İlqar İmamyarov məhkəmə yollarında qaldığını, məhkəmələrinsə ədalətsiz qərarlar çıxardığını deyir
“Halal pulumla torpaq sahəsi alıb, əziyyətlə üzərində obyekt tikmişdim. 3 il əvvəl icra məmurları gəlib kottecləri möhürlədilər. 3 ildir ki, obyektə yaxın gedə bilmirəm, məhkəmə yollarında qalmışam”.
Masallı rayonu, Qəriblər kəndinin sakini İlqar İmamyarov iddia edir ki, ona məxsus olan və elə həmin kəndin ərazisində fəaliyyət göstərən istirahət mərkəzi əlindən alınıb.
“Ərazidə 300 min manatlıq əmlak tikmişdim”
İlqar İmamyarov deyir, 2007-ci ildə yaxın qohumları olan İldırım Allahyarov və Xudayar İmamyarov ona meşə zolağında 87 min manata 1 hektar torpaq sahəsi satıb. O da həmin torpaq sahəsində yüngül konstruksiyalı evlərdən, ofisdən və mətbəxdən ibarət istirahət mərkəzi yaradıb. 2017-ci ildən obyektə yaxın düşə bilmir. Meydan TV-yə səbəblərindən özü danışır:
“O vaxt mənə müvəqqəti olaraq alqı-satqı müqaviləsi verdilər, notarial qaydada təsdiqlənmiş müqavilə… Dedilər ki, torpaq sahəsi bankda girovdadır, kredit çəkmişik, 6 aydan sonra krediti bağlayıb torpağı girovdan çıxaracağıq. Onda torpaq sənin adına keçəcək. 6 ay ötdü, vaxtın tamamında sənədi tələb edəndə, sənəd təqdim edə bilmədilər. Elə həmin vaxt mənə aydın oldu ki, torpaq sahəsi onların şəxsi mülkiyyəti olmayıb, məni aldadıblar, sahə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansındadır. Masallının Meşə İdarəsinin müdiri ilə danışdılar ki, mənə həmin ərazi üçün sənəd versin. O da mənə həmin əraziyə görə Masallı Rayon Meşə İdarəsinin adından müqavilə verdi. Həmin sənəddən sonra hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müqaviləni təzələyirdim. Ərazidə 300 min manatlıq əmlak tikdim, ailəvi istirahət mərkəzi yaratdım, 10 ilə yaxın istifadə etdim. 83 nəfərin imzası ilə akt da var ki, o kottecləri orada mən tikdirmişəm və istifadə etmişəm. Həmin imzalar arasında ərazinin bələdiyyə sədrinin, rayonun Ağsaqqallar Şurasının sədrinin də imzası var”.
“Hakim kökü olmayan saxta sənədlərə əsaslandı”
İlqar İmamyarovun sözlərinə görə, obyektin yaxınlığında fəaliyyət göstərən “Masallı İstisu Fatimeyi Zəhra Şəfa Sanatoriyası”nın sahibi İldırım Allahyarov (torpağı ona satan şəxs) 2017-ci ildə Masallı Rayon Məhkəməsinə müraciət edib:
“Bu torpağı mənə satan yaxın qohumum İldırım Allahyarovun istirahət mərkəzi həmin torpağın qonşuluğunda yerləşir Ekologiya və Təbii Sərvətlər Nazirliyi mənə sahənin cizgilərini çəkib sənəd şəklində vermişdi və bildirmişdi ki, bu ərazinin “İstisu Fatimeyi Zəhra Şəfa Sanatoriyası”na aidiyyəti yoxdur. Bu ərazi sənin istifadənə verilib və heç kim bu əraziyə iddia edə bilməz. Mən qurduğum istirahət mərkəzini 10 il işlətdikdən sonra torpağa iddia etməyə başladı. Məni məhkəməyə verdi, iddia qaldırdı ki, guya bu ərazi ona məxsusdur, ərazinin məndən alınaraq ona qaytarılması tələbini qoydu. Halbuki, hakim də görürdü ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə ilbəil müqaviləni təzələmişəm, müqavilələr üzrə ödənişlər etmişəm. Torpağı mənə 2007-ci ildə satan İldırım Allahyarov bundan 4 il sonra – 2011-ci ildə həmin torpağa görə saxta Çıxarış əldə etmişdi. Sənədin saxta olduğu göz qabağında idi, təqdim etdiyi heç bir sənədin kökü yoxdur, buna baxmayaraq hakim gözünü kor, qulağını kar eləyib onun xeyrinə qərar çıxartdı. 2017-ci ilin mayında icra məmurları gəlib obyektimi möhürlədi, o vaxtdan istifadə edə bilmirəm”.
