Hakim Rasim Sadıxov jurnalistləri narazı salan məsələlərlə bağlı şəxsən araşdırma apardığını deyib
“AbzasMedia” nəşri ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlər onlara qarşı pis rəftara etiraz olaraq, yenə də öz məhkəmələrində iştirakdan imtina ediblər. Fevralın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində onların işi üzrə məhkəmə iclası təyin olunsa da, bu iş üzrə 7 nəfər jurnalistdən üçü – Hafiz Babalı, Fərid Mehralızadə və Məhəmməd Kekalov iştirak edib. Qalan 4 nəfər nəfər – “AbzasMedia” nəşrinin təsisçisi və direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova isə məhkəməyə gəlməkdən imtina edib.
Vəkillərin Meydan TV-yə bildirdiyinə görə, məhkəmə prosesinə sədrlik edən hakim Rasim Sadıxov jurnalistləri narazı salan məsələlərlə bağlı şəxsən araşdırma apardığını deyib:
“Jurnalistlərin narazı olduğu məsələlərdən biri bu idi ki, onları Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirəndən sonra zirzəmidə soyuq, natəmiz şəraitdə saxlayırlar. Hakim bildirdi ki, ötən məhkəmə iclasından sonra şəxsən özü zirzəmiyə düşüb, şəraitlə maraqlanıb. Jurnalistləri narahat edən məsələlərdən biri də onlara qarşı ayrı-seçkilik, məhkəməyə gətiriləndə, hətta proses başlayana qədər belə, ayrı-ayrılıqda saxlanmaları, bir-birindən gizlədilmələridir. Hakim dedi ki, problemin həlli üçün konsensus lazımdır”.
Jurnalistlər iştirak etmədiyinə görə məhkəmə prosesi martın 4-nə qədər təxirə salınıb.
Fevralın 11-də keçirilən məhkəmə iclasında Fərid Mehralızadə bildirmişdi ki, onlara qarşı ayrı-seçkiliyə son qoyulmasını tələb edirlər. Jurnalistin sözlərinə görə, “AbzasMedia” işi üzrə təqsirləndirilən şəxsləri nəinki bir-birindən, hətta həbsdə olan digər jurnalistlərdən – “Meydan TV” və “Toplum TV” əməkdaşlarından da gizlədirlər. Penitensiar Xidmətin işçiləri çalışır ki, onlar bir-biri ilə qarşılaşmasın.
Fərid Mehralızadə məhkəmədə danışıb ki, əgər onu vəkillə və ya ailə üzvlərilə görüşə aparırlarsa, həmin vaxt dəhlizdə həbsdəki jurnalistlərdən kimisə gətirirlərsə, mütləq onu gizlədirlər ki, qarşılaşmasınlar. Bundan başqa, istintaq başa çatmasına baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinə onları bir-birindən ayrı gətirirlər. Orada bir-birindən ayrı saxlayırlar.
“AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. Əvvəl nəşrin təsisçisi və direktoru Ülvi Həsənli və koordinatoru Məhəmməd Kekalov, daha sonra baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.
Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova, Fərid Mehralızadə ilə davam edib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. İstintaqın sonunda ittiham ağırlaşdırılıb. Jurnalistlərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, vergidən yayınma və s. ilə bağlı əlavə ittihamlar verilib. Jurnalistlərə ittiham verilən maddələrin sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
2023-cü il noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.
Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.
Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.
Hökumət təmsilçiləri isə həbs olunanların konkret faktlar əsasında cəzalandırıldıqlarını bildirirlər.