağır işlərdə də çalışaram”

Seyfəddin Ağayevin ən böyük problemi işsizlikdir. Əlində günəmuzd qazanclı işi olsa, necə deyərlər, “çulunu sudan çıxarar”. Rayonda isə işsizlik hökm sürür:

“İş üçün hər yerə müraciət etmişəm. Gedib xahiş eləmişəm ki, bizə heyvan verin, saxlayaq, çoxaldaq, həm dövlətə xeyrimiz dəysin, həm də başımızı dolandıraq. Yalvarmışam ki, mənə fəhlə işi verin, mənə əkin sahəsində iş verin, insan oğlunun görə biləcəyi ən ağır işləri də istəmişəm, yoxdur. İş yerlərini öz ətraflarındakı insanların arasında bölüşdürürlər elə bil... Mən bu boyda rayonda gündəliyi 3-5 manata iş tapa bilmirəm. Ordan-burdan eşidəndə ki, guya Cəlilabadda yüzlərlə iş yerləri açılıb, adamın başından elə bil isti su tökürlər”.

"Yaşayış şəraitimiz pisdir, evimiz toyuq damına bənzəyir"

"Yaşayış şəraitimiz pisdir, evimiz toyuq damına bənzəyir"

Mənbə: Meydan TV

“Gəlib işığı kəsəcəklər”

Seyfəddin Ağayev bu aralar yenə işıqsız qalacaqlarından da narahatdır. Deməsinə görə, bir neçə il əvvəl palçıq evi hörəndən sonra yerli işıq idarəsindən işıq xətti çəkilməsini xahiş etsə də, idarə xətt çəkməyib. O da özbaşına çəkməli olub. Nəticədə, cərimələnib:

“Palçıqdan daxma düzəltmişik, o vaxt dedik, gəlin bu daxmaya işıq çəkin, körpə uşaqlar şam işığında yaşayırlar. Dörd körpə uşaq olan evdə işıqsız, qazsız necə yaşamaq olar? Gördüm, dövlətin vecinə deyil, məcbur oldum, özüm işıq xətti çəkdim. Ondan bir müddət sonra qaça-qaça gəldilər, 200 manat cəriməni yapışdırdılar belimə... Dedim, sizin günahınız üzündəndir ki, mən sayğacsız işıq işlədirəm. Görürsüz ki, yaşamağa halımız qalmayıb, uşaqlar ordan-burdan quru çörək tapıb yeyir, məndə 200 manat nə gəzir ki, sizə ödəyəm? Ondan sonra gətirib sayğac quraşdırdılar. Cəriməyə görə isə dedilər ki, ölsən də, bu cərimə səninlə gora gedəcək, ödəməlisən, vəssalam. Bu gün yenə 249 manat borca görə bildiriş gəlib. Bunun 200 manatı cərimədir. Ödəməsəm, gəlib işığı kəsəcəklər, bu tifillər yenə qaranlıqda qalacaq”.

Məktəblər açılsa, uşaqları məktəbə göndərə bilməyəcək. Çünki nə geyimləri, nə ayaqqabıları, nə də məktəb ləvazimatları var.

Rəsmi qurumlar deyir ki...

Cəlilabad Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyiblər ki, vətəndaşı sosial problemlərin məngənəsindən çıxarmaq imkanları yoxdur. Bunun üçün büdcə nəzərdə tutulmayıb. Seyfəddin Ağayev sosial durumu ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, sayğaca yazılmış cəriməyə görə “Azərişıq” ASC-yə, işsizlik probleminin həllinə görə Cəlilabad Rayon Məşğulluq Mərkəzinə rəsmi müraciət etməlidir.

Rayonun Məşğulluq Mərkəzindən bildirilib ki, Seyfəddin Ağayev işsiz kimi qeydiyyata alınması üçün onlara müraciət etsə, araşdırılar, işsizliyə görə dövlət tərəfindən həyata keçirilən sosial layihələrə cəlb oluna bilər.

Cəlilabad Elektrik Şəbəkəsindən isə deyilib ki, Seyfəddin Ağayevin cəriməylə bağlı iddialarını araşdırmağa hazırdır. Yetər ki, vətəndaş bununla bağlı quruma rəsmi müraciət etsin.

"Uşaqlar xəstədir, nə meyvənin, nə ətin dadını bilirlər"

"Uşaqlar xəstədir, nə meyvənin, nə ətin dadını bilirlər"

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  20 Avqust 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/q7cgaf

Ən çox baxılan