“Ad günü yazısı və ya yağışda qalmağın hekayəsi”

Ülviyyə Əli. Foto: şəxsi arxivindən

“Meydan TV işi” üzrə həbs olunmuş jurnalist Ülviyyə Əli (Quliyeva) saxlanıldığı Bakı İstintaq Təcridxanasından  özünün ad günü ilə bağlı yazır:

“Onlar deyirlər ki, risk etmək olmaz.
Çünki, onların evi var.
Evdə isə işıq yanır.
Mən dəqiq bilmirəm – hansımız haqlıyıq?
Məni küçədə yağış gözləyir,
Onları isə evdə nahar
Arxamca qapını ört. Mən gedirəm…”

Viktor Tsoyun “Arxamca qapını ört, mən gedirəm” mahnısından parça

6 dekabr, 2024-cü il, Gürcüstan

Axşam 6 radələri idi, yuxudan yeni oyanmışdım, başımı yastıqdan qaldıranda rəfiqəmin mənə qəribə şəkildə baxdığını gördüm. Tərəddüdlə: “özünə gəl, bir şey deyəcəm”, – dedi. “Nə olub?” dedim. Donuq baxışlarla mənə baxdı, amma yenə də heç nə demədi. Dərhal yastığımın altından telefona sarıldım. Sosial medianı bir xəbər bürümüşdü: “Meydan TV-nin 6 əməkdaşı qaçaqmalçılıq ittihamı ilə həbs olunub”. Yuxudan duran insan key kimi olur, lakin xəbəri oxuyub elektroşoka məruz qalırmış kimi hiss elədim.

Gürcüstana paytaxtdakı etirazları işıqlandırmaq, həm də monotonluqdan uzaqlaşmaq üçün getmişdim. Xəbəri eşidəndən sonra dost-tanışdan ölkəyə qayıtmamağımla bağlı çoxsaylı öyüd-nəsihət eşitdim. Sakitləşdirmək üçün hamısına deyirdim ki, “onsuz da mən Meydan TV-nin əməkdaşı deyiləm, məni niyə həbs etsinlər ki?”. Lakin ürəyimdə həqiqəti bilirdim. Meydan TV-nin əməkdaşı olmağa ehtiyac yox idi. Narahatlıqları necəsə yola verməli idim deyə belə cavab verirdim.

Hətta Gürcüstana gedəndə qayıdış biletimi 14 dekabra alsam da, qayıtmamaq əvəzinə mən bir az da irəli gedərək təyyarə biletimin vaxtını 9 dekabra dəyişdim. Həmin zaman daha yaxın tarixə bilet qalmamışdı. Bəlkə də bu qayıtmamağım üçün taleyin bir mesajı idi. Ancaq həbslərdən sonra qayıtmamaq barədə tərəddüdə qapılmadım, sadəcə anama zəng edib vəziyyəti izah elədim, pişiklərimi əmanət etdim o isə “arxandayam” dedi.

Azərbaycana qayıdandan sonra yenə dostlarımın məhkəmələrini, Azərbaycanda baş verən insan haqları ilə bağlı pozuntuları 6 il idi, əməkdaşı olduğum “Amerikanın səsi”ndən yayımlayırdım. Azadlıqdakı hər günümü belə dəyərləndirmək istəyirdim, sevdiyim peşə ilə məşğul olaraq.

Əlamətdar günləri, ad günlərini xüsusi qeyd etməyi sevirəm. Siyasi repressiyalardan dolayı dostlarımın əksəriyyəti ölkəni tərk etmişdi, yarısı da həbsdə idi deyə həmin günləri onların yanına gedərək keçirirdim. Bu dəfə də yeni ili keçirmək üçün dekabrın 27-də ölkəni tərk etdim.

Təxmin elədiyim kimi orada olduğum müddətdə ən qızğın söhbət mənim ölkəyə qayıtmamağımla bağlı idi. Hərdən məni yola gətirə bilməyəcəklərini dərk edəndə “demirik həmişəlik, heç olmasa müvəqqəti qayıtma” deyirdilər.

