Adil İsmayılovun “tələsdiyi yer”

Mən də baxmağa səbrim çatan qədər diqqət eləyib, bir iki məqamı dedim.

Source: Facebook


Çox adamı bu rejimin məhkəmələrində müdafiə elədi, amma COVİD-ə qarşı özünü müdafiə edə bilmədi

Mən vəkil otağına girəndə onun dodaqları çoxdan qaçmışdı. Altdan-altdan gülümsünürdü.

-Müəllim, ( O, “məllim” deyirdi) bu işlərin axırı necə olacaq? – Yarı gülüşlə soruşdu.

-A bəy, onu mən soruşmalıyam sizdən. Necə olacaq bu işlərin axırı? Dedim və əl uzatdım. Salamlaşma bəlkə də 30 saniyə çəkdi. Amma gülmək filan yox idi. Sonradan yenə hərə öz yerinə oturanda dilləndi:

“ Bəy, bura düşənlərin yarısı nə olacağını bilmədiyinə görə, yarısı da bildiyinə görə düşür. Mən də fikirləşdim ki, sən ikincilərdənsən, ona görə də dərhal soruşdum ki, axırımız nə olacaq. Ta sən də bilmirsənsə, deməli, səni nahaq tutublar. Beləcə, hökumətin qərarına haqq qazandıraraq gülüşdük. Bir az keçdi, sağollaşıb ayrılırdıq ki, “nadzor” xüsusi bir tərzlə Adil bəyə müraciət elədi:

“Adil müəllim, deyəsən savadlı adamdır, ha”. Adil bəy bir an düşünmədən cavab verdi: “ Elə də yox, savadlı olsaydı 3-dən 7-yə (maddəmin həbs sanksiyasını nəzrdə tutur) iş açmazdılar, 15-dən 20-yə olardı, ölüsü camaatınki kimi 8-dən 12-yə”. “Nadzor” bir az fikirləşib mat-mat “həri?” cavabını verdi. Adil bəy başını bulayıb getdi. Qapıdan çıxanda geri dönüb mənə “Məllim, kitab oxu, bizi biabır eləmə” deyib getdi.

Bir- iki həftə gəldi, beləcə söhbətləşirdik. Bir dəfə də əlində qovluqla gəlmişdi. Elə də qalın olmayan cinayət işimi stolun üstünə qoyub mənə tərəf itələdi: “Məllim, bax gör burda nə düz gəlmir”.

Mən də baxmağa səbrim çatan qədər diqqət eləyib, bir iki məqamı dedim. Qəhqəhə çəkdi: “A bəy, burda nə düzdü ki”. Sən demə, eyni vaxtda müstəntiq məndən və 6 şahiddən ifadə alıb, bu cəhənnəm, polis idarəsindən avtomobillə yarım saatlıq məsafədə olan “hadisə yeri”nə baxış keçirib. Hələ orada da iki ifadə alıb. Gülüşüb yola verdik. Təbii ki, məhkmədə Adil bəy müstəntiqi oraya gətizdirdi və xeyli tər tökdürdü. Amma məhkəmədən qabaq üzləşmə var idi. Müstəntiq oturan kimi başladı hər iki vəkilimi- rəhmətlik Elton bəyi və Adil bəyi tərifləməyə. Elton bəy dilləndi: “Canın haqqı, özünü yorma güzəşt yoxdu”. Adil bəy: “ Var, niyə yoxdur? Bilal müəllim səmimi adamdı hər şeyi etiraf edəcək”.

Müstəntiq diksindi: “Nəyi etiraf edəcəm?” Adil bəy yavaşca işi göstərib dedi ki, müəllim biz bu “papka”ya görə burdayıqsa, burda ancaq sizin cinayətlərdi. Müstəntiq, durmadan iki stəkan çay içdi, sonra xahiş elədi ki, işi təxirə salaq. Təxirə saldılar, ona güzəşt elədilər.

Kürdəxanı təcridxanasında saat 5 də bitirdi vəkil vaxtı. Bəzən 5-ə 10 dəqiqə qalmış məni çağırardılar vəkillə görüşə. Bilirdim ki, Adil bəydir. 5 dəqiqəlik olsa da, görməsə getməzdi. Bu, mənə özəl addım deyildi. Kimi müdafiə edibsə, hamı eyni şeyi deyirdi.

Müxalifəti uzun tənqid edərdi, mən gah razılaşırdım, gah da müdafiə olunurdum. Uzun söhbətlərimiz bəzən saatlarla çəkirdi. Son söhbətlərin birində indi millət vəkili olan Erkin Qədirlinin “tələsən yerimiz yoxdur” sözlərini kəskin tənqid edirdi. Mən də opponentlik eləmək istədim. Qəflətən tərzi olamayan biçimdə sözümü kəsdi. Bu gündən sonra heç vaxt unutmayacağım tərzdə “mənim tələsən yerim var, altmışı keçmişəm, nəyisə yaxşı görmək istəyirəm”,- dedi.

“Görəcəksiz, müəllim, altmış nədir ki…”Tələsən yeri olduğunu bir zarafat kimi başa düşmüşdüm, amma ciddi deyirmiş qocaman vəkil. Çox adamı bu rejimin məhkəmələrində müdafiə elədi, amma COVİD-ə qarşı özünü müdafiə edə bilmədi.


P. S.

Bəlkə də bu yazı xoşunuza gəlmədi. Sakit qala bilmədiyim üçün yazdım. İndi həqiqətən də onun ölümünü həzm etmək kimi çətin bir iş var.

Ana səhifəXəbərlərAdil İsmayılovun “tələsdiyi yer”