Bu gün, avqustun 12-də “AbsazMedia işi” üzrə Apellyasiya Məhkəməsində hazırlıq iclası keçirilib.
Prosesə hakim Zəfər Əhmədov sədrlik edib.
“AbsazMedia işi” ilə bağlı həbslər 2023-cü ilin noyabr ayında başlayıb. Noyabrın 20-də AbzasMedianın direktoru Ülvi Həsənli, ondan bir gün sonra - noyabrın 21-də isə baş redaktor Sevinc Vaqifqızı həbs olunub. Sonrakı aylarda iş üzrə daha 5 nəfər saxlanılıb.
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə AbzasMedianın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, Azadlıq Radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onlar qaçaqmalçılıq və digər cinayətlərdə təqsirli biliniblər.
Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.
Məhkəmədə vəkillər “AbsazMedia işi” üzrə həbs olunan Ülvi Həsənli, Hafiz Babalı, Məhəmməd Kekalov və Fərid Mehralızadənin hazırda olduqları Umbakı həbsxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə əlaqədar vəsatət qaldırıblar.
Hakim vəsatətləri təmin etməyib.
Vəkillər daha sonra kişi və qadın jurnalistlərin bərabər oturmasını və ya qadın jurnalistlərin vəkillərlə oturması ilə bağlı vəsatət verib. Müdafiə tərəfi bunu birinci instansiya məhkəməsində ittiham edilənlərin zalda vəkillərlə birlikdə oturdulması ilə əsaslandırıb. Lakin məhkəmə bu vəsatəti də təmin etməyib.
Məhkəmə iclasında Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova zalın uzaq küncündə, şüşə arxasında saxlanılıb. Proses zamanı mikrofonlar işləmədiyi üçün onlar vəkillərin çıxışlarını eşitmədiklərini bildirərək etiraz ediblər.
Jurnalistlər etiraz olaraq cavab tələb ediblər və şüşələri döyməyə başlayıblar.
“Bizi bura niyə gətirmisiniz? Özünüz üçün tamaşa qurmusunuz, şou göstərirsiniz. Biz heç bir şey eşitmirik. Hakimi eşitmək üçün qulaq falına çıxmışıq məhkəmədə”, – onlar belə deyiblər.
İclas zamanı etiraz edən Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımovanın “qarışıqlıq” yaratdığını deyən hakim onların zaldan çıxarılmasını tələb edib. Bu zaman Vaqifqızı hakimə: “Siz bizə heç nə edə bilməzsiniz. Dediyinizin heç bir hökmü yoxdur. Siz İlham Əliyevin qulusunuz”, – deyə bildirib.
İttiham olunan bütün şəxslər proseslərin bu şəkildə davam edəcəyi halda iştirak etməyəcəklərini açıqlayıb. Qadın jurnalistlərin zaldan çıxarılması zamanı Penitensiar Xidmət əməkdaşları onlara zorakılıq göstərərək itələyiblər.
Növbəti məhkəmə avqustun 26-da keçiriləcək.