Adəm peyğəmbərin günahı

Bu ilin “Kənd təsərrüfatı ili” elan olunması məmurlarda yeni-yeni “rekordlar” uydurmağa həvəs yaradır

Source:


Bu ilin “Kənd təsərrüfatı ili” elan olunması məmurlarda yeni-yeni “rekordlar” uydurmağa həvəs yaradır


Kənd təsərrüfatı naziri televiziyalara müsahibə verərək, taxıl istehsalında məhsuldarlığın son 100 ilin rekord həcmində olduğunu deyib. Daha sonra o, fikrini belə davam etdirib: “30,5 bütün taxıldı, konkret buğdaya gəldikdə isə 31-dən artıq hər hektarda. Bilirsiniz, keçən il 22-dən bir az yuxarı olub. Ümumiyyətlə, 1913-cü ildən bəri olan, bu vaxta olan arxiv materiallarına əsasən, belə bir göstərici son 100 ildə olmayıb”.

Nazirin çıxışını dinləyərkən əvvəlcə belə qənaətə gəldim ki, bu ilin məhsuldarlığını 100 ilin rekordu kimi ictimaiyyətə təqdim etməklə məmur böyük təvazökarlıq edib. Lakin çıxışı sona kimi dinləyəndə anladım ki, nazir “1913-cü ildən bəri olan arxiv materiallarına əsasən belə təmkinli çıxış edib. Əgər Adəm peygəmbər vaxtında uçot sistemi qursaydı, yaxud ibtidai icma quruluşundan ta bu günə qədər elementar qeydiyyat aparılsaydı biz “rekord” göstəricilərin tarixdə yalnız bizim məmurlara aid olduğunu çox asanlıqla subut edərdik. Hörmətli nazir də çəkinə-çəkinə 100 illə məhdudlaşdırdığı rekordun qədimdən bəri olmadığını cəsarətlə deyərdi.

Apardığımız araşdırmalar onu deməyə əsas verir ki, taxılın, buğdanın məhsuldarlığı ilə bağlı səsləndirilən rəqəmləri son 100 ildə heç bir nazir, dövlət başçısı səsləndirə bilməyib. Bu o demək deyil ki, Azərbaycanda hər hektardan 30 sentner məhsul götürmək mümkün deyil. Təcrübə göstərir ki, ölkə üzrə 30 sentner məhsul əldə etmək üçün əziyyət çəkməyə ehtiyac yoxdur. Əslində Azərbaycan şəraitində hər hektardan 30 sentner taxıl əldə etmək lovğalıq üçün ciddi əsas da vermir. Ölkəmizin torpaq-iqlim şəraiti hər hektardan 65-70 sentner məhsul əldə etmək imkanı verir. Digər ölkələrdə olduğu kimi daha məhsuldar buğda, arpa və sair taxıl sortları yetişdirməklə, daha müasir texnologiyanı tətbiq etməklə ölkəmizdə hər hektardan 80-90 sentner məhsul əldə etmək mümkündür. Bu göstəricilərə Avropa ölkələrində, Misirdə, Rusiyanın qabaqcıl təsərrüfatlarında uzun illərdir ki, nail olurlar.


