ADNA terrorundan 6 il ötdü

Terror nəticəsində 12 nəfər öldürülmüşdü, məhkəmə 3 nəfər haqda ömürlük azadlıqdan məhrum etmə hökmü çıxartdı

Source:


Terror nəticəsində 12 nəfər öldürülmüşdü, məhkəmə 3 nəfər haqda ömürlük azadlıqdan məhrum etmə hökmü çıxartdı

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 6 il ötür.

Hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verib.

ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs “Makarov” tipli tapançadan istifadə edib.

İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Nəticədə 12 nəfər ölüb, 13 nəfər yaralanıb. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.

Qanlı hadisə nəticəsində Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu (1940), Nəzəri Mexanika Fakultəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı (1951) Neft qaz istehsalı və emalı texnikası kafedrasının müəllimi Vahidov Məcnun Abdulvahid oğlu, Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı; tələbələr Məmmədov Taleh Tariyel oğlu, Bəndəliyev Yusif Telman oğlu, Bağırov Ayaz Cavanşir oğlu, Cabbarov Savalan Allahverdi oğlu, Abdullayev Emin İmaməli oğlu, Babaşov Ruslan Cəfər oğlu, Aslanov Ceyhun Sakit oğlu, Akademiyaya süd məhsulları gətirən Qurbanova Ayna Abbasqulu qızı öldürülüb.

Hadisəni törədən cinayətkar ələ keçməmək üçün əlindəki silahla özünü vurub. Hüquq-mühafizə orqanı əməkdaşlarının hadisə yerində apardığı araşdırmadan məlum oldu ki, cinayətkar 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirovdur.

Faciə ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddənin bütün bəndləri, 29, 181 və 214-cü maddələrlə cinayət işi açıldı.

Cinayət işi üzrə 4 nəfər təqsirləndirilirdi. Cavidan Amirova Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3  (qanunsuz olaraq odlu silah, döyüş sürsatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Nadir Əliyev və Nəcəf Süleymanova CM-nin 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4  və 228.3-cü maddələri ilə, Ariz Qabulova isə CM-nin 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham elan olunurdu.

Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmədə Nadir Əliyev, Cavidan Əmirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il azadlıqdan məhrum edildilər.

Ana səhifəXəbərlərADNA terrorundan 6 il ötdü