Aclıq edən inanclı qadın: “Həbsdən vahiməlisi qorxu ilə yaşamaqdır”

İllüstrasiya: Meydan TV

Meydan TV-nin həbsdə olan əməkdaşı Xəyalə Ağayeva onunla eyni kameranı bölüşən inanclı qadın Nigar Bağırovadan müsahibə alıb. Müsahibəsini olduğu kimi paylaşırıq.  

Təcridxanada onu hər kəs gur səsi, cəsarətli çıxışları ilə tanıyır. Qara çadrasının altından başını dik tutaraq yeriyərkən mübarizə ruhu hamıya sirayət edir. Elə indi də iradəsi ilə çoxunu mat qoyur. 

Söhbət noyabrın 9-dan həbslərinin daha 2 ay uzadılmasına etiraz olaraq aclıq aksiyasına başlayan inanclı xanımlardan biri Nigar Bağırovadan gedir.

O, digər 5 qadınla birgə avqustun 15-də İmam Hüseynə ehsan verdikləri və Fələstinə dəstək şüarları səsləndirdikləri üçün saxlanılıblar. Ancaq həbs olunanlar arasında ehsan aksiyasına qatılmayanlar da var. Qadınlar azadlıqları üçün aksiyaya başlasa da, sonradan aclığı dayandırıb. Nigar Bağırova hazırda aclığı davam etdirən yeganə inanclı xanımdır. 

Artıq 10 gündür aclıq edən inanclı danışarkən nəfəs almaqda çətinlik çəkir, tövşüyür, tez-tez udqunmağa çalışır. Lakin halsız uzandığı yatağında da etiraz ruhunu diri saxlayır:

“Onlar qorxurlar ki, biz çölə çıxsaq aləmi qata bilərik. Mən elə aləmi burada qatıram. Mən hər yerdə nur parçasıyam. Nurun qədri zülmətdə bilinər”.

Nigar Bağırova vəziyyətinin çətinliyinə baxmayaraq Meydan TV-nin əməkdaşının suallarını cavablandırıb:

Səhhətin necədir?

-Artıq 10 gündür aclığa başlamışam. Həkim təzyiqimi yoxlayanda dedi ki, təzyiqim yaxşıdır, hələ 5 gün də davam edə bilərəm (gülür). Ayaq üstündə çox dayananda halsızlıq olur, ürək döyüntülərim artır. Su içəndə daha yaxşı hiss edirəm.

Məhz ikinci sanksiyadan sonra aclıq aksiyasına qərar verdiniz. Bunun xüsusi səbəbi var?

-Əslində mən özüm azadlığa heç çıxmaq istəmirdim. Biz haqq yolunda bura düşmüşük. Yenə də bizə təcridxananın rəisi Elnur İsmayılov deyirdi ki, az qalıb, tezliklə azadlığa çıxacaqsınız, sakit olun. Biz də düşündük, yekə kişidir də, düz deyər. Sonra 8 noyabr Zəfər Günündə bizim istintaq müddətimizi daha 2 ay uzatdılar. Mən zona hazırlaşırdım, indi onların acığına azadlığa çıxmaq istəyirəm. Biz cinayət törətməmişik ki, bu iş oyun-oyuncağa çevrilsin, istədikləri vaxt işi uzatsınlar. Mənimlə birgə tutulan bacıların xəstə uşaqları var, onlar anasız qalıblar. Ən azından onları ev dustaqlığına buraxmalıydılar. Mən bacılarıma da, özümə də bəraət istəyirəm. Ya bəraət, ya şəhadət. 

-Siz 6 nəfərsiniz və aclığa birlikdə başlamışdınız. İndi isə tək davam edirsən. Digərləri aclıq aksiyasını niyə dayandırdı?

-Bizdən əvvəl Şəhla Fərəcova aclığa başladı. Sanksiya məhkəməsində bizə dedi ki, 2 gündür aclıq edir. Ayın 9-dan biz də qoşulduq. Daha sonra eşitdik ki, Şəhla xanımın ayağı sınıb, aclığı dayandırıb. Sonra Şərqiyyə Sadıqova qan qusmağa başladı. Onun əlilliyi, sümüklərində ərimə var. Aytənin də həmçinin zəifliyi var. Onlar müvəqqəti olaraq aclığı dayandırdılar. Səhhətlərinə görə bildilər ki, davam etsələr bu çox getməyəcək. Növbəti dəfə ölüm aclığına başlayacaqlar. Mən isə davam edirəm. Əslində tək davam etmək möhtəşəm hissdir. Mən mübarizliyimlə seçilirəm. Bacılarım da məni dəstəkləyirlər. 

Hazırda çətinliyin nədədir? Günlük təcridxana həyatını təsvir et, mümkünsə…

-İçimdə bir güc var. Özümə də qəribə gəlir. Çöldə 2 gün etdiyim aclıq başqa cür keçib, burada tamam başqadır. Adətən istirahət edirəm, anamla görüşürəm. Yüklərim azalıb. Yemək yeyirdim, yemirəm (gülür), qab yuyurdum, yumuram. Əvvəl kamerada dalaşırdıq ki, kim qab yusun. Halsızlıqdan başqa ciddi çətinliyim yoxdur hələ. Mən də bunu gözləyirdim. Əsas çətinlik onlara olacaq. Mənim şəhadətim onlara zərbə vuracaq. Onlar zərbə alacaqlar ki,  ehsan vermiş xanımı tutub bura gətiriblər. Mənim cinayət törətməyimlə bağlı heç bir sübut tapmadıqları halda ölümümə səbəb olacaqlar.  Gərək onlar özlərini şəhadətimdən əvvəl mənə bəraət verməyə çatdırsınlar. Görək hansı əvvəl olacaq. 