Gözəl xanım deputat göz yaşlarını silə-silə deyirdi…

Rekordlardan söz düşmüşkən istərdim ki, “arxiv materiallarına əsasən” keçən 100 ildə kənd təsərrüfatında qeydə alınmış “rekordlar”dan söhbət açaq. Hesab edirəm ki, kənd təsərrüfatı naziri rekorddan danışanda gərək sələfinin, əvvəlki nazirin “rekordlarını” da unutmasın, yada salsın. Ona görə ki, o da bir vaxt analoqu olmayan, rekord göstəriciyə imza atdığını demişdi. İndiki kimi yadımdadı, onun “rekordu” bir çox deputatları da coşdurmuşdu. Onlar o vaxt İ. Abasovun böyük naillətlər əldə etdiyini və layiqincə mükafatlandırılmasını istəyirdilər. Taxılçılıqda 2008-ci ildə hər hektardan 27,9 sentner taxıl və hər hektardan 27,8 sentner payızlıq buğda istehsal olunduğu göstəricisini ortaya qoymaqla İ. Abasov 100 illiyin məhsuldarlıq “rekordunu” birinci qeyd etmişdi. Ortaya qoyduğu rəqəmlərə görə deputatlar tərəfindən tərif olunan Abasov növbəti ildə də ən yüksək, 100 ilin “rekord” istehsal rəqəmini ictimailəşdirdi. Belə ki, 2009-cu ildə ölkədə 2 milyon 988 min 300 ton taxıl istehsalı rəqəmini elan etd. Bu dəfəki “rekord göstərici” isə deputatları, məmurları yenidən coşdurdu, onlar özlərini saxlaya bilmirdilər. Bu mənzərəni televiziya ilə izləmək də çox maraqlı idi. Gözəl xanım deputat sifətinə axan sevinc, təbəssüm göz yaşlarını silə-silə deyirdi: “yaxın illərda Azərbaycan taxıl ixracatçısına çeviriləcək.” Hətta buna Abasov özü də inanmışdı, o, televiziyalarda çıxış edərək, 2010-cu ildən başlayaraq Azərbaycanın taxıl ixrac edəcəyini bəyan etmişdi. Onu da qeyd etməliyəm ki, ölkə ictimaiyyəti üçün şəffaf, açıq olan, “nailiyyətlər”, “rekordlar”la yanaşı tam məxvi, gizli saxlanılan əsl rekordların da sayı az deyildi. Elə həmin illərdə İ. Abasov ictimaiyyətdən gizli saxlanılan bir neçə rekorda imza atmışdı. Belə ki, “rekord məhsuldarlıq” əldə olunan 2008-ci ildə ölkəmizə xarici ölkələrdən 368 milyon 379 min ABŞ dolları dəyərində buğda gətirilmişdi. Bu göstərici də son 100 illiyin dəyər ifadəsi ilə ən yüksək idxal göstəricisi olmaqla yanaşı həm də ölkənin ərzaq buğdasına olan ehtiyacının tam idxaldan aslı qoyulması demək idi. Lakin bu hələ son deyildi. Məmur və deputatların verdikləri vədin əksi olaraq, 2010-cu ildən ölkə nəinki taxıl ixracına başlamadı, əksinə elə həmin ildə əvvəlki ilə nisbətən istehsal 100 ildə görünməmiş həddə azaldı, istehsal 987 min 800 ton azalaraq 2 milyon tona düşdü. Sonrakı illərdə də ölkəyə idxal edilən taxılın həcmi artmağa başladı. Belə ki, yalnız buğda idxalı analoqu olmayan, rekord səviyyədə artaraq 2013-cü ildə 1milyon 451 min ton təşkil etdi. Nazir idxal olunan məhsulun dəyəri ilə bağlı rekordu da yenidən təzələdi. Bu dəfə ölkəyə gətirilən buğdanın dəyəri 395 miyon 282 min ABŞ dolları təşkil etdi.

Abasovun digər sahədəki rekordlarını mətbuat geniş işıqlandırılıb. Mənim bu haqda nəsə yazmaq fikrim yoxdu. Sadəcə onu deyə bilərəm ki, ondan əvvəlki nazirlərin heç biri İngiltərədə dəbdəbəli malikanə, maşın, Türkiyədə villa sahibi ola bilməyib. Bu da rekord göstərici sayıla bilər.


