Açıq Hökumət Azərbaycanı qeyri-aktiv statusda saxlayıb

Rəşid Hacılı: ”Hökumət OGP-ni ümumi xarakterli, praktik mənası sıfıra yaxın olan yalançı islahatlarla ələ almaq istəyir”

Source:


Rəşid Hacılı: ”Hökumət OGP-ni ümumi xarakterli, praktik mənası sıfıra yaxın olan yalançı islahatlarla ələ almaq istəyir”

Açıq Hökumət Tərəfdaşlığının (OGP) Rəhbər Komitəsi dekabrın 5-də Vaşinqtonda keçirilən iclasında Azərbaycanın bu təşkilatda qeyri-aktiv statusunu saxlayıb.

“Turan” İA OGP-yə istinadən bildirir ki, son vaxtlar Azərbaycan hökuməti tərəfindən atılan bəzi addımlar, məsələn, QHT-lərin qeydiyyatı üçün yeni elektron xidmət platformasının, “vahid pəncərə”nin yaradılması müsbət haldır. Lakin standartlar və meyarlar üzrə alt komitənin hələ 2015-ci ildə hakimiyyət qarşısında qaldırdığı və vətəndaş cəmiyyətinin problemlərini əks etdirən əsas məsələlər həll olunmamış qalır:

“Son 12 ayda Azərbaycan hökuməti sistematik dəyişikliklər və ya islahatlar həyata keçirməyib. Vətəndaş cəmiyyəti nümayəndələri qeyd edirlər ki, onların fəaliyyəti üçün ciddi problemlər hələ də qalır. Bu problemlərin arasında QHT-lərin qeydiyyatı və maliyyələşdirilməsi var”.

Ancaq Rəhbər Komitə Azərbaycanın dayandırılmış statusunun uzadılması qərarını qəbul etsə də, şərtlərini də qoyub:



I.


2019-cu il martın 1-dək QGP- nin iştirakçılıq və birgə əməkdaşlıq standarlarının minimum tələblərinə cavab verən Yol Xəritəsi hazırlanmalıdır. Yol Xəritəsində OGP Forumu üzvlərinin və prosesə cəlb edilmiş digər maraq qruplarının əsas görüşlərinin vaxtı daxil edilməli, Yol Xəritəsi dərc olunmalı və müəyyən edilmiş son müddətədək OGP-nin həmsədrlərinə təqdim olunmalıdır;


II.


2019-cu ilin iyunun 1-dək Azərbaycan OGP prosesinə liderlik etmək üçün nazir və ondan yuxarı səviyyədə nümayəndə təyin etməlidir;


III.


2019-cu ilin iyunun 1-dək Azərbaycan vətəndaş OGP Forumu və onun xaricində fəaliyyət göstərən maraq qruplarının iştirakı ilə əhatəli bir proses vasitəsilə OGP-nin fəaliyyət planının hazırlanmasına başlamalı və yenilənmiş təkliflərə vətəndaş cəmiyyətinə olan məhdudiyyətləri həll etmək üçün islahatlar daxil etməlidir.


IV.


2019-cu ilin dekabr ayının 31-dək Azərbaycan OGP üzrə yekunlaşdırılmış Milli Fəaliyyət Planını başa çatdırmalı, təsdiq etməli və OGP katibliyinə təqdim etməlidir

.


V.


2012-ci il avqust ayının 31-dək OGP fəaliyyət planının icrası başa çatdrıılmalıdır. Bu planın yerinə yetirilməsi müstəqil icmal mexanizmi vasitəsilə qiymətləndiriləcək. Azərbaycan hökuməti 2017-ci ilin sentyabrında irəli sürülmüş tövsiyələrə əməl olunmasına dair sübutları təqdim edənə qədər Azərbaycanın statusunun dayandırılması davam edəcək

”.

OGP qeyd edib ki, meyar və standartlarına əməl olunduqdan sonra Azərbaycanın aktiv statusu qaytarılacaq.

Media Hüquq İnstitutunun direktoru Rəşid Hacılı Meydan TV-yə deyib ki, hakimiyyət OGP-da iştiraka Azərbaycan dövlətinin maraqları baxımından yox, hakim qrupun maraqları baxımından yanaşır:

“Əlbəttə, hakim qrup bu hörmətli qrupda olmaq istərdi. Mövcud total korrupsiya, bərbad idarəetmə müəllifləri şəffaflıq klubunda poz verməklə müsbət imic qazanmaq istər. Amma bu imic ölkə içində və xaricində insan haqlarının pozulmasına, korrupsiyaya qarşı, mübarizə aparan QHT-lərin fəaliyyətinə qanunsuz maneələrin qarşısının alınması hesabına etmək istəmir. Hökumət əksinə QHT, media qanunvericiliyini, informasiya əldə etmək qanununu mürtəceləşdirir. Hüquq müdafiəçilərinin, jurnalistlərin ölkədən çıxışını qadağan edir. OGP-ni ümumi xarakterli, praktik mənası sıfıra yaxın olan yalançı islahatlarla ələ almaq istəyir”.

Rəşid Hacılı foto sosial şəbəkə
Rəşid Hacılı foto sosial şəbəkə

R.Hacılı deyir ki, niyyəti normaldırsa, hökumət ilk növbədə darmadağın etdiyi, hesablarına həbs qoyduğu təşkilatların işini bərpa etsin. Qrant almaq imkanlarına maneəni aradan qaldırsın. Saxta ittihamlarla həbsə atdığı Anar Məmmədliyə, İntiqam Əliyevə, Rəsul Cəfərova bəraət versin:

“Üstəlik, hökumətin və hökumət korporasiyalarının şəffaflığını, hesabatlılığını artıran qanunlar qəbul etsin. SOCAR, “Azərenerji”, “Azərsu”, “Azərmeliorasiya” və s kimi nəhəng pul sümürücülərinin idarəetməsini və şəffaflığını təmin etsin. O halda OGP -in təməl prinsiplərinə hörmət etdiyini göstərmiş olacaq”.

2016-cı il mayın 4-də Açıq Hökumət Tərəfdaşlığı Rəhbər Komitəsinin iclasında Azərbaycan qurumun tamhüquqlu iştirakçısı statusundan “təşəbbüsün qeyri-aktiv üzvü” statusuna, yəni müşahidəşi ölkə statusuna endirilib.

Ana səhifəXəbərlərAçıq Hökumət Azərbaycanı qeyri-aktiv statusda saxlayıb