“Onun həyatına görə məsuliyyəti məhz İlham Əliyev və hakimiyyəti daşıyır ”
Müsavat və Milli Şuranın üzvü Tofiq Yaqublunun ölüm aclığının 28-ci günüdür.
Yaqublunun qızı Nigar Həzinin bildirdiyinə görə, onun vəziyyəti gün keçdikcə daha da ağırlaşır.
“Vəziyyət çox kritikdir. Hər an nəsə olacağından çox narahatıq. Tofiq Yaqublunun vəkilləri onun səhhətini nəzərə alaraq ev dustaqlığına buraxılması ilə bağlı Apelliyasiya Məhkəməsinə ərizə ilə müraciət etsələr də, hələ də bir cavab yoxdur. Belə münasibət Əliyevlərin Tofiq Yaqubluya nifrətinin bariz göstəricisidir. Bu nifrət getdikcə onları qatilə çevirir. Nə qədər ki, Tofiq Yaqublu həyatdadır, onu azad edin. Bu ölkədə heç kimə sirr deyil ki, Tofiq Yaqublu İlham Əliyevin sifarişi ilə həbs olunub. Onun həyatına görə də məsuliyyəti məhz İlham Əliyev və hakimiyyəti daşıyır ”, – Nigar Həzi deyib.
“Bilirəm ki, bu aclıq mənim həyatımın sonu olacaq, amma mən azadlığım uğrunda ölümə getməyi seçirəm. Mən haqqım olan azadlığımı tələb edirəm. Ya azadlıq, ya ölüm!” – Nigar Həzi Tofiq Yaqubluya istinadla bildirib.
Onun dediyinə görə, bu gün, aprelin 28-də həkimi Adil Qeybulla Tofiq Yaqubluya baş çəkməli imiş:
“Günün birinci yarsından müraciət olunsa da, yalnız axşama doğru Adil həkimə razılıq verilib, amma az sonra da razılıqdan imtina edilib. Bu vəziyyət bizi narahat edir. Çünki hər an arzuedilməz hadisə baş verə bilər. Bunun üçün Tofiq Yaqublunun bu durumda etibar etdiyi həkimin onu tez-tez müayinə etməsi vacibdir”.
Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib. Buna etiraz olaraq aprelin 1-dən ölüm aclığı edir.
Tofiq Yaqublunun apelyasiya məhkəməsi isə mayın 6-na təyin olunub.
Müxalif siyasətçi 32 ildir Azərbaycana rəhbərlik edən Əliyevlər ailəsinin əsas tənqidçisidir və bu müddətdə 8 dəfə həbs olunub. O, vicdan məhbusu kimi tanınıb.