Açılışını İlham Əliyevin etdiyi körpüdə işçi əlillik qazanıb

Açılışını İlham Əliyevin etdiyi körpüdə işçi əlillik qazanıb

2017-ci ildə ölkə başçısı İlham Əliyevin açılış lentini kəsdiyi Pirallahı körpüsündə Sahib Zeynalov əlillik dərəcəsi alıb. Körpünün tikintisində elektrik qaynaqçı olaraq çalışan Zeynalov 2015-ci ildə iş zamanı aldığı xəsarətlərdən ikinci qrup əlil olub.

Körpünü tikən “EVRASCON” Açıq Səhmdar Cəmiyyəti 2017-ci ilin mayında Sahib Zeynalova maddi yardım təklifi edərək şikayətini geri götürməsi üçün dilə tutub. Görüş Pirallahı rayon İcra Hakimiyyətində keçirilib.

Pirallah rayon Məhkəməsi hadisədə briqada rəhbəri Əşrəf Ağayevi təqsirkar bilərək ona iki il həbs cəzası verib. Bu ilin fevralında Yasamal rayon Məhkəməsi qərar çıxarıb ki, Sahib Zeynalovun sağlamlığının pozulması nəticəsində itirilmiş qazancın əvəzi olaraq şirkət ona 2017-ci ilin avqustdan hesablanmaqla hər ay 688 manat ödəməlidir. Şirkət bu qərarla razılaşmayıb, apellyasiya şikayəti verib. Məhkəmə işə iyunun 9-da baxacaq.

Zərərçəkən ümid edir ki, Apellyasiya Məhkəməsi Yasamal rayon məhkəməsinin qərarını qüvvədə saxlayar. Ona aylıq 688 manat ödənər.

Azərbaycanda 2019-cu ilin birinci rübündə istehsalatla əlaqəli 42 hadisə baş verib. Bu hadisələr nəticəsində 8 nəfər həyatını itirib, 34 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Ölkə başçısı İlham Əliyev 2010-cu ildə “Evrascon” şirkətinin direktorlar Şurasının sədri Əfəndi İsmiyevi tikinti kompleksinin inkişafındakı xidmətlərə görə “Əməkdar Mühəndis” fəxri adına layiq görüb.

Ana səhifəVideoAçılışını İlham Əliyevin etdiyi körpüdə işçi əlillik qazanıb