”Ac və qəzəbli insanların qarşısında qalacaqsız” (VİDEO)

İl başa çatır, amma problemlər, çətinliklər bitmir, daha da ağırlaşır və dərinləşir. Siyasətin də, iqtisadiyyatın da, iqtidarın da, müxalifətin də 20 ildən artıq davam edən problemlərini növbəti ilə aparırıq. AXCP sədri Əli Kərimliylə söhbətimizdə ilin yekunlarını müzakirə etdik.

– Əli bəy, prezident İlham Əliyev yanvarın 10-da 2015-ci ilin “sınaq ili” olduğunu söyləmişdi. Bu mənada hakimiyyətin sınaqdan çıxdığını düşünmək olarmı?

– Dövlət başçısı başqa fikirlər də səsləndirmişdi. Bildirirdi ki, neftin qiymətinin düşməsini azərbaycanlılar hiss etməyəcək, hətta xarici sahibkarları da pullarını manatla saxlamağa çağırırdı. Dövlət başçısının nə optimist gözləntiləri özünü doğrultdu, nə də Azərbaycan hökuməti bu ilin ağır sınaqlarından çıxa bildi. Təsadüfi deyil ki, dünyanın ən nüfuzlu iqtisadi araşdırmalarını aparan “Bloomberq” Agentliyi Azərbaycan manatını 2015-ci ildə ən aşağı səviyyəli, ən çox qiymətdən düşmüş valyuta elan etdi.

– Hətta onlar bədbəxt valyuta adlandırdılar…

– Bəli. Həqiqətən bədbəxt valyutadır ki, 1 ilin ərzində iki dəfə təxminən 100 faiz qiymətdən düşdü. O baxımdan Azərbaycan hökuməti 2015-ci ilin sosial-iqtisadi sınağından 2 qiyməti aldı, bunu çox aydın şəkildə deyə bilərik.

– Siz, özünüzün də dediyiniz kimi, sülalə hakimiyyətinə sosial-iqtisadi baxımdan təkliflər verirsiniz. Ancaq hökumət bu təkliflərinizi eşitmir, olmazdımı ki, bu təklifləri xalqa verib, xalqla işləyəsiz?

– Mən onsuz da təklifləri onlara xəlvət göndərmirəm. Təkliflər mətbuat vasitəsilə ünvanlanır və daha çox da əslində xalqa ünvanlanır. Niyə görə birbaşa xalqa ünvanlanmır, çünki xalqın antiböhran təkliflərini reallaşdırmağa imkanı yoxdur. Ona görə xalq qarşısında səsləndirirəm ki, xalq başına gələn çətinliklərin qəzavü-qədər, tale və bədbəxt hadisə olmadığını bilsin. Bu, birbaşa Azərbaycan hökumətinin yarıtmazlığının nəticəsidir. Bu baxımdan təklifləri xalqın qarşısında elan edirəm, xalq da bunların real təkliflər olduğunu görür. Azərbaycan hökumətində siyasi istək və iradə olmalıdır, amma o da yoxdur. Hökumətə də təkliflərimizi veririk ki, bizim yalnız tənqid etmədiyimizi görsün. Həm də xalq qarşısında edirik ki, xalq da çıxış yollarının və bunu bilən müxalifət liderlərinin də olduğuna əmin olsun. Sadəcə, hökumət qabiliyyətsiz, aciz, korrupsioner olduğundan və öz şəxsi marağını xalqın marağından üstün tutduğuna görə təklifləri yerinə yetirmir.

– Siz  inanırsızmı ki, xalq bunlardan xəbərdardır?

– Hamısı yox. Çünki efir imkanımız məhduddur. Əli Kərimli və başqa müxalifət liderləri də ölkədəki televiziyalara buraxılmır. Yalnız internet televiziyaları, “Azadlıq” qəzeti, “Azərbaycan saatı” və sosial şəbəkələr vasitəsilə, arabir sizin televizyanızın imkanlarından istifadə edərək, mesajlarımızı çatdırırıq. Mənim hesablamalarıma görə, mesajlarımız hardasa 1 milyon insana çatır. Amma biz 9-10 milyon insana mesajlarımızı çatdıra bilmirik. Əslində, hakimiyyətin mətbuatı çərçivədə saxlamasının və azad mətbuatı boğmasının da motivi budur. İstəmirlər ki, onları ifşa edən həqiqətlər 9-10 milyonun hamısına çatsın.

