Özbək dissidenti Umida Niyazova: “Bir milyona yaxın adamı pambıq yığmağa məcbur edirlər”
Özbəkistan. Günəşli və rəngarəng, ekzotik şərq ölkəsi. Biz kənardan baxanda şən mahnılarından, məşhur plovundan və gözəl ipəyindən başqa nəyini görürük ki? Axı ölkədə ən vacib insandır, onun hüquqları və yaşayış səviyyəsidir. Bu baxımdan Özbəkistanda vəziyyət necədi? Təəssüf ki, hər şeyi internetdən öyrənmək olmur. Azadlıq Radiosunun Özbəkistan Bürosunun iş və informasiya almaq imkanları isə ürəkaçan vəziyyətdə deyil.
Umidə Niyazova ilə Praqada tanış olduq. Özbək hüquq müdafiəçisi bizə ölkəsindəki vəziyyətdən danışdı. O, bizə özbək KİV-dən
bu barədə
oxuya bilməyəcəklərimizi dedi.
– Umidə, ölkənizdən nə vaxt çıxmısınız? Sizi Özbəkistandan uzaqda yaşayıb işləməyə nə vadar etdi?
– Daşkənddəki evimdən hardasa 8 il əvvəl çıxmışam. Çıxma səbəbim həbsim idi. Daşkənd həbsxanasında 4 ay saxlanıldım, 7 il azadlıqdan məhrum olunma hökmü aldım. Cəza şərti hökmlə əvəz olundu. Beynəlxalq təzyiqlər nəticəsində amnistiyaya düşdüm və ölkədən çıxa bildim. 2007-ci ildə aeroportda müsadirə etdikləri notbukumdan tapdıqları informasiya əsasında mənə qarşı cinayət işi açıldı. Özbək Rabitə və İnformasiya Agentliyinin ekspert rəyində bildirilirdi: “Materiallar (notbukumdakı) ölkənin konstitusional quruluşuna, ərazi bütövlüyünə qəsd xarakterlidir, dini ekstremizm və fundamentalizm yaymağa yönəldilib. İnsan haqları adı altında həyata keçirilən qrant layihələri suverenliyinə, bütövlüyünə və təhlükəsizliyinə zidd, sosial, milli, etnik və dini ayrıseçkiliyi yayan dövlət quruluşunun qeyri-konstitusional yolla dəyişdirilməsinə istiqamətlənmiş fəaliyyətdən ibarətdir”. Bu, əsl Kafkasayağı idi.
Həbsdən çıxdıqdan sonra Özbəkistanda qalmaq mənimçün mənasız idi, çünki işimi davam etdirməkçün heç bir şansım yox idi. Özbəkistanın ictimai-siyasi həyatında baş verən hadisələr mənim üçün əhəmiyyətlidir, mən ölkəmin problemləri haqda danışmaq və yazmaq istəyirəm və bu mövqeyimə görə bir daha həbsxanaya düşmək istəmədim.
– Axı sizin işiniz Özbəkistanla bağlıdır. Uzaqdan necə işləyirsiniz?
– İndi Berlində yaşayıram. Özbək-Alman İnsan Haqları Forumu yaratmışam. (
www.uzbekgermanforum.org
) Biz Özbəkistandakı hadisələri izləyirik, tədqiq edirik və insan haqlarının indiki vəziyyəti barədə məqalələr yazırıq. Təşkilatın əsas məqsədi ölkədə baş verən, dünyaya görünməyən hüquq pozuntusu ilə bağlı vacib hadisələri sənədləşdirməkdən ibarətdir. Uzaqdan işləmək daha çətindir, lakin mümkündür. İndiki dövrdə ölkəni tam təcrid etmək mümkün deyil. Biz min bir yolla əlaqə saxladığımız Özbəkistanın içindəki mənbələrlə işləyirik.
– Özbəkistanda müxalifətin, azad sözün və demokratiyanın vəziyyəti necədir?
– Qısaca ifadə etməyə çalışsaq, vətəndaş hüquqları və söz azadlığı məsələsində Özbəkistanın vəziyyəti Türkmənistandan yaxşı, Azərbaycandan pis vəziyyətdədir. Heç bir siyasi müxalifət, müstəqil mətbuat, bir dənə də normal fəaliyyət göstərən, müstəqil hüquq-müdafiə təşkilatı yoxdur. İctimai sahədə olanımız vaxtaşırı həbsə atılan beş-on hüquq müdafiəçisi və jurnalistdi, bir neçə də fəaliyyəti minimuma endirilmiş təşkilat.
