ADNA faciəsindən 10 il ötür

Özünü öldürən şəxs 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Fərda Qədirov olub

Source: google.az


''Hadisənin hazırlanmasında günahkar bilinən Mardun Qumaşyan barəsində axtarış verilməyib''

Bu gün, 30 aprel Azərbaycan Dövlət Neft Akademiyasında baş verən faciənin 10 ili tamam olur.

Rəsmi məlumata əsasən, 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının “Qaz Neft Mədən” və “Neft Mexanikası” fakültələrinin yerləşdiyi binaya daxil olan şəxs qarşısına çıxan hər bir kəsə “Makarov” tipli tapançadan atəş açıb. Öldürülən və yaralananların demək olar ki, hamısı tələbə və müəllimlərdir. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı şəxs özünü də öldürüb. Özünü öldürən şəxs 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Fərda Qədirov olub. Hadisə nəticəsində F.Qədirovla birlikdə 13 nəfər ölüb, 13 nəfər yaralanıb.

Fərda Qədirov özünü öldürdükdən sonra üstündən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və sonradana terrorçuluq ittihamı da irəli sürülüb.

Bir il sonra, 2010-cu il aprelin 10-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hokmü ilə Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanov adlı şəxslər ömürlük həbs cəzasına məhkum edilib. Ariz Qabulov isə 11 il azadlıqdan məhrum olunub. Onların hamısı Gürcüstandan olan azərbaycanlılardır və terrorizm, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz silah və narkotik maddə saxlamaq ittihamları üzrə təqsirli bilinib.

Hökm zamanı müttəhimlər cinayətlə əlaqələrinin olmadığını və ifadələrini işgəncə altında verdiklərini bildiriblər.

İstintaqın məlumatına görə, cinayətin təşkilatçısı erməni əsilli Gürcüstan vətəndaşı, Mardun Qumaşyandır. O, müttəhimlərlə cinayət əlaqəsinə girərək, onları Bakıda azərbaycanlılara qarşı terror aktı törətməyə razı salıb.

Bildirilib ki, Mardun Qumaşyan terrorçuluğu maliyyələşdirərək bu cinayətin təşkili və həyata keçirilməsi üçün onlara ümumilikdə 50 min ABŞ dollar verəcəyini vəd edib. O əvvəlcədən Fərda Qədirova 5 min ABŞ dollar verərək, qalan məbləği cinayət törədildikdən sonra verəcəyi, eləcə də Fərda Qədirov tərəfindən hələ 2008-ci il noyabrın 8-də Tbilisidə odlu silah satışı mağazasından aldığı “Makarov” tipli tapança və 200 ədəddən artıq patronların qanunsuz olaraq Azərbaycana keçirilməsi barədə razılığa gəlib. Lakin bütün bunları sübut edən dəlillər təqdim edilməyib.

Vəkillər hüquq-mühafizə orqanlarının M.Qumaşyanın Azərbaycana verilməsi məqsədilə İnterpola və Gürcüstan hakimiyyətinə müraciət etmədiyini qeyd ediblər.

Mardin Qumaşyan hazırda Gürcüstanda yaşayır və hər hansı istintaq tərəfindən dinirilməyib.

İbtidai istintaq Fərda Qədirovun ruhi xəstə olduğunu müəyyən edib. O əvvəlcədən video müraciət yazıb və orada bu cinayəti Azərbaycan cəmiyyətinə nifrət etdiyinə görə törətdiyini deyib.

F.Qədirovun ölümündən öncə mobil telefonuna yazdırdığı video müraciət yerli telekanalarda nümayiş etdirilib. Fərda Qədirov Gürcüstana gəlməmişdən öncə Rusiyada yaşayıb.

Ana səhifəXəbərlərADNA faciəsindən 10 il ötür