Əhməd Əhmədovun Kürdəxanı təcridxanasında saxlanıldığı deyilir
Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun həbs edildiyi bildirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsilə ittiham irəli sürülüb.
Məlumatı Baş Prokurorluğun mətbuat xidməti təsdiqləyib: “Əhməd Əhmədovun həbs edilməsi barədə yayılan məlumatlar doğrudur”.
Onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Keçmiş nazirin Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlandığı bildirilir.
69 yaşlı Əhməd Əhmədov 2000-2017-ci illərdə Naxçıvan MR daxili işlər naziri vəzifəsində çalışıb. O, nazir olmamışdan əvvəl – 1997-2000-ci illərdə Muxtar Respublikanın Daxili İşlər Nazirliyində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi işləyib.
Üç il əvvəl Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədov da sələmlə pul verdiyi adamı döydürməkdə, vəsaitin qaytarılması tələbilə girov saxlatdırmaqda ittiham edilərək həbs olunmuşdu.
Əhməd Əhmədov nazir olduğu dövrdə onun da adı vətəndaşlara qarşı işgəncələrdə hallanıb.
Azərbaycanda hüquq-mühafizə orqanlarında işgəncə halları barədə məlumatlar rəsmi şəkildə təkzib olunur.