– Bu məsələnin üzərində ona görə dayanıram ki, manatın devalvasiya olmadığı illərdə Quba və İsmayıllı hadisələri oldu. O zaman ortalıqda müxalifət olmadığından idarəolunmaz durum yarandı. Bu baxımdan qarşıdakı aylarda oxşar vəziyyət yaransa, müxalifət ağır yükün altına girə biləcəkmi?

– Əvvəla, xatırlatdığınız hadisələr spontan olmuşdusa, müxalifət orda necə görünə bilər?! Biz hadisələrin daha böyük fəsadlara gətirib çıxartmaması və hökumətin repressiyalara əl atmaması  üçün çalışdıq. Biz biganə qalmamışdıq. Əgər söhbət qiymətlərin artmasından gedirsə, 2013-cü ildə yanacağın qiyməti artdı, dekabr ayı olmasına baxmayaraq, mitinq keçirdik. Ancaq çox təəssüf ki, yanacağın qiymətinin artmasından əziyyət çəkən yüzminlərlə insan bizə ekranlardan baxdılar. Biz həmin aksiyaları öz daxili gücümüzlə keçirdik. Sonra ilin əvvəlində birinci devalvasiya oldu, dərhal “Talana son!” şüarı ilə mitinq elan etdik, aksiyalar martda, apreldə və mayda keçirildi. Açıq dedik ki, bu başlanğıcdır, prosesi dayandıra bilməsək, vəziyyət getdikcə, çətinləşəcək, manat yenə devalvasiyaya uğrayacaq, banklar çökəcək. Yenə minlərlə insanı topladıq, amma bunlar AXCP-nin üzvləri, Milli Şuranın təəssübkeşləri və fəal vətəndaşlar oldu.

– Deməli, son 22 ildə sosial baza dəyişmir …

– Çox təəssüf ki, qorxu mühiti dərinə işlədiyindən devalvasiyadan daha çox əziyyət çəkən insanlar talelərinə sahib çıxmaq qərarı verməyiblər. Hökumət də bundan sui-istufadə edir.

– O zaman “hakimiyyətin alternativi yoxdur” fikri qalib gəlmirmi?

– Yox, bunun o məsələyə nə aidiyyatı var? Alternativ nə etsin? Altenativ 100 siyasi məhbusu, televiziyaları üznüə qapanmış ola-ola, ofisi olmaya-olmaya  minlərlə insanı meydanlara çıxardır. Belə şəraitdə bunu başqa kim edə bilir? Biz bunu edirik. Ancaq insanların içində qorxu olduğundan meydanlara 10 və ya yüzminlərlə insan axışmır. İndi sosial şəbəkələrdən hiss edirəm ki, mitinq tələbi daha çoxdur.

– Həmin tələblərə gedəcəksinizmi?

– Əlbəttə, mitinqlər olacaq. Sadəcə, əmin olmaq istəyirik. Bax, müraciət edənlər və bizi qınayanlara demək istəyirik ki, bizi qınamaqla məsələ həll olunmur. Bir daha deyirəm, təzyiq etmək lazım deyil, biz  mitinqə hazırıq. Yalnız 4 dəfə qiymət artımı və devalvasiya ilə bağlı mitinq etmişik. Niyə də daha sonra aksiyalar keçirməyək? Edəcəyik. Ancaq meydanlarda yenə özümüzün qalmayacağına əmin olmaq istəyirik. Bax, sosial şəbəkələrdə etiraz edənlərə rəğbətlə yanaşıram. O adamlar digər biganə vətəndaşlarımız arasında təbliğat işini qurmalıdırlar. Bizi inandırmaq lazım deyil, biz bu həqiqətlərə çoxdan inanmışıq. Bu dəfə meydanlara çıxanda yalnız cəbhəçilərin və fəal insanların ümidinə qalmayacağımıza əmin olanda və sosial-iqtisadi baxımdan sadə insanlar da prosesə qoşulanda, mitinq qərarını verəcəyik.

