None

Mənbə: 

''Aclıq edənləri Qobustana, ya da vərəmli məhbusların həbsxanasına göndərəcəkləri ilə hədələyirlər''

Məhbusların aclıq aksiyasının 5-ci günüdür

Bloger Mehman Hüseynova dəstək olaraq, “Siyasi məhbuslara azadlıq!” tələbilə 13 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirən ictimai-siyasi fəallar aclığı davam etdirir. Bu haqda Meydan TV-yə aclıq edən dörd fəaldan birinin anası məlumat verib.

Bu müəssisədə saxlanan fəallardan “Nida” Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə, Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazdıqdan sonra həbs olunan Bayram Məmmədov, jurnalist Elçin İsmayıllı və "Müsəlman Birliyi Hərəkatı"nın koordinatoru, dindar fəal Əhsən Nuruzadə yanvarın 13-də birgə məktub yayaraq, aclığa başladıqlarını bəyan edib.

"Beş gündür aclıq edirlər, amma bizdə olan məlumata görə, hələlik heç birinin səhhətində ciddi problem yoxdur. Əhvalları da yaxşıdır. Ancaq aksiyanı dayandırmaları üçün ciddi təzyiq altındadılar. Əvvəl həm onların özlərinə, həm də şəxsən bizə naməlum şəxs zəng edib, aclığı dayandırmasalar, müəssisəyə qoşun yeridiləcəyilə hədələyirdilər. Bildiyimə görə, son vaxtlar hədələrin məzmunu dəyişib. İndi də onları Qobustana (həbsxanaya), ya da vərəmli məhbusların saxlandığı 3 saylı müəssisəyə köçürməklə hədələyirlər", - aclıq edən məhbusun anası bildirib.

Onun sözlərinə görə, beş gündür övladı və daha üç fəal aclıq etsə də, onların aksiya keçirməsi barədə ərizələrini cəzaçəkmə müəssisəsinin rəhbərliyi qəbul etməyib.

Penitensiar Xidmət isə Mehman Hüseynova dəstək məqsədilə həbsdə olan başqa fəalların da aclıq etməsi barədə məlumatları təkzib edir. Penitensiar Xidmət bu barədə rəsmi açıqlama da yayıb:

"Son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə cəza çəkdiyi dövr ərzində yeni cinayət əməli törətdiyinə görə barəsində cinayət işi başlanmış Mehman Hüseynova dəstək məqsədilə ayrı-ayrı penitensiar müəssisələrdə saxlanılan bəzi məhkumlar tərəfindən guya aclıq aksiyası keçirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilmişdir. Penitensiar xidmət bildirir ki, tabeçilikdə olan istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində heç bir məhkum və həbs edilmiş şəxs aclıq aksiyası keçirmir".

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/9ndycj

Ən çox baxılan