Məhkəmə yollarında…
3 il əvvəl “Masallı İstisu Fatimeyi Zəhra Şəfa Sanatoriyası” MMC Masallı Rayon Məhkəməsində İlqar İmamyarovun məhdud məsuliyyətli cəmiyyətinə məxsus istirahət evlərini zəbt etməsinə dair iddia qaldırıb. İddia təmin olunub. İlqar İmamyarovun məhkəmə qətnaməsdinin ləğv edilməsi üçün apelyasiya şikayəti verib, təmin olunmayıb.
Ötən il isə İlqar İmamyarov Şirvan İnzibati-İqtisadi Məhkəməsində Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia qaldırıb. İdarə tərəfindən “Masallı İstisu Fatimeyi Zəhra Şəfa Sanatoriyası” MMC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini tələb edib. Lakin bu iddia da təmin olunmayıb.
“Əmlakımı dağıdıblar, xeyli insanı işsiz qoyublar”
İlqar İmamyarov deyir, ərazidən istifadə etmədiyinə görə, ərazidəki əmlak da sıradan çıxıb:
“Mən o istitarəht mərkəzini yaratmaq üçün atamın maşınını satmışdım, Bakıdakı əmlakımı satmışdım… Təzə işıq transfotmatoruna bir ətək pul vermişdim, baxımsızlıqdan sıradan çıxır, kotteclər dağılır, prezident sahibkarlara dəstək üçün hər cür imkan yaradır, ancaq məhkəmələr kökü olmayan, saxta sənədlərə əsaslanıb çıxardıqları qətnamələrlə sahibkarın əlini-qolunu qırır. Bu istirahət mərkəzindən xeyli insan evinə çörək aparırdı, o insanlar da 3 ildir işsiz qalıb. 3 ildə əldən çıxan mənfəət, əmlaklarıma dəyən zərər yüz minlərlə manatdır. Bunu mənə kim ödəyəcək? Əziyyətlə iş qur, xeyli insana iş yeri aç, çörək ver, axırda gəlib sənə elə bir zərbə vursunlar ki, ayağa qalxa bilməyəsən…”
Məhkəmə çəkişmələri davam edir…
Masallı Rayon İcra Hakimiyyətindən, o cümlədən, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən iki vətəndaş arasında mübahisəli predmet kimi təqdim olunan torpaq sahəsinin dövlət mülkiyyəti olduğu bildirilib. Məhkəmələr davam etdiyi üçün rəsmi qurumlar əlavə məlumat verməyib və məhkəmələrin nəticəsini gözləməyi məsləhət görüb.
“Masallı İstisu Fatimeyi Zəhra Şəfa Sanatoriyası” MMC ilə əlaqə saxlamaq mümkün olmasa da, məhkəmə sənədlərindəki tələblərindən görünür ki, MMC torpaq sahəsinin İlqar İmamyarov tərəfindən zəbt olunduğunu idda edib. MMC-nin direktoru Taleh Allahyarov məhkəməyə verdiyi iddiasında mübahisəli ərazinin MMC-yə aid olmasını bildirməklə yanaşı, İlqar İmamyarovdan ərazidən qanunsuz tikintilər aparıb illərlə istifadə etdiyini səbəb gətirərək təzminat da tələb edib. Məhkəmə iddianın təzminat hissəsini təmin etməyib, ərazi ilə bağlı tələbi isə təmin edib. İlqar İmamyarun Masallı Rayon Məhkəməsinin Qətnaməsindən apelyasiya şikayəti verib. Yaxın vaxtlarda şikayətə Şirvan Apelyasiya Məhkəməsində baxılacaq.