Aclığı dayandıran valideynlər mətbuat konfransı keçirdi

Səkinə Qurbanova: “Sadəcə övladlarımızın xahişini və onların məhkəmələrində iştirak etmək istəyimizi nəzərə alaraq, bu gün aksiyanı dayandırmağı qərara aldıq”

Source:



Aprelin 19-dan etibarən Müsavat Partiyasının qərargahında aclıq aksiyasına başlayan NİDA Vətəndaş Hərəkatının həbsdə olan 8 gənc üzvünün valideynləri aksiyanı dayandırıblar. Valideynlər aksiyanın dayandırılmasına səbəb kimi övladlarının həbsxanadan etdikləri xahişləri və onların məhkəmələrində iştirak etmək istəklərini göstəriblər.

Bununla bağlı Müsavat Partiyasının qərargahında mətbuat konfransı keçirilib. Konfransda hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Müsavat Partiyası Qadınlar Təşkilatının sədri Ellada Məmmədli, partiyanın Divan üzvü Tural Abbaslı, müsavatçı gənclər və media nümayəndələri iştirak ediblər.

Hüquq müdafiəçiləri hər zaman NİDA-çı gənclərin valideynlərinin yanında olduqlarını və bundan sonra dəstəklərini onlardan əsirgəməyəcəklərini bildiriblər.

Tədbirdə çıxış edən NİDA-çı gənc Zaur Qurbanlının anası Səkinə Qurbanlı aksiyanı dayandırmalarının səbəblərindən danışıb: “Biz aksiyanın sona qədər davam etdirməkdə israrlı idik. Sadəcə, övladlarımızın xahişlərini və onların məhkəmələrində iştirak etmək, yanlarında olmaq istəyimizi nəzərə alaraq, bu gün aksiyanı dayandırmağı qərara aldıq. Biz övladlarımız üçün canımızdan keçməyə hazırıq. Aksiyanı dayandırmağımız o anlama gəlməsin ki, biz mübarizəni dayandırdıq. Məhkəmənin hökmünü gözləyirik. Ondan sonra yenidən aclıq aksiyasına başlayacağıq. Hazırda 7 gündür ki, övladlarımız aclıq aksiyası keçirirlər. Onlardan ötrü çox narahatıq”.

Məhbus anası sonda onların hər zaman yanında olan media nümayəndələrinə və Müsavat Partiyası rəhbərliyinə öz təşəkkürünü bildirdi: “Bu 4 gün ərzində bizimlə maraqlanan, ziyarətimizə gələn, aksiyamız zamanı həmişə yanımızda olan media nümayəndələrinə, xüsusilə də Müsavat Partiyası rəhbərliyinə öz təşəkkürümüzü bildiririk. Bu günlər ərzində Müsavatın Qadınlar Təşkilatının sədri Ellada Məmmədli və başqa müsavatçı xanımlar hər zaman yanımızda oldular”.

Mətbuat konfransında çıxış edən Tural Abbaslı və Ellada Məmmədli aksiyanı dayandırdıqlarına görə valideynlərə öz təşəkkürlərini bildirdilər.

Sonda onu qeyd edək ki, valideynlər bu günün sonuna qədər aksiyanı davam etdirəcəklərini bildiriblər.

Xatırladaq ki, aclıq aksiyasının keçirilməsinə səbəb 8 NİDA-çı gəncə prokurorun üst-üstə 64 il iş istəməsi olmuşdu.

Əvvəlcə aprelin 17-dən etibarən aksiyaya həbsdəki gənclər başlamışdı. Onların valideynləri isə öz övladlarına dəstək və NİDA-çı gənclərin həbsinə etiraz əlaməti olaraq, aclıq aksiyaslna qoşulmuşdular.


Musavat.com

Ana səhifəXəbərlərAclığı dayandıran valideynlər mətbuat konfransı keçirdi