”Belə olmasaydı, Cavid Hüseynova daha ağır ittiham verilərdi”
Aprelin 13-də Səbail rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məhkəməni işıqlandıran Meydan TV əməkdaşının məlumatına görə, hakim Elmar Rəhimovun sədrlik etdiyi prosesdə şahid qismində Rasim Əliyevin anası Teyfurə Əliyeva ifadə verib.
T. Əliyeva deyib ki, Rasim Əliyevlə Elşən İsmayılovun görüşündən Cavid Hüseynovun xəbəri olub və Cavid istəsəydi bu görüşə mane ola bilərdi, lakin maraqlı şəxs olduğuna görə bunu etməyib: “Mən şahid kimi ifadə verirəmsə, bunun bir təsiri olacaq, ya yox? Əgər olmayacaqsa, mənim danışıqlarım boşa gedəcək. Mən Allaha və Rasimin ruhuna and içirəm ki hər şeyi düzgün danışıram. Rasim ölməmişdən əvvəl danışmışdı, Elşən ona zəng edəndə deyib ki, Cavid özü bildirib ki, get Rasimlə görüş, üzr istə. Onlar Rasimin üzr istəməsini gözləyiblər. O üzr istəməyəndə də bu hadisə baş verib. Avropa oyunları zamanı bütün ölkə ayağa qalxmışdı. Çalışırdılar ki, ölkəni yaxşı tanıdaq. Rasim də bir savadlı adam kimi deyib ki, Cavidin onu təmsil etməsini istəmir. Buna görə niyə döyülüb öldürülməli idi? Bu gün onu susdurdunuz. Sabah kimi susduracaqsınız? Rasim bilsəydi qarşısındakılar çaqqal sürüləridi, tək getməzdi. Özünüz də bilirsiniz ki, Elşən əvvəllər də bir nəfəri bıçaqlayıb. Sizin bu hərəkətinizlə hər şey sübut olundu. Cavid Rasimə deyə bilərdi ki, görüşə getmə”.
Hakim bildirib ki şahidlərin ifadələrinə və sübutlara məhkəmə sonda qiymət verəcək. İndidən hansısa ifadəyə qiymət vermək olmaz.
Vəkil Adəm Məmmədov isə deyib ki, istintaq orqanı Teyfurə Əliyevanın verdiyi ifadəyə tənqidi yanaşıb, əgər belə olmasaydı, Cavid Hüseynova daha ağır ittiham verilərdi.
Daha sonra şahid məhkəmə iştirakçılarının suallarını cavablandırıb.
Cavid Hüseynov isə qısa çıxışında bildirib ki, Rasimin döyüldüyünü saytlardan oxuyub və onun yanına gedib:”Bütün ictimaiyyət hadisədən xəbərdar olduğu üçün mən polisə xəbər vermədim. Onun öldüyünü isə qardaşım Almaniyadan zəng edib mənə deyib. Mən Rasimlə telefonda mülayim danışmışam. O, məndən üzr istədi və bildirdi ki, üzr istəmək böyüklükdür. Mən özüm də utandım. Özüm namaz əhliyəm. Yazışmalardan da görünür ki, barəmdə kimin nə yazması mənə maraqlı deyil. OnIarın da işi yazmaqdır”.
Sonra vəkil Adəm Məmmədovun iclasa gəlməyən dörd nəfər şahidin məcburi gətirilməsi barədə vəsatətinə baxılıb. Məhkəmə vəsatəti təmin edib.
Proses aprelin 27-də davam etdiriləcək.
Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir. Bu iş üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata verilib.