Aciz insanların keçmişi arzulaması

Ölkəmizdəki əksər insanların arzuları belə aciz və cəsarətdən uzaqdır.

Source:

Ölkəmizdəki əksər insanların arzuları belə aciz və cəsarətdən uzaqdır.

Qayğı və problemlər çoxdur. İnsanlarımızın həyatında həzz və əyləncə əhəmiyyətli dərəcədə azdır. Hətta ‘yoxdur’ da demək olar. Qayğı və problemlərin mənbəyi, mənşəyi, genişmiqyaslı olmasının səbəbləri hamımıza məlumdur. Adamlarımızın üzündən bədbinlik tökülür.

Bax, bu cür şəxslərin arzuları və istəkləri də miskinlik və işıqsız olur. Siz də tez-tez eşidərsiniz, mən çox eşidirəm, kiminləsə söhbət zamanı arzu və xəyallar barəsində danışırsan və o adam üzündə qəmgin gülümsəmə yaradır, gözlərini bir nöqtəyə zilləyir və “kaş yenə uşaq olaydım” – deyir. Söhbət arzudan, xəyaldan gedir, adam uşaqlığını arzulayır. Uşaqlıq keçmişdə qalmış, köhnəlmiş şeydir.

Arzu isə gələcəklə bağlı hadisə və aktları özündə ehtiva edən nəsnədir. Təbii ki, arzular və istəklər müxtəlifdir və onlar hətta reallaşması mümkün olmayan arzular da ola bilər.

Uşaqlıq qayğısızdır, günahlardan və problemlərdən uzaqdır. Məsuliyyət dərk etmirsən, səni qoruyurlar, bəsləyirlər və bu kimi qayğısızlıqlar, həyatında dolu olur. Bunlar gözəldir, amma gənclik və yetkinləşmək ondan da gözəldir. Çox maraqlı və gözəl uşaqlığım olub, xatırlayıram. Bəs ora geri dönməyi arzulayırammı? Əsla! Mənə gələcək maraqlıdır. Gələcəyin müəmmalı varlığı məni daha çox cəlb edir.

Uşaqlığa dönüş barədə arzu utopiyadır. Bu arzu özündə bir acizlik və təslimiyyəti gizlədir. Nə üçün? Ona görə ki, bax, həmin arzunu o şəkildə dilə gətirənlər nə çalışqandılar, nə də cəsarətli. Belə insanların məqsədləri, prinsipləri və qətiyyətləri yoxdur ki, gələcəklə bağlı planları ilə bərabər həm də arzuları olsun.

Gələcək onlar üçün qaranlıq görünür. Halbuki insanın məqsədləri olanda içində həm də bir ehtiras yaranır.

Məqsədlərinə çatmaq ehtirası. O ehtiras adamın bədənini, beynini hər gün alovlandırır. Göz önünə hədəfləri və arzuladığı şeylərin reallaşdığı ilə bağlı təsəvvürlər gəlir. Həmin ehtiras ona güc verir. Bu cür insanların gözlərində bir parlaqlıq var. Diqqətlə baxanda o parlaqlığı sezmək olar. O parlaqlıq qətiyyətdən xəbər verir.

Çətinliyi və imkanların, resursların azlığı başa düşüləndir, amma reallığı qəbul etmək və mübarizə aparmağa başlamaqdan başqa çarə yoxdur. Bizi özümüzdən başqa heç kim xilas edə bilməz. Bir də belə bir sual havada uçuşur. Biz, ümumiyyətlə, indiki zillətdən və səfalətdən xilas olmaq istəyirikmi?

İstəkli olanlar birinci özləri üçün məqsədlərini müəyyən etməlidilər. Bu başlıca şərtdir. Seçim etməliyik, həm də qəti seçim. Ya biz digərləri kimi palçıqda eşələnib, hər gün onun qoxusunu çəkib, üst-başı kirli boz, bədbin olmalı, ya da mübarizə aparıb, bu palçıq bataqlığından çıxıb, təmiz və rəngli dünyanın bir parçasına çevrilməliyik.

Bu cür məsələləri həll edib, məqsədlərimizi müəyyən etdikdən sonra komfort zonasından çıxmalıyıq. Komfort zonası nədir?

Komfort zonası insan üçün komfort, rahatlıq və təhlükəsizlik hissi yaradan psixoloji sahədir. Komfort zonasında bizim nisbətən öyrəşdiyimiz hadisələr baş verir ki, bu da şüurumuzu rahatlığa qovuşdurur. Yəni komfort zonası dedikdə, ağlınıza rahat divan, yaxud yumşaq kreslo kimi xoşhallıq yaradan komfortlu yer gəlməsin. Bu zona ruhumuzun elə bir halıdır ki, bizdə ancaq adət etdiyimiz şablon fikir və davranışlar üzrə hərəkət etmək vərdişi yaradır.

Komfort zonası heç də adı kimi rahat və təhlükəsiz deyil. Əslində komfort zonası insanı durğunlaşdıran, hərəkətsizləşdirən, inkişafdan saxlayan ciddi təhlükə sahəsidir.

Məsələn, kimsə hər gün işə gedib-gəlirsə, nəqliyyatda və işdə nə qədər vaxt və enerji itirirsə, bu komfort zonasından çıxmaq sayılmır. Onlar elə məhz komfort zonasındadılar. Düzdür, onlardan indiki vəziyyətləri, rahatlıqları barədə soruşsan, 95 faizi narazı olduğunu qeyd edəcəklər.

Komfort zonasından çıxış isə böyük dəyişiklik tələb edir. Buna özünüyetişdirmək də deyilir. Nümunə verirəm:

Əgər siz yaxşı, peşəkar marketoloq olmaq istəyirsinizsə, bu sahəni digərlərindən daha çox mənimsəməyə başlamalısınız. Məsələn, marketinqin təməl prinsiplərinə yiyələndikdən sonra, hər gün marketinqə aid çoxlu yerli və xarici məqalərdən başqa, həm də bu sahə üzrə kitablar oxumalısınız. Dil biliklərinizi inkişaf etdirməli və imkan düşdükcə, marketinq təlimlərinə qoşulmalısınız. Bu məsələri işdən kənar etməli və iş yoldaşlarınız işdən evə gedib, dincəldikləri və sabah eyni iş saatını gözlədiyi halda, siz zəhmətlə özünüzü yetişdirməlisiniz. Bu gedişlə siz, 1 ilə böyük bilgi yığıb, digərlərindən daha təcrübəli şəxsə çeviriləcəksiniz. Belə olan halda isə qarşınızda daha geniş imkanlar açılacaq. Buna şübhəniz olmasın.

İndi isə qərar sizindir. Hansını seçirsiniz? Qərar qəbul edib, komfort zonasından çıxıb, uğurlara doğru irəliləməyi, yoxsa yerində addımlayıb, uşaqlığını arzulamağı?



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəAciz insanların keçmişi arzulaması