“Şanlı” keçmişimiz

Ümumiyyətlə rekord məhsul istehsalı ifadələri H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi sovet dövründə tez-tez işlədilərdi. Apardığımız araşdırmalar da göstərir ki, o vaxtdan indiyə qədər bir çox məhsullarla bağlı “rekord göstəricilər” hələ də yenilənməyib. Misal üçün, 1979-cü ildə ilk dəfə pambığın məhsuldarlığı 30,8 sentner göstərildi. Sonrakı ildə də bu göstəricini nisbətən saxlamağa çalışsalar da “rekordu” təzələmək mümkün olmadı. O vaxt az da olsa, qorxu var idi, indiki kimi rəqəmləri, göstəriciləri aşırı şişirtmək olmazdı. Həm də 1979 –cu ildə buna “zərurət” var idi. Həmin il Heydər Əliyevə birinci dəfə Sosialist Əməyi Qəhrəmanı adı veriləcəkdi. Növbəti ildə təkrarlamağa ehtiyac da yox idi. Ona görə də sovet saxtakarları 1980-ci ildə pambığın məhsuldarlığını 30,2 sentner göstərməklə kifayətləniblər. Əvvəllər və sonradan pambığın məhsuldarlığını bu qədər şişirtmək, göstərmək mümkün olmayıb. Lakin saxtakarlar da əməllərindən əl çəkməyiblər. Belə ki, pambıq “pripiska”sı ilə yanaşı üzümün istehsal göstəricilərinə də əl gəzdirməklə Moskvanın gözünə yaxşı görünmək istəyiblər. Belə ki, pambıq “pripiska”sının faydasını görənlər 1981-ci ildə üzümün məhsuldarlığını 101,7 sentner göstərməklə bu sahədə də rekord yaradıblar. Ümumiyyətlə nazirin dili ilə desək “1913-cü ildən bəri olan, bu vaxta olan arxiv materiallarına əsasən” azərbaycanda yetişdirilən bütün kənd təsərrüfatı məhsullarının əkin sahəsi, istehsalı, məhsuldarlığı, idxalı, ixracı və sair göstəricilər üzrə minlərlə rekordlar olub. Əksəriyyəti də kağız üzərində. Bu “rekordlarla” sahəyə məsul olan məmurlar yuxarıları aldadaraq onlardan tərif, vəzifədə müddət , mükafatlar almağa nail olublar.


Önəmli olan çəkidir, çəki

Qaldı ki, nazirin fərəhlə qeyd etdiyi 100 illik rekorda, əgər 2015-ci ilin ümumi istehsal göstəricisi əvvəlki 100 ilin göstəricisindən yüksək olsaydı bunu naliyyət kimi qeyd etmək olardı. Birincisi yuxarıda qeyd etdiyim kimi, nazirin sələfi Abbasov 2 milyon 988 min 300 ton taxıl istehsalı göstəricisi ilə “rekord”un əsasını qoyub. Bu ilki 2,7 milyon ton taxıl istehsal göstəricisi həmin “rekordu” heç yeniləmək üçün də yetərli deyil. İdmandan fərqli olarab bu sahədə çəki önəmlidir. Bu sahədə əsas ölkənin ərzaq buğdasına olan təlabatını daxili istehsal hesabına ödənilməsidir. Buna isə fənd işlətməklə, rəqəm şişirtməklə nail olmaq mümkün deyil. İlin əvvəlində heç bir ciddi əsas olmadan Azərbaycan Dövlət Taxıl Fonduna tədarük edilən taxıl ehtiyatının həcmi artırıldı. Nazirlər Kabinetinin “Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcminin müəyyən edilməsi haqqında” qərarına əsasən, Taxıl Fonduna yığılan ehtiyatın həcmi 750 min tona çatdırılıb. Əvvəllər isə bu ehtiyat 500 min ton təşkil edirdi. Təəssüflə qeyd etməliyəm ki, Taxıl Fondunda buğda ehtiyatı əsasən xaricdən, digər ölkələrdən gətirilən məhsulların hesabına formalaşır. İlin əvvəlində bu addımın atılmasına səbəb bəlkə də bu il buğda istehsalının az olacağı ilə bağlı verilən proqnozlar olub. Hökumətin bu qərarından sonra bu il Rusiyadan buğda idxalı əvvəlki ilə nisbətən 2 dəfə artıb. Onu da qeyd edim ki, bu ilin fevral ayından Rusiya hökuməti dünya bazarında mövcud olan qiymətdən fərqli olaraq hər ton buğda üçün 37 avro əlavə qiymət müəyyən etdi. Ancaq Rusiya buğdasının baha olmasına baxmayaraq, Azərbaycan daha çox maliyyə ödəməklə buğdanı şimal ölkədən idxal edib. Gətirilən buğdanın həcmi çox olmaqla yanaşı, qiyməti də baha başa gəlib. İndi isə çox baha qiymətə idxal etdikləri buğdanı yüksək qiymətə təklif edirlər. Belə ki, dünya bazarında 1 ton buğdanın qiyməti 169-170 dollar olduğu halda, Azərbaycanda qiymət 250 dollar civarındadır. Bunu da məmurların yaratdığı süni qiymət rekordu kimi qeyd etmək olar. Bu gün dünya bazarında 1 ton buğda unu 200 dollar olduğu halda, Azərbaycanda 2 dəfə baha qiymətə təklif olunur. Ölkədə qiymətin bu səviyyədə saxlanmasında marağı olan qüvvələr, inhisarçılar, oliqarx-məmurlar var. Heç şübhəsiz ki, Dövlət Taxıl Fonduna yığılan ehtiyatın həcminin 750 min tona çatdırılmasına da həmin oliqarx-məmurlar təşəbbüs göstərib. Rekord səviyyədə, 750 min ton 7-8 aylıq buğda ehtiyatının dövlət hesabına yaradılması isə birmənalı olaraq koorrupsiyaya, talançılığa yol açır. Dövlət hesabına fondda bu qədər məhsul ehtiyatı yaratmaq yalnız oliqarx-məmurların merkantil maraqlarına xidmət edir. Hər halda, hökumət məmurları da bundan bəhrələnməmiş deyillər.


