Adı Nərgiz olacaq!

Biz onsuz neyləyəcəyik və nə etməliyik?

Source:

Nərgizin bizi tərk etməsindən 1 ay keçdi.

Bu bir ayda Nərgizlə bağlı müxtəlif fikirlərimi, düşüncələrimi bölüşmək istədim, amma mümkün olmurdu. Hər gün getdiyim uzun yol boyu gözəl dostumu düşünür, hər dəfə evə çatıb düşüncələrimi yazacağımı qətiləşdirirdim, heç cürə mümkün olmurdu. Bu dəfə mümkün olub-olmayacağını da bilmirəm…

Heç elə olmadı ki, Nərgizi düşünərkən Nigarı, Maya xanımı düşünməyim. Yaza bilməməyimə səbəblərdən biri elə Nigar oldu. Hər dəfə yazmaq istəyəndə, dəfn günü Nigarın naləsini eşitdim, həmin AN gözümün qarşısına gəldi, bütün düşündüklərimi alt-üst etdi, yaza bilmirdim. İndi də, həmin səsi eşidirəm, həmin dəhşətli səhnə gözümün qarşısından getmir. Yəqin heç zaman da getməyəcək!

Bu bir ayda Nərgiz haqqında dostlarla söhbət etmək mümkün olmadı, elə bil, hər kəs bu mövzuda danışmaqdan qorxurdu, heç kim Nərgizin yoxluğu haqqında danışmağı bacarmırdı. Elə mən də. İki gün öncə Müsavat Partiyası Nərgizlə bağlı anım tədbiri keçirdi, ailə, dostlar, qohumlar, müsavatçılar birlikdə Nərgiz haqqında danışdıq. Həmin tədbirdə Nərgiz haqqında danışmağın və yazmağın vacibliyini aydın şəkildə hiss etdim, yazmamaq, danışmamaq daha çətindir.

Xatirə gecəsində zaman söz demək istədim, Meydan tv-nin əməkdaşları hazırladığı Nərgiz haqqında filmdə Nigarla bağlı, yuxarıda qeyd etdiyim həmin AN-a da yer vermişdilər. Danışmaq istədiklərim, xatirələrim, hamısı alt-üst oldu ümumiyyətlə danışa bilmədim, nələrsə dedim, amma çox qarışıq, uzun, anlaşılmaz alındı. Xatirə tədbiri də həmin film də çox ağır oldu,

Nigarın zalda olması, bir aydır üz-üzə gəlməkdən çəkindiyim, heç cürə təsəlli verə bilmədiyim, bilməyəcəyim Maya xanımı bu faciədən sonra ilk dəfə idi, görürdüm. Ağır oldu. Nərgizin faciəsi kimi xatirələri haqqında danışmaq da çox ağırdır. Biz dostlar bundan sonra Nərgizsiz neyləyəcəyik və neyləməliyik deyə düşündüm… Qəti əmin oldum ki, Nigarla, dostlarla, qohumlarla, müsavatçılarla, demokratlarla, ən əsası ailəsi ilə birlikdə O-nu yaşatmalıyıq, yaşadacayıq da!

Nərgiz həyatda olduğu zaman yalnız demokratik mübarizə aparmırdı, Nərgiz mədəni davranışları təbliğ edirdi. Dostlardan kimsə Nərgizin yanında adi kağız parçasını, siqaret kötüyünü yerə ata bilmirdi, Nərgiz həyatdan köçüb bizi tək qoyub getdikdən sonra isə onu hər zaman yanımızda hiss edirik, yaxın dostlarımızın heç biri yerə adicə bir çöp belə atmır! Biz yalnız mübarizəmizlə deyil, həm də bu kimi davranışlarımızla Nərgizi yaşadacağıq!

Nərgizi yaşatmaqda kədərlənməklə, ağlamaqla, göz yaşları ilə, məzarını ziyarət etməklə kifayətlənməyəcəyik. Nərgizin arzularının, düşüncələrinin, mübarizəsinin davam etməsinə çalışacağıq. Sevimli dostumuzun arzularının gerçəkləşməsi, yaxınlarına, Nigara, həyat yoldaşına, Maya xanıma. həm də biz dostlara əmanət qoyub getdiyi körpəsinin xoşbəxt gələcəyi üçün əlimizdən gələni edəcəyik. İndi tanrıdan istəyimiz körpənin sağlam böyüməsi, Nərgizin ruhunun rahat və şad olmasıdır. Yaşatmaq üçün yaşayacağıq.

Biz insanları sevəcəyik, həmin sevginin adı Nərgiz olacaq!

Biz gözəllikləri təbliğ edəcəyik, bu gözəlliyin adı Nərgiz olacaq!

Bəli, biz güləcəyik də həmin gülüşün də adı Nərgiz olacaq.

Biz musiqi də dinləyəcəyik, həmin musiqinin adı Nərgiz olacaq.

Bizim solmayan gülümüz olacaq, həmin gülün adı Nərgiz olacaq!

Onun apardığı mübarizəni davam etdirəcəyik, mübarizəmizin adı Nərgiz olacaq!

Sonda qələbə qazanacayıq, o qələbənin adı Nərgiz olacaq!

Ana səhifəMənim FikrimcəAdı Nərgiz olacaq!