– Azərbaycanda  Tunisdə və Misirdə olduğu kimi əhali küçələrə çıxsa, Əli Kərimli lider və partiya rəhbəri kimi prosesin önünə düşə biləcəkmi, bu yükü daşıya biləcəkmi? Özünüzdə o əzmkarlığı görürsüzmü?

– Sual çox aktualdır. Açığı, AXCP-nin strukturunu ona görə qoruyub saxlamışıq ki, yaman gündə, millətimiz xaosa gedəndə sabitləşdirici bir güc olsun. Hökumət şüurlu şəkildə bütün strukturları dağıdır. Belə bir vəziyyətdə yeganə AXCP özünün strukturunu qoruyub saxlayır, çətin gündə xaosun qarşısını almaq üçün. Amma vəziyyət o qədər çətinləşə bilər ki, AXCP-nin meydanlara çıxacaq on minlərlə üzvü xaosun qarşısını almağa kifayət etməz. Çünki yüz minlərlə acıqlanmış insan meydanlara çıxar və bir xaos başlanar. Ona görə hökumətə israrla deyirik: insanları bu qədər sınağa çəkmə, heysiyyatına toxunma. İkinci, strukturlaşmış müxalifəti əzmə, onsuz da hökumətin taleyini strukturlaşmış müxalifət yox, xalq həll edəcək. Amma strukturlaşmış müxalifət xalqın önündə olanda, keçid yumşaq olur, bir də var müxalifət də  yüzminlərlə insanın izdihamına nizam verməyi bacarmasın. Nizam vermək deyəndə, gedişat hüquqi çərçivəni keçməsin, zorakılıq olmasın, dinc olsun. Bizim də gücümüz çatmasa, nə edəcəklər? Görmürlər, gözü çıxan qardaşlarının taleyini? Görmürlər ki, qəzəblənmiş xalqın qarşısında heç bir qüvvə dayana bilmir?

– Əli bəy, məsələni başqa cür qoyaq, 2005-ci ildə Özbəkistanda Əndican hadisələri baş verdi, bu yaxınlarda Nardaran olayları. Vətəndaşla bərabər polis də öldü. Müxalifət nə düşünür, oxşar hadisələr baş versə, buna hazırsızmı?

– Əslində, Azərbaycanda Əndicandakı kimi hadisələr real deyil. Nardaranda baş verən bir hadisə idi, polis əməliyyatı keçirildi. Məqsəd dindarların gözünü qorxutmaq idi, xalq ayaqlanması yox idi.

– Ancaq narazılıq hər gün artır…

– Bu, başqa söhbətdir. Mən xalq ayaqlanmasından danışıram, günün birində insanlar evində namaz qılarkən əməliyyat keçitdilər. Əndicanda tamam başqa məsələ idi, insanlar silahlanmışdı. Hər kəs bilməlidir ki, biz Azərbaycanda silahlı qarşıdurmaya gücümüzün çatdığı qədər imkan verməyəcəyik. Əgər nə zamansa ölkədə silahlı qarşıdurma olacaqsa, biz siyasi qüvvə kimi yoxuq. Azərbaycana qıymaq olmaz, heç olmasa olanları saxlamaq lazımdır. Bizim bütün amalımız və məqsədimiz odur ki, ölkədə dəyişikliklərin önü dinc yolla açılsın. Hələlik özümüzdə bu gücü hiss edirik.

– Bəs hakimiyyətdə dinc yol davranışını görürsünüzmü?

– Hələ ki, görünmür. Xüsusən Əfv fərmanında İlham Əliyevin ortaya qoyduğu mövqe ondan ibarət idi ki, hər hansı yumşaq keçidi yaxın buraxmırlar. Dünyada bir çox avtoritar rejim başçılarl əvvəl sərt olublar, dialoq imkanlarından imtina ediblər, müxalifətə qarşı sərt repressiyalara əl atıblar. Amma görəndə ki, başqa çarə yoxdur, məcbur olub demokratik seçkiyə də gediblər. Bu yaxınlarda iki ölkədə demokratik keçid haqqında analiz yazdım, Venesuala və Myanmada, ikisində də sərt avtoritar rejim vardı.