Artan idxal hesabına azalan istehsal

Nazir 2015-ci ilin məhsuldarlığını əvvəlki ilin göstəricisi ilə müqayisə edir. Nəzərə almaq lazımdır ki, sələfinin vaxtında -2013-cü ildə hər hektardan 26,8 sentner göstərildiyi halda, 2014-cü ildə, H. Əsədovun vaxtında özünün dediyi kimi məhsuldarlıq “22-dən bir az yuxarı” rəqəmlə faktiki göstərici enmişdi. Lakin, bu uğursuzluğu əvvəllər dilə gətirmədikləri halda, indi rəqəmin kiçik olmasından istifadə edərək müqayisə üçün istifadə edirlər. Əslində isə 2014-cü ildə, indiki nazirin dövründə taxıl istehsalı əvvəlki ilə nisbətən 575 min ton azaldığı halda, bu haqda danışmırdılar, susurdular.

Əlbəttə, istehsalla bağlı rəqəmləri məmurlar özləri uydurduqları üçün uzun –uzadi bu haqda yazmağa, buna vaxt itirməyə dəyməz. Dəqiq olan odur ki, ölkəyə bu ilin 6 ayında, son 100 ildə rekord dəyərdə buğda gətirilib. Belə ki, Azərbaycana 2015-ci ilin ilk 6 ayı ərzində 187 milyon 556 min ABŞ dolları dəyərində buğda idxal olunub. Buna baxmayaraq, qeyd etdiyim kimi buğdanın və unun qiyməti ölkə bazarında hələ də rekord səviyyədə yüksək olaraq qalır. Digər tərəfdən, bu il Dövlət Taxıl Fonduna yığılan ehtiyatın süni olaraq artırılması kənd təsərrüfatı nazirliyinə imkan yaratdı ki, artan idxal hesabına azalan istehsalı ört-bastır etsin. Bu hal manipulyasiya üçün geniş imkan yaratdı. Ona görə də ortada heç nə olmadığı halda, məmurlar manipulyasiyaya əl atıb taxılın məhsuldarlığı ilə bağlı göstəriciləri uyduraraq, iş görüntüsü yaratmağaçalışırlar. Bu ilin “Kənd təsərrüfatı ili” elan olunması isə onlarda yeni-yeni “rekordlar” uydurmağa həvəs yaradır.


İdman arenası deyil

Əslində kənd təsərrüfatı idman arenası deyil. Bu çox ciddi bir sahədir. Kənddə milyonlarla insanlar yaşayaır, çalışır, ömür sürür, bu məkan onların həyat tərzidir. Deməli kənd təsərrüfatı həm də sosial sahədir. Digər tərəfdən kənd təsərrüfatı ölkəni ərzaqla, xammalla təmin edən ən vacib sahədir. Bu sahə ilə bağlı rəqəm sadalayanlar, hər 3 aydan bir kənd təsərrüfatında üç, beş, on beş faiz artım olub deyənlər kənd təstəsərrüfatının funksiyasını, mahiyyətini anlamalıdırlar.

Ana səhifəXəbərlərAdəm peyğəmbərin günahı