Açıq havada kitabxana

İyulun 15-dən  Bakıda “Açıq kitabxana” işləyir. Hər gün ortalama 100 nəfər gəlib açıq havada kitab oxuyur. Kitabxananın əməkdaşı Pərvin Ələkbərova deyir ki, “Açıq kitabxana” ideyası Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovdan gəlib. Mədəniyyət və Turizm Nazirliyi də bunu gerçəkləşdirib.

Kitabxanaya əsasən tələbələr gəlir. Onlar buradan ya kitab götürürlər, ya da özləri ilə gətirdikləri dərslikləri oxuyurlar.

Təklif olunan kitabların sayı 2000-ə yaxındır. Kitabxana həftənin tək günləri səhər 9-dan 5-ə qədər, cüt günləri 12-dən 8-ə kimi işləyir. Oxucular deyir ki, bu müddətdə kitabxana rəhbərliyi onların rahat kitab oxuması üçün bəzi işləri görməlidir. “Məsələn tualet yoxdur. İçəridə var, amma onu da istifadə etmək qadağandır. Yemək-içmək də satmırlar, bunun üçün gərək kənara çıxasan. Bəzən bura sadəcə danışmaq üçün gələnlər olur. Onlar mənim başımı çox “şişirdirlər”. Ona görə də qulaqcıq taxıb musiqi dinləyirəm ki, səslərini eşitməyim”- oxucu Ulaş Türker deyir.

Oxucu Sədi Fətəlizadənin ürəyindən çay içmək keçir :  “Yaxşı olardı ki, kitabxananın yanında çayxana ya bufet açılaydı. Elə gözəl olardı… Biri var mən bu istidə gedib soyuq su alım… amma yaşlı adamam istəyərəm çay içəm. Burada çay versəydilər, məmnuniyyətlə alıb içərdim”.

Pərvin Ələkbərova deyir ki, “Açıq Kitabxana” sentyabrın axırına qədər işləyəcək. Rəhbərlik havalar soyuyanda kitabxananı bağlamağı düşünür. Kitabxana bir də növbəti ilin mayın əvvəlində açılacaq.

Ana səhifəVideoAçıq havada kitabxana