Həmişə səsin gur gəlir, güclü mesajlar verirsən. Bu gücün mənbəyi var?

-Eşq! İlahi eşq! Özümə dəyər verirəm və özünə dəyər verən insan özünü ucuz satmaz. Məqsədləri böyük, mübarizəsi güclü olar. Camaatı türmə ilə qorxudurlar, amma türmə qorxulu yer deyil. Həbsdən vahiməlisi qorxu ilə yaşamaqdır. Qorxu ilə yaşamaq zəlil olmaqdır, zillətdir!

-Yadımdadır, yeni gələndə “mən azadlığa çıxmaq istəmirəm, buranı çox sevdim” deyirdin. Bildiyim qədərilə psixologiya ilə maraqlanırsan. Bununla hakimiyyət qarşısında möhkəm durduğunu göstərmək istəyirdin, ya başqa səbəbi var idi?

-Kameraya ilk girəndə, məndə elə bil sevinc, xoşbəxtlik hissi yarandı. Dedilər “sən hələ təzəsən, ondandır”. Zaman keçsə də, bu, dəyişmədi. Elə olurdu, eşidəndə ki, çıxa bilərik oturub ağlayırdım. Bu, içimdən gələn bir şey idi. Yəqin ki, haqq yolunda zindana düşməyimin mənəvi ləzzəti idi. Lakin sonra bacılar dedi ki, sən çıxmalısan. Dedilər, Allah bizi harada görmək istəyirsə, orada olaq.

Mən burada gözəlliklər gördüm. Burada çöldən daha mehribanlıqdı. Çöldə adamlar bir-birini qırır. Özləri məhbus ola-ola bir-birilərinə dəstək olmağa çalışırlar. Həm də evimdə olmayan şərait burada var. Çölə çıxıb kommunal da ödəmək istəmirdim, bahaçılıqdır. Şər hakimiyyəti çöldəkiləri soyur. Çöldəkilər ətə həsrət qalıb. Bir az da çox istəsəm lap Elnur İsmayılov məni 30 günlük ərzaqla təmin edər ki, aclıq etməyim (gülür). Mənə kabab təklif edirlər. Biri süfrə açmağa söz verib, o biri tort almağa. Dünyadan üz döndərdikcə, dünya özü gəlir adamın ayağı altına. Xoşbəxtlik yeməkdə deyil, ali hədəflərdədir. Yenə də heç bir təklifdən imtina eləmirəm. Onlara deyirəm ki, bunları mənə azadlıqda edərsiniz.

Səncə, daha nə qədər davam etdirə biləcəksən? Təcridxana rəhbərliyi tərəfindən hansısa təzyiq olurmu?

-Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov bizə dedi ki, sizi məcbur “kars”a göndərməli olacam. Şərqiyyə bacıya deyib ki, siz orada 5 gündən artıq dözə bilməzsiniz. Mən də dedim ki, göndərsinlər, görək nə qədər dözürəm. Amma məni kameramdan çıxarmadılar. Yenə də məni ziyarət etmirlər, halımı soruşmurlar. Təsadüfən dəhlizdə rəis müavini Cavid Gülalıyevi görüb çağırsam da, üzünü çevirib getdi. 

Son illərdə yüzlərlə inanclı şəxs həbs olundu. İlk dəfədir ki, onların arasında inanclı qadınlar da var. Həbsinizdən öncə hökümətə yaxın mediada sizinlə bağlı xəbər getmişdi. Səncə, hansı hərəkətiniz siz 6 qadını həbsə gətirdi? 

-Biz Məhərrəm ayında İmam Həsən məscidində İmam Hüseyn bayrağını dalğalandırdıq. Bu zaman polislə toqquşduq. Aşura günü Bibiheybətə getdik. Polislər bayraqları yığışdırmağı əmr etdi. Biz bayraqla məscidə girməyə nail olduq. İzdiham da bizi dəstəklədi. İlham Əliyev o qədər zəifdir ki, 6 xanımın camaatı ayağa qalıdırıb, çevriliş etməsindən qorxdu. Sonra biz İmamın qırxında ehsan hazırladıq, küçənin kənarında yemək payladıq. Bizə deyirlər, niyə məscidə getmədik. Binədə zibillikdən yemək axtaran adamlar var. Hamı məscidə getmir. Biz də ehsanı ancaq dindarlar üçün paylamırdıq. Biz zülm ilə əzilən, aclıq çəkən xalqı düşündük. Onlar məscidə getmirsə, biz onların yanına gedirik. Hər yer Allahındır. Deyirlər, biz maşınlara mane olmuşuq. Orada kameralar vardı, açıb göstərsinlər. Ehsan verəndə camaat bizə gözəl sözlər deyirdi, dəstəkləyirdi. Bu da hakimiyyətin qəlbinə qorxu saldı. Bizi tutanlar elə zənn edirlər ki, həbsə göndərməklə özlərini sığortalayırlar. Onlar səfehdirlər. Çünki nə edirlərsə, yenə bizim xeyrimizə olur. Həbs bizi daha da möhkəmləndirir.

Ana səhifəSosialAclıq edən inanclı qadın: “Həbsdən vahiməlisi qorxu ilə yaşamaqdır”