Bu, artıq üçüncü iclasdır ki, jurnalistlər iştirakdan imtina etdiyinə görə təxirə salınır
“AbzasMedia” işi üzrə həbsdə olan jurnalistlər istintaq təcridxanasında, eləcə də məhkəməyə gətirilərkən, onlara qarşı yaşananların araşdırılmamasına etiraz olaraq, martın 4-nə təyin olunan məhkəmə prosesində də iştirakdan imtina ediblər.
Nəşrin təsisçisi və icraçı direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), jurnalistlər Elnarə Qasımlı və Nərgiz Absalamova məhkəmə iclasına gəlməyiblər.
Bu üzdən, “AbzasMedia” işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclası baş tutmayıb.
Onlar etiraz olaraq bundan əvvəkli iki məhkəmə prosesinə də qatılmayıblar. Bu, artıq üçüncü iclasdır ki, jurnalistlər iştirakdan imtina etdiyinə görə təxirə salınır.
Müdafiə tərəfinin sözlərinə görə, bunun səbəbi jurnalistlərin saxlandıqları 1 saylı Bakı İstintaq Təcridxanasında üzləşdikləri fiziki zorakılıq və qeyri-insani rəftarla bağlı şikayətlərinin məhkəmə tərəfindən araşdırılmamasıdır.
Onlar yaydıqları bəyanatda bildiriblər ki, məhkəmə onlara qarşı zorakılıq və pis rəftarla bağlı səmərəli araşdırma aparmayıb, qanunsuz hərəkətlərə yol verən şəxslər indiyədək cəzalandırılmayıb:
“Bu da onu göstərir ki, bizə qarşı zorakılıqlar özfəaliyyət deyil, siyasi sifarişdir. Biz heç bir halda qanunsuzluqlara göz yummayacağıq”.
“AbzasMedia” işi üzrə təqsirləndirilən jurnalistlər Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclaslara gətirilərkən, saatlarla zirzəmidə – soyuq və natəmiz şəraitdə saxlandıqlarını iddia edirlər.
Məhkəmə prosesinə sədrlik edən hakim Rasim Sadıxov jurnalistlərin narazılığından sonra dustaqların saxlandığı yeri görməkdən ötrü sözügedən otağa baş çəkdiyini deyib: “Şəxsən özüm gedib baxdım, vəziyyətlə tanış oldum. Deyildiyi kimi natəmiz şərait deyildi”.
Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalistlərə qarşı pis rəftarla bağlı deyilənləri təkzib edib.
“AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. Əvvəl nəşrin təsisçisi və direktoru Ülvi Həsənli və koordinatoru Məhəmməd Kekalov, daha sonra baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.
Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova, Fərid Mehralızadə ilə davam edib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. İstintaqın sonunda ittiham ağırlaşdırılıb. Jurnalistlərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, vergidən yayınma və s. ilə bağlı əlavə ittihamlar verilib. Jurnalistlərə ittiham verilən maddələrin sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
2023-cü il noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.
Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.
Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.
Hökumət təmsilçiləri isə həbs olunanların konkret faktlar əsasında cəzalandırıldıqlarını bildirirlər.