Ülvi Həsənli burada saxlanılacaqları təqdirdə, etiraz olaraq aclıq aksiyasına başlayacağını bildirib
“AbzasMedia”çılar Umbakı həbsxanasına köçürülmələrinə etiraz edirlər.
“AbzasMedia işi” üzrə həbsdə olan Ülvi Həsənli, Məhəmməd Kekalov, Hafiz Babalı və Fərid Mehralızadə iyunun 26-da Bakı İstintaq Təcridxanasından Umbakı həbsxanasına köçürülüblər.
Bu barədə onların yaxınları məlumat veriblər.
Ülvi Həsənlinin yaxınları bildirib ki, Umbakı həbsxanasında Bakı İstintaq Təcridxanasındakı kimi canlı görüşlərə icazə verilmir və yalnız şüşə arxasından görüşmək mümkündür.
Ülvi Həsənli yaxınlarına burada saxlanılacaqları təqdirdə, etiraz olaraq aclıq aksiyasına başlayacağını bildirib.
Vəkil Zibeydə Sadıqova köçürülmənin qanunsuz olduğunu bildirib:
“İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistlərə hökm oxuyan hakim Rasim Sadıxov da iş üzrə təqsirli bilinən şəxslərin hökm qanuni qüvvəyə minənə qədər Bakı İstintaq Təcridxanasında saxlanılacaqlarını bildirib”.
“AbzasMedia”nın məlumatına görə, 15 il azadlıqdan məhrum edilən sülh fəalı Bəhruz Səmədov da Umbakı həbsxanasına köçürülənlər sırasındadır.
Penitensiar Xidmətdən məsələyə münasibət bildirməyib.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova, Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.
“AbzasMedia işi” üzrə həbslər 2023-cü ilin noyabrın 20-dən etibarən başlayıb. Azərbaycanda korrupsiya araşdırmaları aparan “AbzasMedia”nın 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs ediliblər.
2024-cü ilin mayında “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə də “AbzasMedia işi” çərçivəsində həbs edilib.
Elə həmin gün “AbzasMedia” bəyanat yayaraq Mehralızadə ilə əməkdaşlılıq əlaqəsinin olmadığını bildirib.
Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.