Ramilə Ağayeva: “Can yiyəsi mənəm, məgər bilmirəm ki, o ayaq əməliyyat olunub, yoxsa yox?”
Göyçay sakini Ramilə Ağayevanın gəzə bilməsi üçün üzərində cərrahiyyə əməliyyatı aparılmalıdır. Təxminən 25 ildir səhhətindəki problemləri aradan qaldırmağa çalışdığını deyən Ramilə Ağayevanın sözlərinə görə, bir müddət öncə türkiyəli həkimlər ona çıxış yolu göstəriblər. Amma buna da maddi durumu imkan vermir.
“Sən demə, ağır əməliyyatdan çıxan adama belə eləmək olmazmış…”
Başına gələnləri Meydan TV-yə danışan 42 yaşlı Ramilə Ağayeva anasını 5 yaşı olanda itirib. O vaxtdan qardaşı ilə birlikdə ana nənəsinin yanında böyüyüb:
“Məni ana nənəm saxlayıb, o da təxminən bir ildir ki, vəfat edib. Ona görə hazırda xalamın evində qalıram. 1998-ci ildə evdə pəncərəni siləndə yıxıldım, onurğam, sol ayağım zədələndi. Dərhal onurğamdan əməliyyat olundum. Əməliyyatdan sonra ayağımı da masaj eləyirdilər, hərəkət elətdirdilər. Sən demə, ağır əməliyyatdan çıxan adama belə eləmək olmazmış. Bütün orqanizmi zədələyiblər…”.
Göyçay sakini deyir ki, onda sümük uzanması əmələ gəlib:
“Rentgen nəticəsində görünür ki, oynaq başı sirkə kasası ilə qovuşub. Əməliyyat olunub çıxmayan endoprotez qoyulmalıdır”.
“Təəssüf ki, o qədər pulum yoxdur…”
Ramilə Ağayeva danışır ki, ötən illər ərzində Azərbaycanda onlarla həkimə gedib. Onun sözlərinə görə, eşitdikləri bəzən məyusluq, bir sıra hallarda da inamsızlıq yaradıb. İnamsızlığını isə belə izah edir:
“Bir həkim deyir ki, bu ayaq əməliyyat olunub, içərisində dondurulub. Deyirəm ki, can yiyəsi mənəm, məgər bilmirəm ki, o ayaq əməliyyat olunub, içində nəsə var, yoxsa yox?! İndi mən bu həkimə necə etibar edim? Eləsi də oldu ki, dedi, sən iki mərhələdə əməliyyat olunmalısan. Buna da zəmanət vermirlər. İnsafən, dürüst danışanlar da var. Deyirlər ki, bu əməliyyatı biz ancaq türkiyəli mütəxəssislərlə birlikdə eləyə bilərik…”.
Göyçay sakini bir müddət öncə Azərbaycana səfər edən türkiyəli həkim-travmatoloqun qəbulunda olub. Türkiyəli mütəxəssis onu əməliyyat eləməyə razılıq verib.
“Çıxmayan endoprotez qoyulmalıdır. Onun qiyməti, əməliyyatdan sonra bir aylıq müalicə, xəstəxana xərcləri və s. birlikdə ümumilikdə 20 min dollar vəsait lazımdır. Təəssüf ki, mənim o qədər pulum yoxdur. Adamlara “mənə kömək elə” deməyə də utanıram. Başqa yolum da yoxdur”.
“Prezidentə, vitse-prezidentə yazdığım məktubları özümə göndərirlər”
Ramilə Ağayeva durumuyla əlaqədar müxtəlif dövlət orqanlarına müraciət edib, Prezident İlham Əliyev, Vitse-prezident Mehriban Əliyeva da daxil olmaqla, ayrı-ayrı səlahiyyətli şəxslərdən kömək istəyib. Deyir ki, yazdığı məktubları sonradan Göyçay Mərkəzi Xəstəxanasında onun özünə göstəriblər:
“Mənim yazdığım müraciətləri Göyçay Mərkəzi Xəstəxanasına yönləndirirlər. Onlar da deyirlər ki, “Ramilə, biz səni tanıyırıq, problemini bilirik, amma sənə kömək eləyə bilmirik, çünki sənin problemin bizlik deyil”. Doğrudan da mənim problemimi Göyçay xəstəxanası həll eləyə bilməz axı…”.
Səhiyyə Nazirliyindən isə Ramilə Ağayevayanın müraciətinə cavab olaraq bildirilib ki, nazirlikdə xaricdə müalicə məqsədilə hazırda büdcə nəzərdə tutulmayıb. O, öz müalicəsi üçün yerli tibb müəssisəsinə müraciət edə bilər.