Açıq havada siqaret çəkənlər cərimələnəcək?

İqtisadçı deyir ki, iyunun sonuna kimi fiziki şəxslərin cəriməsi 100-200 manat olub.

Foto: Meydan TV


DİN əvvəlcə cərimələnəcək dedi, sonra tövsiyə xarakterli çağırış olduğunu bildirdi

“Açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər cərimələnəcək”.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov

deyib

.

O bildirib ki, açıq havada maska taxmaq vacibdir.

DİN sözçüsünün fikrincə, bu, Nazirlər Kabinetinin qərarında da qeyd olunub: “Xəstəxanalarda koronavirus xəstələrinin sayı artır. Hər kəs zəhmət çəkib, maskadan istifadə etsin. Artıq açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər 100 manat məbləğində cərimələnir”, – deyə Ehsan Zahidov bildirib.


“Bu, sadəcə, tövsiyə xarakterli xəbərdarlıqlardır”

DİN Mətbuat xidmətinin ikinci yaydığı açıqlamada isə bildirilir ki, bu qadağa insanların sıx toplaşdığı yerlərdə, bankomat önündə, növbə sıralarında keçərlidir.

Parklarda, insanların sıx toplaşmadığı yerlərdə siqaret çəkmək, su içmək, qida qəbul etmək olar: “Tövsiyə olunur ki, siqaret daha çox siqaret çəkmək üçün müəyyənləşdirilmiş yerlərdə çəkilsin. Küçədə, insanlardan kənarda siqaret çəkənlər cərimə olunmur. Əvvəl yayılan məlumatlar koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün tövsiyə xarakterli xəbərdarlıqlardır".


Epidemiya dövründə nə qədər insan cərimələnib?

İqtisadçı Toğrul Maşallı deyir ki, Azərbaycanda 15 yaşdan yuxarı olan əhalinin ən azı 33,1 faizinin siqaret çəkən olduğunu nəzərə alsaq, bu günlərdə cərimələnmək ehtimalı artır.


DİN isə bu barədə detallı məlumat vermir

“Amma Dövlət Statistika Komitəsi yol polisinin fəaliyyətinə dair hər 3 aydan bir hesabat verir. Rəsmi məlumata görə, bu ilin əvvəlindən oktyabrın 1-dək 2846,5 min yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xəta qeydə alınıb. Onun 4,1 faizi və ya 116 707-si “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” ilə bağlıdır”, – o bildirib.


Nə qədər vəsait yığılıb?

İqtisadçı deyir ki, iyunun sonuna kimi fiziki şəxslərin cəriməsi 100-200 manat olub. Sonradan məbləğ 200-400 manata kimi qaldırılıb: “Təəssüf buna dair dəqiq məlumat verilmir. Amma biz bilirik ki, yanvarın 1-dən iyulun 1-nə kimi 76 719 cərimə yazılıb. İyulun 1-dən sonra isə 39 988 cərimə qeydiyyata alınıb. Əgər minimal olaraq hesablasaq, Dövlət Yol Polisi bu dövrdə yalnız “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” görə ən azı 15 699,5 min manat cərimə yazıb. Bu da ümumi cərimələrin 16,8 faizidir”.


“3 ay ərzində yol polisi 40,6 milyonluq cərimə yazıb”

Toğrul Maşallı deyir ki, deməli, iyul-sentyabr ayları ərzində yol polisi 40,6 milyonluq cərimə yazıb: “Müqayisə üçün deyim ki, bu məbləğ mart-iyun aylarında 27,2 milyon manat olub”.

Noyabrın 21-dən Azərbaycanda açıq havada maska taxmaq məcburidir. Buna əməl etməyənlər 100 manat məbləğində cərimə olunacaqlar.

Qanunvericiliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Azərbaycanda indiyədək ümumilikdə 89 898 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 62243 nəfər müalicə olunaraq sağalıb, 1107 nəfər vəfat edib.

Ən son açıqlanan məlumata görə, aktiv xəstə sayı 26548 nəfərdir. Rəsmi açıqlamalara görə, Azərbaycanda evdə müalicə alan koronavirus xəstələri də var.

Azərbaycanda bu virusa ilk yoluxma halının fevralın 28-də aşkarlandığı açıqlanıb.

İndiyədək gündəlik ölüm sayının 28 nəfərdən çox olduğu açıqlanmamışdı.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 300 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Ana səhifəSosialAçıq havada siqaret çəkənlər cərimələnəcək?