“Elə işçilər var ki, işindən xəbəri yoxdur”
“Mədəniyyət Nazirliyində kadrlarla bağlı problemlər var”.
Bunu Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı mədəniyyət nazirinin birinci müavini Adil Kərimli deyib.
Onun sözlərinə görə, elə işçilər var ki, işlədiyi işdən xəbəri yoxdur:
“Bunları təkmilləşdirmək üçün hər kəsin dəstəyinə ehtiyac var. Nazirliyin 41 minlik heyəti var, 30 mini bölgələrdə çalışır. Bunlardan yalnız 7 faizi mədəniyyət sahəsi üzrə təhsil alıb”.
Mənbə: Banker
“Ucqar kəndlərdə kitabxanaların və orada 20 min kitab fondunun olduğu deyilir, amma baxırsan ki, heç 2 min kitab yoxdur. Kənddə yaşayan əhalinin həmin kitabları oxuyub-oxumaması sualına cavab tapmaq lazımdır. Mədəniyyət müəssisələrində çalışan və büdcədən əməkhaqqı alan 30 min işçinin hamısı yerlərdədir. Onlar Azərbaycan mədəniyyətlərinə töhfə verə bilirmi? Xeyr. Bunu da hamı bilir”, – nazir əvəzi deyib.
Onun sözlərinə görə, bu sahədə ciddi işlərin görülməsi önəmlidir:
“Bəlkə, bu yükü azaldıb mədəniyyətin zəruri olan sferasına yönəldə bilərik. Mətbuatda da haqlı olaraq qeyd olunur ki, tarixi mədəni abidələrimiz təhlükədədir. Bu gün 6308 tarixi mədəni abidəmizin 4000-ə yaxını məhz nazirliyin nəzarətindədir. Təbii ki, həmin abidələrə mütəmadi şəkildə investisiya ayrılır. Bu gün 700-800 tarixi mədəniyyət abidəsi məhz işğaldan azad olunmuş ərazilərdə qeydiyyata alınıb və proses davam edir. Onların bərpasına da ciddi ehtiyac var. Hamı düşünür ki, bu işlərin hamısını Mədəniyyət Nazirliyi həll etməlidir”.
Adil Kərimli Mədəniyyət Nazirliyinin əvvəlki rəhbərliyinin kadr siyasətini də sərt tənqid edib:
“Artıq təyinatımdan iki ay keçib. Bu müddət ərzində tam şəkildə mədəniyyət sferasında baş verən prosesləri, infrastruktur, kadr potensialı ilə bağlı təhlil mərhələsindən keçməkdəyik. Problemlərlə daha yaxından tanış oluruq. İnstitusional səviyyədə problemləri gördükcə bu sahədə çoxlu qüsurların mövcud olduğunun şahidi oluruq. Mədəniyyət sahəsinə hökumət tərəfindən hər zaman xüsusi diqqət və qayğı var”.
“Qafqazinfo” yazır ki, Mədəniyyət Nazirliyinin sistemində, regional idarə və şöbələrində fəaliyyətində ciddi nöqsan aşkarlanıb 30-dan çox rəhbər şəxs və əməkdaş işdən çıxarılıb.
Məlumatda bildirilir ki, Adil Kərimlinin əmri ilə nazir müşaviri Fuad Məmmədov, nazirliyin teatr sektorunun müdiri Könül Cəfərova, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova da vəzifəsindən azad edilib.
Mədəniyyət Nazirliyindən Meydan TV-nin məsələ ilə əlaqədar sorğusuna cavab verilməyib.
2022-ci il dekabrın 22-də Prezident İlham Əliyev mədəniyyət naziri Anar Kərimovu vəzifəsindən azad edib.
Mədəniyyət nazir vəzifəsinin müvəqqəti icrasını Adil Kərimliyə həvalə edib.