Acgöz Madam Bovarilər…

Xanımları daha cazibədar göstərən kitab

Source:

Bu günlərdə qız dostuma oxumağa ən sevdiyim klassik əsərlərdən birini, Qustav Floberin “Madam Bovari” romanını vermişdim. Qız kitaba elə aludə olmuşdu ki, axırıncı dəfə bizə gələndə bir az söhbət edəndən sonra ağlının “Madam Bovari”nin yanında olduğunu söylədi. Dedim, get, gətir bir az oxu. Sözlərimi eşidən kimi, elə bil gözlərinə işıq gəldi. Cəld gedib, o biri otaqdan kitabı gətirdi və acgözlüklə mütaliəyə girişdi. İlahi, kitabın vərəqlərinə zillənən o baxışları bir görəydiniz. Həmin baxışlarda qayğı, narahatçılıq və nəsə sehrli bir şey vardı. Bəzən həmin baxışlardan heç nə anlamaq olmurdu. İfadəsiz nəzərlər vərəqlərin üzərində gəzişirdi. Onu izləmək necə də gözəl idi…

Diqqət yetirmişəm, xanımlar kitab oxuyan zaman çox gözəl görünürlər. Bilmirəm, kitabların əsrarəngiz təsir gücündədir ya nədəndir. Həmişə kitab oxuyan xanımlar mütaliə prosesi vaxtı gözümə olduqca cazibədar görünürlər. Onda da, həmin gözəl qız dostum oxuduqca lap gözəl görünürdü. Həmin vaxt notebookum dizlərim üstə idi və o düşünürdü ki, mən internetdə hansısa xəbərləri oxuyuram. Halbuki, mən oğrun-oğrun onun oxumasına baxırdım.

Onun mənimlə söhbəti atıb, kitaba elə ehtirasla yanaşması heç xətrimə dəymədi. Əksinə, çox xoşuma gəldi. Ümumiyyətlə, kitab oxuma faizi çox aşağı olan ölkədə kiminsə əlində kitab görmək mənə xoşbəxtlik kimi görünür. Qəlbim fərəhlənir. Heç şübhəsiz, buna görə evimizdəki kiçik kitabxanam yerləşən ərazidə olanda müsbət aura əldə edirəm. Ora mənim üçün müqəddəs məbəd təsiri bağışlayır. Hətta yataq otağımın yanındakı böyük pəncərənin aşağı taxta haşiyəsinin üstünə bir neçə kitab qoymuşam. Yuxudan oyanarkən, gecə yatarkən də onları görür və sevinirəm.

Keçən dəfə evimizdən bir neçə günlük başqa yerə getməyi planlaşdırırdım. Evdən çıxanda valideynlərimə tapşırdım ki, kitablarımdan muğayat olsunlar. Kiyevdən evimizə dönəndə, xalam soruşdu ki, darıxmısan eviniz üçün? Cavab verdim ki, ancaq kitabxanam üçün darıxmışam. Ürəkdən arzu edirəm ki, ölkəmizdə kitaba maraq daha da artsın. Kitab inkişafdır, kitab həyatı daha gözəl görməkdir.

Bir az qız dostumun oxuduğu “Madam Bovari” barəsində yazım. Deməli, məşhur fransız yazıçısı Qustav Floberin (1821-1880) dünya ədəbiyyatının şah əsərlərindən sayılan və bütöv adı “Madam Bovari, əyalət adətləri” olan qalmaqallı “Madam Bovari” romanı realizmin ilk və mühüm nümunələrindən biri hesab olunur. Yazıçı romanı 1851-ci ildə yazmağa başlamış və onu yalnız beş ildən sonra, 1856-cı ildə sona çatdırmışdır. Əsər həmin il cəmi iki ay ərzində qısa felyetonlar şəklində “Revü de Pari” (Revue de Paris) ədəbi qəzetində çap olunmuş və sonradan qəzetin redaktoru və yazıçı əsərdə əxlaq qaydalarının təhqir olunması iddiası ilə məhkəməyə cəlb olunmuşdular. Hakimin ittiham nitqinə baxmayaraq, “əsərdəki obrazların təsvirində vulqar, hətta ədəbsiz realizm”ə görə günahlandırılan Flober bəraət qazana bildi.

Əsər 1857-ci ildə ilk dəfə kitab halında nəşr olundu.

XIX əsrdə Fransada realizm məyusluğun övladı kimi dünyaya gəlmişdi. O dövrün insanları qardaşlıq və azadlıq xülyalarını artıq itirmişdilər. Romantizm öz yerini daha səmimi və daha gerçək olan realizmə verməyə hazırlaşırdı və “Madam Bovari” əsəri bu keçid dövründə atılan mühüm addımlardan birinə çevrildi.

Sonralar romanın baş qəhrəmanı Emma Bovarinin hər şeydən narazı xasiyyətinin nəticəsi kimi məmnuniyyətsizliyi, reallıqla fantaziya arasındakı sərhədi təyin etmək bacarıqsızlığını bildirən “bovarizm” termini meydana gəldi. Floberin fikrincə, “bovarizm” romantik ideyaların gerçəkliyin xırda hadisələri ilə görüşündən törəmişdir.

Bir nəfəsə oxunan və çox zövqümcə olan əsərlərdən saydığım romanın baş qəhrəmanı Madam Bovari kimi,  bir neçə şəxsən tanıdığım xanım var. Ailə həyatı qurandan sonra (Bovari kimi öz istəkləri ilə) başlayırlar  başgicəlləndirən, şəhvani əyləncələri yad kişilərdə axtarmağa. Onlar həqiqətən nə istədiklərini bilmirlər. Hətta həyat yoldaşları xanımları ilə çox mülayim və anlayışlı davrandıqları halda belə, bu durum yaranır. Evlilikdən qabaq sanırlar ki, yoldaşlarına aşiqlər, lakin daha sonra başqa eşqlər axtararılar. Obrazlı düşünsək, bir növ xəyanətə ac olurlar. Elə tiplər adətən yaşayışlarından narazı olar və tez-tez heç nədən depressiyaya düşərlər. Qənaət bilməz, israfçılıqları ilə evlərini müflis edərlər.

Sevdiyim aktrisa Mia Wasikowskanın baş rolda oynadığı romanla eyni adı daşıyan filmi izləməyi də hər kəsə tövsiyə edirəm. Bütün xanımlara şiddətli məsləhətim – həmin romanı mütləq oxuyun!


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəAcgöz Madam Bovarilər…