– Myanma bu prosesi uzun müddətə keçdi…

– Hətta Azərbaycanda olduğundan daha qanlı bir xunta idi. Orda rejimə generallar rəhbərlik edirdi, bizimkilər heç olmasa imitasiya edirlər. Hətta həmin xunta rejimi də geri çəkildi. Gördülər ki, iqtisadi baxımdan düzəliş edə bilmirlər, demokratik seçkiyə getməyə məcbur oldular. İndi İlham Əliyev bizi eşitmir. Cəmiyyətdən gələn yumşaq keçid təklifini qəbul etmir, bu, əbədi olaraq belə olacağı anlamına gəlməməlidir. Görəndə ki, divarın sonuna çatıb, artıq davam etmək imkanı yoxdur, o zaman addım atmağa məcbur olacaq. Onsuz da bu keçid olacaq, sərt, qarşıdurma formasında, yaxud Avropanın meyarlarına uyğun daha yumşaq formada. Mən hələ də ümidimi itirməmişəm ki, Əliyev xalq təzyiqini meydanlarda görsə, güzəştə gedəcək.

– Ancaq həm sosial şəbəkələrdə, hakimiyyətyönlü mediada o fikirlər də səslənir ki, hakimiyyətin maliyyə imkanları prosesi inersiya ilə aparacaq. Necə ki, neçə illərdir bu imkanlarla müxalifətin bir hissəsini və mətbuatı ələ alıb…

– Hanı o maliyyə imkanları? Manatı saxlasınlar da. Bir il əvvəl Əli Həsənov demirdi ki, manat dövlətin dəyəri və simvoludur, o qiymətdən düşürsə, dövlət də qiymətdən düşür? Niyə dövlətin qiymətdən düşməsinə imkan verirlər? Bugünlərdə bankları, valyutadəyişmə məntəqələrini bağlayıblar. Nə qədər bağlı saxlayacaqlar, bu dərəcədə primitiv düşüncə olarmı? Bəlkə bazar iqtisadiyyatından imtina etsinlər? Açıq de ki, idarə edə bilmirəm. Bu, nə deməkdir, bankları bağla, valyuta satmırıq, oturmuşuq. Nə qədər oturacaqlar?!

– İdarəetmədən söz düşmüşkən, dərin böhran yaranır, oliqarxiyada yerində, xalq da heç kimə inanmır, birdən boşluq yarandı, belə bir vəziyyətdə məsuliyyəti üzərinizə götürüb ölkəni idarə edə bilərsinizmi?

– Bəli. Mən bunu tam təsəvvür edirəm.

– Komandanız necə, varmı?

– Komandamın özəyi var. Amma bizim komandamız yalnız AXCP və Milli Şuradan ibarət olmayacaq. Bu saat cəmiyyətdə, QHT-lərdə, xaricdə oxuyanlara, sosial şəbəkələrdə fəal olan insanlara komandamızın üzvü kimi baxıram. Söhbət iş bacaran, yüksək təhsili, vətəndaş mövqeyi olan insanlardan gedir ki, hamısına bu komandada işləmək təklif olunacaq. Ona görə ölkədə olan problemlərin həlli yollarını tam təsəvvür edirəm və hökumətə antiböhran planı təklif etdik.

– Bəlkə xalqa təklif  edəsiniz…

– Xalqdan gizlin deyil, siz nədənsə mövzunu qarışdırırsınız.

– Mən demək istəyirəm ki, xalqla işləmək fikriniz varmı?

– Əlbəttə. Mənim Facebook səhifəmdən tədbirlər planı yayılıb, 100 mindən artıq insan ordan oxuyub. “Azadlıq” qəzetində, “Azərbaycan saatı”nda olacaq. Sabah həmin tədbirlər planını AXCP və Milli Şura yerinə yetirə bilər, mən bunu vurğulamaq istəyirəm. Əgər xalq bizə etimad göstərsə, elə bir məsuliyyət bizim çiynimizə düşsə, onsuz da nəyi necə etməyi bilirik.

–  Neftin qiyməti düşür, manat hər gün dəyərini itirir, belə bir məqamda birinci addımınız nə olacaq?

– Bunu çox dəqiq bilirik. Birinci addım kimi ilk gündən korrupsiya, rüşvətxorluq, monopoliya dövlət səviyyəsində dayanacaq. Bəlkə sahə müvəkkili səviyyəsinə prosesi ilk günlər apara bilməyəcəyik. Amma idxal və ixraca nəzarət edən oliqarxlar nizama dəvət olunacaq, bir günün içində monopoliyadan imtina edəcəklər.