4 yanvar, 2025, Azərbaycan.

Dostlarım hava limanında məni qarşılayıb evə ötürdülər. Ölkədəki günlərim hər evdən çıxanda canlı “location” atmaqla keçirdi ki, həbs olunacağım təqdirdə xəbərləri olsun.

Günlər keçirdi, ölkədə hansı məkana getsəm insanlardan “bəs səni nə vaxt tuturlar” sualını eşidirdim. Ümid edirəm, artıq cavabını öyrəniblər.

Nəhayət, yanvarın 14-də müstəntiq Samir İsmayılovdan səhər saatlarında zəng gəldi, sabahısı gün Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırıldığımı dedi. Mən isə 16 yanvar tarixində gələ biləcəyimi dedim. Bir gün sonraya təxirə salmaq səbəbim isə Müasir İncəsənət Muzeyinə getməyi planlanmağım idi. Dedim, həbs olunsam ürəyimdə qalmasın. Bu ilə olan son muzey ziyarətimi edib 16 yanvarda BŞBPİ-nə yollandım. Orada ölkədən çıxışıma qadağa qoyulduğunu öyrəndim. İfadə verəndən sonra Meydan TV-in əməkdaşı olmadığımı desəm belə bunun cinayət olmadığı ilə bağlı müsahibə verdim.

Adətən ölkədən çıxışına qadağa qoyulan hamıya bu yolla son xəbərdarlıq olunur: “sakit durmasan, həbs oluna bilərsən”. Çoxu da belə edirdi, sakit şəkildə çox dilləndirmədən məhkəməyə şikayətlərini verib “stop”un üstündən götürülməsinə çalışırdı ki, ölkəni tərk etsin. Mən də məhkəməyə şikayətlər verirdim, sakitliyi saysız paylaşımlarım və verdiyim müsahibələr pozurdu. Lakin məhkəməyə verdiyim şikayətləri ölkədən getmək üçün vermirdim, yenə də getməməkdə qərarlı idim.

24 Fevral, 2025

“Amerikanın səsi”nin Azərbaycandakı müxbir akkreditasiya ləğv olunandan sonra işsiz qaldım. Elə məhz bundan sonra bir daha jurnalistikanın mənim üçün gəlir mənbəyi olmadığını başa düşdüm. Çünki ölkədəki haqsızlıqları və qanunsuzluqları öz şəxsi hesabımdan ödənişsiz şəkildə işıqlandırmağa başladım. Əslində başqa sahədə işləmək imkanım var idi, paralel olaraq tərcüməçiliklə məşğul idim. Lakin heç bir gəlir gətirməsə də jurnalistikadan qopa bilmədim.

2 may, 2025

Dostum Bayram Məmmədovun məzarında dedilər ki, “mənası yoxdur “stop”un götürülən kimi çıx get”. Sadəcə “dostumun məzarı buradadır” deyə cavab verdim. Əslində bunu deyəndə azadlıqda 4 günümün qaldığını və onunla eyni taleyi yaşayacağımı bilmirdim.

Həbs olunduğum gün də, 2 dəfə barəmdə həbs qətimkan tədbiri uzadılanda da müstəntiqin məhkəməyə verdiyi təqdimatda guya ölkədən qaçıb gedə biləcəyimlə bağlı arqument irəli sürürlər. Dəfələrlə belə şansı olan adam haqqında bu “ehtimalı” dilə gətirəndə gülürəm.

Çox sevdiyim və tez-tez ifadə etdiyim bir cümlə var “mən insanları imtinalarından tanıyıram”. Mən də bu şansımdan bir neçə dəfə imtina etmişdim, çünki özümü tanımaq mənim üçün vacib idi.

İndi dəqiq kimin haqlı olduğunu bilirəm, ona görə ki, “evdəki nahar, küçədəki yağışı” görmədən boğazından rahat keçmir.

Həbsdəki ilk ad günüm mübarək! 🙂

Ülviyyə Əli

Bakı İstintaq Təcridxanası

Ana səhifəHəbsxanadan məktublar“Ad günü yazısı və ya yağışda qalmağın hekayəsi”