– Yuxarıda sadaladığınız şəraiti götürsək, ölkəniz digər Orta Asiya ölkələrindən nəylə fərqlənir?
– Mən Özbəkistanı heç nəyi ilə regionumuzun digər avtoritar ölkələrindən seçə bilmərəm. Qırğızıstan və Qazaxstanda rejim daha mülayimdir, lakin hamısında narahatlıq doğuran tendensiyalar müşahidə olunur. Qeyd edərdim ki, Özbəkistan və Tacikistanda vəziyyət “İslam faktoruna” görə daha mürəkkəbdir. Bu ölkələrin əhalisi digər region əhalisindən daha dindardır. Özbəkistan hakimiyyəti dövlət tərəfindən qəbul olunmamış hər bir dini icmanın fəaliyyətinə sərt və qəddarcasına münasibət göstərir. Əlbəttə məscidə gedib dua etmək olar, ancaq məsələn, evdə hətta dinc məqsədlə, İslamı öyrənmək üçün də yığıncaqlar etmək olmaz. Dəfələrlə şahidi olmuşam ki, gənclər sadəcə vaxtaşırı yığışıb dini ədəbiyyatı müzakirə etdikləri üçün 10-15 il iş alıblar. Hakimiyyət hesab edir ki, bu mövzuda hətta dinc fəaliyyətin də vaxtında qarşısı alınmalıdır. Ancaq problem bundadır ki, xüsusən dindar əhalinin təqibi əks reaksiya verə bilər. Bu insanlar radikallaşacaqlar, avtoritar sistemsə konstruktiv açıq dialoq təklif edə bilməyəcək, yalnız problemi konservləşdirəcək. Bu problemlər getdikcə dərinləşir.
– Səhv etmirəmsə, Özbəkistandan xaricə getmək istəyən vətəndaşlar viza almalıdırlar. Hansı təbəqənin onu alma şansı var? Onu almaqda hansı çətinliklər var?
– Özbəkistan, Kuba və yəqin ki, Şimali Koreya çıxış vizası kimi repressiv sistemi hələ də saxlayırlar. Bu, o deməkdir ki, hər bir ölkədən çıxmaq istəyən şəxs polis idarəsinə gedib çıxmaq üçün icazə almalıdır. Bu mənasız və repressiv prosedur pasporta icazə vərəqəsi vuran DİN-də korrupsiya üçün münbit şərait yaradır. Bu vərəqələr yalnız iki illikdir və təsəvvür etmək çətin deyil ki, bu yolla nə qədər adamı manipulyasiya etmək mümkündür. Və insanların xaricə gedib-getməyəcəklərini müəyyənləşdirən polislər bundan nə qədər qazanır. Çıxış vizası verməkdən imtina edə, yaxud ləngidə bilərlər, ancaq siyasi kimliyi olmayanların problemi adətən rüşvətlə tez həll olunur.
Çıxış vizası həm də qeyri-loyal şəxslərçün idarəetmə və cəza mexanizmidir. Hakimiyyətə hansısa formada qarşı çıxan adamlara viza verməkdən imtina edilir. Onlar adətən özlərini “şübhəli dərəcədə sərbəst” aparan sənətkarlar, vəkillər, hüquq müdafiəçiləri, jurnalistlər olur. İmtinanı adətən belə bir mənasız cümləylə izah edirlər: “Sizin xaricə getməyiniz məqsədyönlü hesab edilmir”.
– Özbəkistandan çox adam miqrasiya edir?
– Özbəkistandan miqrasiya statistikası əlçatan deyil. Bir neçə milyon əmək miqrantı Rusiyadadır, çoxu elə orda vətəndaşlıq alıb qalır. Ancaq nə qədəri qayıdır, məlum deyil. Qazaxstanda, Cənubi Koreyada da çox miqrant var. Müşahidələrimə görə, gedənlərin çoxu qayıtmaq istəmir. Hələ Qərb ölkələrində oxuyub işləyənləri demirəm. Qərbə miqrasiya Özbəkistanın gələcək inkişafına daha pis təsir edir. Xaricdə təhsil alan yüzminlərlə tələbə ölkələrində lazımsıza çevrilir. Mən Özbəkistana qayıtmaq istəyən bir tələbə də görməmişəm. Fondların tələbələrin təhsilinə ayırdığı maliyyə təəssüf ki, ölkənin inkişafına qayıtmır.