– Əgər imtina etməsələr, necə olacaq?

– Cəzalanacaqlar. Dövlətin hakimiyyəti həm də qanunun aliliyi üzərində dayanmalıdır. Kimə ixtiyar verilib ki, ölkənin iqtisadiyyatını 5-6 klanın əlində saxlayasan? Onminlərlə sahibkarın önü açılmalı, ölkəyə mallar gətirilməli, ucuzluq yaradılmalı və insanlara aşağı faizli kreditlər verilməlidir. Ölkənin qapıları xarici investisiyalara açılmalıdır. Niyə Azərbaycanda xarici banklar olmasın və insanlar da yerli bankların inhisarında qalsın? O cümlədən, kənd təsərrüfatında ciddi planlarımız olacaq.

– Yəqin ki, Ankara-Moskva münasibətləri baxımından şimal ölkənin təhlükələrini də göz altına alırsız?

– Hamısını nəzərə alırıq. Hesab edirik ki, indiki dünyanın siyasi konyukturası imkan verir, ağıllı, ölçülü siyasət aparmaqla qonşularımızla da münasibətləri çox gərginləşdirməyə qoymayaq. Üstəlik, özümüzün daha təhlükəsiz siyasi coğrafiyaya inteqrasiya olunmağımızı təmin edə bilərik. Bu gün Türkiyə Rusiya ilə qarşıdurma yaşayır və hamı Ankaranın nə qədər özünü inamlı hiss etdiyini anlayır. Çünki Türkiyə NATO-nun üzvüdür. Nədənsə Azərbaycanda müəyyən dairələr Qərblə inteqrasiyaya ölkəmizə zidd bir şey kimi baxırlar. Qərblə inteqrasiya hansı ölkənin müstəqilliyini əlindən alıb? Türkiyənin müstəqilliyi əlindən alınıb? Bizə Türkiyə qədər müstəqillik bəs etmir? Deməli, biz də özümüzü rahat hiss etmək üçün həmin təhlükəsizlik sisteminə daxil olmalıyıq. Sürətlə islahatlar aparılmalıdır. Avropa Azərbaycana Ukrayna və Gürcüstana olduğunu kimi dərin inteqrasiya sazişi təklif edir. Bu, o deməkdir ki, vizanı götürür, mallar, xidmətlər, işçi qüvvəsi sərbəst hərəkət edir. Olmazmı, azərbaycanlılar Avropada rahat təhsil alsınlar, səhiyyə xidmətindən istifadə etsinlər?

– Əgər müxalifətin daha geniş birlik ideyası dəfn olunubsa, Avropa bir müxalifət liderinin dediklərinə necə inana bilər?

– Avropanın o problemi yoxdur, siz ondan narahat olmayın. Bizim problemimiz odur ki, Azərbaycan vətəndaşlarının bizim arzuladığımız qədər fəallığı yoxdur. Avropada müxalifətin 2013-cü ildə birləşmiş qaydada prezident seçkilərində iştirak etdiyini və qələbə qazandığını yaxşı bilirləır. Bəs niyə 58 faiz saxtalaşdırmadan danışırlar? Həmin müxalifətin özəyi yerindədir. İndi siz nəyə görə müxalifətin satın alınmış, hökumətin ram etdiyi, yaxud faktiki fəaliyyət göstərməyənləri hesaba salıb “müxalifət dağınıqdır” tezisini yenidən gündəmə gətirirsiniz?

– Siz Müsavat Partiyasını satın alınmış hesab edirsiniz?

– Mən ayrı-ayrı qüvvələrə qiymət vermək istəmirəm. Amma kimlərin ciddi müxalifətçilik edə bilməsi ortadır.

– Gəlin, konkretləşdirək, Müsavat Partiyasını o sıraya daxil etmək olarmı?

– Mənim qətiyyən hökumətlə mübarizədən başqa ikinci, üçüncü, hətta xırda cəbhələr açmağa həvəsim yoxdur.

– Cəbhə açmayaq və sualı belə qoyaq;  sabah ağır situasiya yaransa, AXCP ilə Müsavat bir araya gələcəkmi?

