Sevinc Vaqifqızı “AbzasMedia”nın 29 gündür aclıq edən Tofiq Yaqubluya dəstək olduğunu bildirib
Aprelin 29-da “AbzasMedia işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən prosesində yenidən Ənvər Cəfərov şahid qismində dindirilib. Onun sözlərinə görə, işdən nahar fasiləsinə çıxan zaman şahid qismində dindirmək üçün onu zorakılıqla saxlayıblar. Təxminən 13:10 radələrində saxlanılan Ənvər Cəfərov 5-6 saat sonra sərbəst buraxılıb. Maşında idarəyə aparılarkən ona zor tətbiq edilib və telefonunun şifrəsi öz iradəsi olmadan alınıb, həmçinin telefonuna qanunsuz şəkildə baxış keçirilib. O, iş materialları kimi təqdim olunan materialların telefonundan xəbərsiz götürüldüyünü bir daha vurğulayıb.
Daha sonra iş üzrə digər şahidlər dindirilib.
Şahid kimi dindirilən Şəmistan Həziyev bildirib ki, ona bu işlə bağlı şahid kimi cəlb edilməsi aydın deyil, çünki “AbzasMedia” ilə əməkdaşlıq etməyib.
Məhkəmə qərar verib ki, İsmayıl Tağıyev və Ayşən Muradovanın şahid kimi dindirilməsi təmin olunsun.
Məhkəmədə jurnalistlərin vəkilləri ev dustaqlığına buraxılmaları ilə bağlı vəsatət qaldırıblar.
Hafiz Babalı və Fərid Mehralızadənin vəkilləri vəsatətlərini bununla əsaslandırıblar ki, artıq şahidlərin də dindirilməsi mərhələsi yekunlaşıb. Ancaq keçirilən ibtidai və məhkəmə istintaqında bu iki şəxsə qarşı heç bir sübut ortaya qoyulmayıb, onların bu işlə əlaqələri sübuta yetirilməyib. Ona görə də Hafiz Babalı və Fərid Mehralızadənin həbsdə saxlanılması üçün heç bir əsas yoxdur.
Dövlət ittihamçısı Rauf Malışov buna etiraz edib və bildirib ki, hələ sənədlərin tədqiqi mərhələsi var, ona görə də onların həbsdə saxlanılması üçün prosessual zərurət var.
Müdafiə tərəfi isə prokurora etiraz edib və bütün sənədlərin artıq məhkəmədə olduğunu, sözügedən şəxslərin o sənədlərə heç bir təsir imkanının olmadığını deyib.
Fərid Mehralızadə bildirib ki, ev dustaqlığına buraxılması ilə bağlı Xətai Rayon Məhkəməsinə 8 dəfə vəsatət verib, 8 dəfə isə Apellyasiya məhkəməsinə qərardan şikayət edib. Lakin heç bir məhkəmədə vəsatətlərinin təmin olunmaması ilə bağlı müstəntiqlər hüquqi əsaslandırma gətirə bilməyiblər.
Dövlət ittihamçısı Rauf Malışov vəsatətin təmin olunmaması ilə bağlı ittiham tərəfinin əsaslandırmasını oxuyarkən “jurnalistlər bu işdə təqsirli bilinirlər” ifadəsini işlədib. Fərid Mehralızadə isə buna etiraz edərək bildirib ki, “bizi kim təqsirli bilib? Biz hələ təqsirləndirilən şəxslərik”.
Məhkəmə vəsatətləri təmin etməyib. Hafiz Babalı və Fərid Mehralızadənin həbs qətimkan tədbiri olduğu kimi saxlanılıb.
Daha sonra iş üzrə təqsirləndirilən jurnalist Sevinc Vaqifqızı söz alaraq 29 gündür aclıq edən Tofiq Yaqubluya dəstək olduqlarını deyib. Jurnalist bildirib ki, Tofiq Yaqublu elə məhz bu məhkəmə zalında 9 il azadlıqdan məhrum edilib.
“Tofiq Yaqublu elə məhz bu məhkəmədə 9 il azadlıqdan məhrum edilib. Tofiq Yaqublu qanunsuz həbsinə etiraz olaraq aclıq edir. O, bu gün ölümlə üz-üzədir. Hökumət onu öldürməyə çalışır. Biz “AbzasMedia” olaraq onun azad edilməsini tələb edirik. İlk növbədə Tofiq Yaqublu azadlığa çıxmalıdır. Azadlıq həm Tofiq Yaqublunun, həm də bütün siyasi məhbusların haqqıdır”.
Fərid Mehralızadə ötən prosesdə dövlət ittihamçısı Rauf Malışovun onu təhqir etdiyini deyərək, dövlət ittihamçısının tənbeh edilməsini, yaxud sözünü geri almasını istəyib. Onun sözlərinə görə, peşə etikasına riayət etməyən dövlət ittihamçısı onları həbs etdirənlərin simasıdır.
“Bu cür ifadələrdən istifadə etmək buna dəlalət edir ki, ittiham tərəfi hüquqi müstəvidə mənə uduzub. Buradan meydan oxuyuram, mən cinayət törətməmişəm, sübut edə bilməyəcəklər. Ölkədə məhkəmələrin nüfuzu məlumdur, bu cür qeyri-peşəkar davranış isə məhkəmə sisteminin nüfuzunu daha da aşağı salır”.
Hakim Rasim Sadıxov bildirib ki, ötən prosesdə o hər iki tərəfə xəbərdarlıq edib və vəsatəti təmin etməyib.
Növbəti məhkəmə mayın 6-da baş tutacaq.