– Özbək pambıqçılarının sovet vaxtı çəkdiyi zülmlər haqqında çox eşitmişik. İndi vəziyyət necədir?
– Özbəkistanda pambıq istehsalında hələ də Sovet dövründəki kimi administrativ idarəetmə sistemi qalır. Hər il sentyabrın əvvəlində dövlət ali təhsil və kollec tələbələrini, ilk növbədə, təhsil və səhiyyə sahəsində işləyən dövlət işçilərini məcburi olaraq pambıq yığımına göndərir. Təxminimizə görə 1 milyon adam məcburi şəkildə pambıq yığır. Hər bir müəssisə gündəlik pambıq planı, yaxud müəyyən bir sahə alır. Formal olaraq bu sahələr fermerlərə məxsusdur. Lakin hansısa müəssisə – ya məktəb, ya xəstəxana – o sahəni yazda təmizləməli, alaq etməli, payızda da məhsulunu yığmalıdır. Ancaq az adam etiraz edir. Özbək cəmiyyətində o qədər qorxu və itaət var, adama elə gəlir, bu millət hər şeyə dözə bilər. Əlbəttə, informasiya qıtlığı da öz sözünü deyir. Adamlara eyni sözü dua kimi dəfələrlə təkrar edirlər: “müharibə şəraitində yaşamırıq”, “ölkəmiz sülh və əminamanlıq şəraitində yaşayır”, “açıq səma altında yaşayırıq”. Sanki sülh və əminamanlıqdırsa, mütləq senzura, repressiya, məcburi əmək də olmalıdır.
– Bizim kimi ölkələrdə qadınların problemi tək diktatura ilə bitmir, mentalitet və din də əlavə olunur. Özbək qadınlarının hansı problemləri var? Onlar seksizmlə tez-tez rastlaşırlar?
– Sovet hökuməti “savadsız şərq qadınını” bir qədər çadradan çıxarıb oxumaq, yazmaq öyrətmişdi. Lakin seksizm problemi cəmiyyətdə hələ də qalır. Qərbin nail olduğu ailə və cəmiyyətdəki bərabərliyi biz ancaq yuxumuzda görərik. Özbəkistanda və yəqin ki, regionumuzun digər ölkələrində də rəsmi səviyyədə həmişə qeyd olunur ki, qadının ilk təyinatı ana olmaqdır, yalnız uğurlu ailə quran qadın xoşbəxt ola bilər. Özbək cəmiyyətində qadın ailə qurmayıbsa, nə qədər təhsili, uğurlu peşəsi olsa da, natamam sayılır. İdarəetməyə nəzər salsaq, görərik ki, bütün səviyyələrdə yaşlı, konservativ, mənasız kişilər oturub, çox az rəhbər qadın var.
–
Təzyiqlərə
görə ölkəni tərk etmiş, lakin xaricdə jurnalist və ya hüquq müdafiəçisi işini davam etdirən insanlar necə yaşayırlar? Onların həyatı üçün hər hansı təhlükə varmı?
– Özbəkistanı tərk etmiş jurnalistlər və hüquqşünaslar müxtəlif formada həyatlarını davam etdirirlər. Çoxu Özbəkistanla bağlı fəaliyyətlərini davam etdirmir. Bəziləri bunu qohumlarının ölkədə qalması ilə izah edib risk etməkdən çəkinirlər, digərləri başqa peşələrdə özlərini sınayırlar. Qərbdə yaşayıb ölkənlə bağlı jurnalist, yaxud hüquq müdafiəçisi kimi işini davam etdirmən üçün çox iradəli olmalısan. Mən işimə davam edirəm və hesab edirəm ki, ölkəmdə olanları xatırlamaq və nə baş verdiyini izləmək çox vacibdir. Ən əsası isə yaxşılığa doğru dəyişiklik üçün nəsə etməkdir.