– Əgər Azərbaycan xalqının və dövlətinin taleyi tələb edəcəksə ki, bütün proqressiv qüvvələr bir yerdə olmağa məcburdur və olacaq da. Ölkədə nələr dəyişib, amma siz yenidən 5-10 il əvvəlin söhbətin edirsiniz.

– Yəni onlar keçmişdə qaldı?

– O söhbətlər hər halda köhnəlib. Bu gün ölkənin taleyi bu iki partiyanın münasibətindən asılı deyil. İndiki ağır gündə avanqard qüvvə var, bu qədər repressiya şəraitinə baxmayaraq izdihamlı qüvvə Milli Şura və AXCP-dir. Digərləri də bu prosesə qoşula bilər, heç kim üçün qadağa yoxdur. İnsanları çaşdırmayaq, adamlar düşünməsin ki, ölkədə davam edən zülmün səbəbi bu iki partiyanın münasibətidir. Millət zəhmət olmasa, marketlərə kütləvi şəkildə getdiyi kimi razılaşdırılmış aksiyalara da gəlsin. Biz onminlərlə insanın iştirakıyla hökumətin qarşısına tələblər qoysaq, o zaman ölkədə dəyişikliklərin başladığını görəcəksiniz.

– Mən ona görə bu məsələnin üzərində dayanıram kİ, Müsavat başqanı Arif Hacılı deyir ki, o, dəfələrlə Əli Kərimliyə və Cəmil Həsənliyə əməkdaşlıq müraciəti etsə də, reaksiya yoxdur. Niyə yoxdur?

– Biz onları Milli Şuradan çıxartmışıq? Milli Şuradan niyə çıxdılar? Bu sualı siz verməliydiniz ki, böyük birliyin içində ola-ola niyə çıxdınız?

– Nəhayət, yekuna gələk. Əfv fərmanı verildi, amma bir siyasi mıəhbusun adı belə siyahıda yox idi. Hakimiyyəti müdafiə edənlər, hətta keçmiş partiyadaşınız Əliməmməd Nuriyev dedi ki, Qərb çox hay-küy saldığından, İlham Əliyev bir nəfər siyasi məhbusu da əfv etmədi. Doğrudanmı, belədir?

– Çox primitiv yanaşmadır və öz aləmlərində Əliyevə imic yaratdıqlarını düşünürlər. Amma bu, ayı xidmətidir və Əliyevi çox pis təqdim edirlər. Bir dövlət başçısı ölkəsini acıqla, kinlə, qəzəblə idarə edər? Bir dövlət başçısı xalqına münasibətini hansısa xarici konqresmenin fikirlərinə görə qurar? Ölkənin dövlət başıçısı kimi üzərinə məsuliyyət götürüb ölkəni idarə etməlisən. Vaxtı çatıbsa, amnistiya da, əfv də olmalıdır, islahat da. Bunlar İlham Əliyevi necə təqdim edirlər? Deməli, xarici siyasətçilər çox rahatlıqla dövlət başçısını idarə etsinlər də. Dövlət başçısını acığa salsınlar ki, dolları 5 manata qaldır. Onu da edəcək? Nə deməkdir bu? Xaricdən gələn sözlərlə ölkə idarə olunar? Çox yanlış yanaşmadır. İlham Əliyev və komandası fərqində olmalıdır ki,  kin-küdurətlə, qəzəb hissiylə, insanlara divan tutmaqla bu yolun heç bir sonu yoxdur. Tam əmin edirəm! Lap müxalifətçiləri də həbs etdiniz, qalanlarını da tutdunuz, bu, sizə və hakimiyyətə əbədilik gətirməyəcək. Ac və qəzəbli insanların qarşısında qalacaqsınız.

– Sizi də sabah həbs edə bilərlər?

– Hər zaman mən buna hazıram. Hökumət də bunu hesablayır ki, Əli Kərimli çöldə, yoxsa içəridə daha təhlükəlidir?

– Hesabın nəticəsi varmı?

– Yəqin bugünə qədər var. Düşünürlər ki, həbs edərik, gedib Nobel mükafatı alar, lap biabırçlıq olar.

Ana səhifəVideo”Ac və qəzəbli insanların qarşısında qalacaqsız” (VİDEO)